Azərbaycanın  Milli  Qəhrəmanı   Akif  Əkbərov anıldı   
Sosial həyat

Azərbaycanın  Milli  Qəhrəmanı   Akif  Əkbərov anıldı   

Vətənin, millətin  yolunda  canlarını  fəda  edənlər  heç  vaxt  unudulmur,  hər  zaman  hörmətlə,  qürurla  yad  edilib  anılırlar. Belə  oğullarımızdan  biri  də  12-avqust  1991-ci  il tarixdə qəhrəmancasına  şəhid  olan  Azərbaycanın  Milli  Qəhrəmanı   Əkbərov  Akif  Abbas  oğludur. 

 Beyləqan   Rayon  Mədəniyyət  Mərkəzində  rayon  icra  hakimiyyətinin  başçısı  Asif  Ağayevin, hüquq-mühafizə  orqanlarının  rəhbərlərinin, şəhid  ailələri, ,qazilər, sakinlər  və  şəhidin  doğmalarının  iştirakı  ilə  Milli Qəhrəman  Əkbərov Akif  Abbas  oğlunun  xatirəsinə  həsr  olunmuş  tədbir  keçirildi. Mərasim  iştirakçıları Milli  Qəhrəmanın  büstünün önünə  gül  dəstələri  düzdülər,   əziz  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  edildi.  Beyləqan  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Asif  Ağayev   Milli  Qəhrəman  Akif  Əkbərovun    haqqında  danışaraq  onun  daim  qəlblərdə  yaşayan  ölməz  qəhrəmanlıq  nümunəsi  olduğunu  xüsusi  vurğuladı.    Akif  Əkbərov   1952-ci ildə  Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1974-cü ildə Beyləqan Rayon Daxili İşlər Şöbəsində polis nəfəri  kimi fəaliyyətinə başlayan  Akif Əkbərov Polis Şöbəsinin  dövlət  avtomobil  müfəttişliyi  bölməsində  yol-patrul  xidməti  müfəttişi  vəzifəsində işləməyə başlamışdı.  5 avqust 1991-ci il tarixdə Akif Əkbərov  və Beyləqan rayon Polis Şöbəsinin bir qrup digər əməkdaşı Kəlbəcər rayonunun “Sarıyer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Avqustun 12-si ermənilər Cermuq şəhəri  tərəfdən “Sarıyer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girir və əsl şücaət göstərirlər.  Akif və döyüş yoldaşlarının qətiyyətli mübarizəsi qarşısında ermənilər aciz qalmışdı. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir və düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Uzun müddət davam edən şiddətli döyüşdə Akif qəhrəmancasına həlak olur. Beyləqan rayonunda dəfn olunan qəhrəmanımız ailəli idi, ondan Azərbaycan xalqına beş övladı yadigar qalıb.                       Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülmüşdür. Beyləqan şəhərində büstü qoyulub, küçələrdən biri onun adını daşıyır.  Tədbirdə  Rayon Polis Şöbəsinin rəisi, Milli Qəhrəmanımızın oğlu və yaxınları,  döyüş yoldaşları çıxış edərək, Milli Qəhrəmanın  şərəflə sürdüyü həyat və döyüş yolundan söz açmış, bir qarış Vətən torpağını belə düşmənə verməmək naminə yüksək hərbi bacarığı,  cəsurluğu və igidliyi sayəsində böyük nailiyyətlərlə başa vurduğu qeyri-bərabər savaşda canını fəda edərək şəhidlik zirvəsinə ucaldığını bildirdilər.

Xatirə tədbiri  Milli Qəhrəmanımıza həsr olunmuş şeir və kompozisiyalarla davam etdirildi.

Ərəstun  ABDULOV,

“Respublika”.