Azərbaycanın Milli Qəhrəmanı
Sosial həyat

Azərbaycanın Milli Qəhrəmanı

Mətləb Kamran oğlu Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Mətləb Quliyev ibtidai təhsilini Beyləqan rayonunda 3 saylı pambıqçılıq savxozundakı orta məktəbdə alıb. Uşaq vaxtı ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. O,  təhsilini səkkizinci sinfə qədər Sumqayıt şəhərindəki 13 saylı orta məktəbdə davam etdirib.

Hərbçi olmaq həvəsi gənc Mətləbi C.Naxçıvanski adına hərbi məktəbə gətirdi. Burada oxuyarkən  hərb elminin sirlərinə yiyələnməklə, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı. Mətləb Quliyev hərbi məktəbi müvəffəqiyyətlə bitirib, əvvəlcə Giləzi Quşçuluq fabrikində, sonra isə Ceyranbatan Avtomobil Nəqliyyatı Trestində çilingər işlədi. Az keçmədi ki, ordu sıralarına çağırıldı. Hərbi xidməti Ukrayna Respublikasında keçdi. Ordudan tərxis olunan il Azərbaycan Dövlət      Pedaqoji İnstitutuna daxil olub institutda “Təhsil əlaçısı” döş nişanı ilə təltif edildi. 1985-ci ildə leytenant rütbəsi ilə ali məktəbi bitirib Sumqayıt şəhəri 3 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başladı.
1992-ci ildə Quliyev Mətləb Kamran oğlu Daxili İşlər Orqanında işə düzəldi. Mətləb bir zabit kimi Daxili Qoşunlara qəbul edilən gənclərin təlim-tərbiyəsi ilə mükəmməl məşğul olurdu.  

1992-ci il avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətli yüksəkliklər ermənilərin əlində idi. Əsgərlərdə ruh yüksəkliyi yaratmaq lazım idi. Mətləb pulemyotu əlinə götürüb düşmənin üstünə şığıyır. Onlarla erməni yaraqlısı yerə sərilir. Erməni quldurları onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək hər tərəfdən hücuma keçirlər. Yanındakı kapitan yoldaşı həlak olur. Mətləb isə dolu darağı pulemyota qoşur və yenidən düşmənə atəş açmağa başlayır. Ağır gedən bu döyüşlərdə özü də qəhrəmancasına həlak olur.

Mətləb ailəli idi, bir oğul, bir qız yadigar qalıb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Sumqayıt şəhər 3 saylı orta məktəbi Cəbrayılın qəhrəman oğlu Mətləb Quliyevin adını daşıyır, məktəbin qarşısında onun büstü qoyulub. Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq inşa edilib.

                                  Tofiq HÜSEYN,

                                 “Respublika”.