“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 562) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:

“Maddə 3-1. Şuşa şəhərinin adından istifadə edilməsi

3-1.1. Bu Qanunun 3-1.2-ci maddəsində nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.

3-1.2. Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:

3-1.2.1. hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;

3-1.2.2. mükafatların və təltiflərin adlarında;

3-1.2.3. yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;

3-1.2.4. kommersiya və reklam məqsədilə;

3-1.2.5. əmtəə nişanlarında və coğrafi göstəricilərdə.”.

2. 7.5-ci maddənin birinci cümləsindən “arxeoloji” sözü çıxarılsın.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 may 2022-ci il