Azərbaycanın qədim yurd yerlərinin bərpasında dost ölkələr yaxından iştirak edir
Siyasət

Azərbaycanın qədim yurd yerlərinin bərpasında dost ölkələr yaxından iştirak edir

İkinci Qarabağ müharibəsi bitdikdən sonra qalib Azərbaycan Ermənistanın 30 il ərzində dağıtdığı, yer üzündən sildiyi şəhər və kəndləri yenidən qurmaq üçün bərpa-quruculuq işlərinə başladı. Artıq iki ilə yaxındır ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlər görülür, Qarabağın bərpası istiqamətində mühüm əhəmiyyətli layihələr reallaşdırılır.2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev üç ay ərzində bütün sahələrdə görülmüş işləri təhlil edərək əldə olunan nəticələrdən və ilin sonuna qədər qarşıda duran həlli vacib olan məsələlərdən bəhs etmişdir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə də nəzər yetirən ölkə başçısı demişdir: "Onu da bildirməliyəm ki, biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm".

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün işğaldan azad olunan bütün yurd yerlərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. 44 günlük Vətən müharibəsindən sonra minlərlə kvadratkilometrdən çox ərazidə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sahələri ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin bir qisminin doğma torpaqlarına qaytarılması və burada insanların normal həyatının təmin edilməsi bunun əyani sübutudur.

Sözün əsl mənasında, böyük güc, böyük potensial, maliyyə və vaxt tələb edən bərpa-quruculuq işlərinin sürətlə davam etməsi öz doğma torpaqlarından zor gücünə çıxarılan soydaşlarımızın tezliklə yurd yerlərinə qayıtmasını reallaşdırır.

Vətən müharibəsində Azərbaycanın yanında olan, onun haqlı mövqeyini dəstəkləyən dost ölkələr postmüharibə dövründə Qarabağın yenidən qurulması prosesində də yaxından iştirak edirlər. Türkiyə ilə yanaşı, İngiltərə, İtaliya, Yunanıstan, Macarıstan və s. ölkələr əmin-amanlıq, sülh tərəfdarı olan ölkəmizin qurub-yaratmaq missiyasına qoşulub.

Vətən müharibəsində Azərbaycana qardaş dəstəyi göstərən Türkiyə Respublikası müharibədən sonra da Qarabağın dirçəldilməsi, əvvəlki görkəminin özünə qaytarılması işinə mühüm töhfə verir. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturu layihələrinin icrasında, işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcər rayonunda dağ-mədən fəaliyyətinin başlanmasında qardaş ölkənin şirkətləri yaxından iştirak edir. Qeyd edək ki, Türkiyə şirkətləri yalnız podratçı deyil, həm də investor kimi də fəaliyyət göstərirlər.

İtaliya ilə Azərbaycan arasında yüksək səviyyədə dostluq, əməkdaşlıq əlaqələri mövcuddur. İşğaldan azad olunan əraziləri başdan-başa yenidən qurub-yaradan Azərbaycanın qardaş Türkiyədən sonra ikinci kontraktı İtaliya ilə bağlaması bunun bariz nümunəsidir. Belə ki, İtaliyanın "Ansaldo Energia" şirkəti ilə "Azərenerji" ASC arasında qarşılıqlı əməkdaşlıq sahəsində imzalanan təchizat müqaviləsinə əsasən işğaldan azad olunmuş ərazilərdə - Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirir. Energetika infrastrukturunun bərpası ilə yanaşı, İtaliya şirkətləri şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin icrasında da yaxından iştirak edir. Həmçinin, bu ərazilərdə Memorial və Zəfər muzeylərinin tikintisi, Şuşada yeni məscidin inşası da İtaliya şirkətlərinə həvalə olunub.

Böyük enerji şirkətlərindən olan BP də Qarabağda həyata keçirilən quruculuq işlərində fəallıq göstərir. Belə ki, ötən il iyunun 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən BP şirkəti tərəfindən Zəngilan-Cəbrayıl bölgəsində 240 MVt gücündə günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur.

Yunanıstan da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq işlərində iştirak etməkdə maraqlıdır. Belə ki, Yunanıstanın iri şirkəti turizm, tikinti, energetika, İKT, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil və s. sahələrdə fəaliyyət göstərmək üçün ölkəmizə müraciət etmişdir.

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verən ölkələrdən biri də Macarıstan Respublikasıdır. Ötən il macar şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı məsələsi dövlətlər səviyyəsində müzakirə edilmişdir. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan tərəfin bu təklifi yüksək qiymətləndirdiyini və Macarıstanın "EximBank"ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit ayırdığını da bildirmişdir. P.Siyarto Macarıstanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işinə 25 min avro qrant təklif etdiyini də demişdir.

Sentyabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə də görüşmüşdür. Onlar görüş zamanı ölkə başçımıza avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar etmiş, bəzi şirkətlərin nümayəndələri isə artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirmişlər. Ölkələrimiz arasında iqtisadi və ticari əlaqələrin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edən görüşdə dövlət rəhbəri İlham Əliyev dost Bolqarıstanın şirkətlərini işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində iştirak etməyə dəvət etmişdir.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Dağıdıcı, mənfur xislətli, vəhşi qəbilənin viran qoyduğu şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz yenidən qurulur. Azərbaycana öz ərazilərini, qədim yurd yerlərini qurub-yaratmaqda isə ona dost ölkələr yaxından köməklik göstərirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".