Azərbaycanın mədəniyyət paytaxtı, qürurlu, möhtəşəm Şuşa
Siyasət

Azərbaycanın mədəniyyət paytaxtı, qürurlu, möhtəşəm Şuşa

Müzəffər xalq kimi gəlmişik, burada əbədi yaşayacağıq

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri birinci xanım Mehriban Əliyeva ilə avqustun 30-da mədəniyyət beşiyi Şuşaya səfərinin leytmotivi oldu.  İlk səfəri çərçivəsində Şuşanın bərpası ilə bağlı bütün lazımi göstərişlərin verildiyini xatırladan ölkə başçısı bildirdi ki, yanvar ayından bu günə artıq çox böyük işlər görülüb. Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər. Şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışsalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb. Şuşanın bərpasına yanvarın 14-dən başlanıldı, qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi, Zəfər yolu. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi təmin olundu. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi.

Azərbaycan Prezidenti hələ 2010-cu il noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci il yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi ədaləti bərpa edir. Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb. Güllələnmiş büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev bildirmişdir ki, dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli-mədəni intibahımızın rəmzi olacaq. Heydər Əliyev Fondu tərəfindən bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq.

1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev də orada idi. 39 il sonra o, yenidən Şuşaya qayıtdı. Bu, ulu öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə yetirdiyini, siyasi irsə sahib çıxdığını göstərir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Vaqifin məqbərəsinin açılış günü səfər etməklə yalnız mədəniyyətimizə deyil, siyasi ənənələrimizdə varislik, ardıcıllıq mesajı verildi. İlham Əliyev 8 noyabrda Şuşanı Azərbaycana qaytarmışdı, yanvarın 14-də isə Azərbaycanı Şuşaya qaytardı. Bu ildən Şuşada Vaqif Poeziya Günlərinin təntənə ilə keçirilməsinə başlanıldı. Möhtəşəm “Xarıbülbül” festivalı təşkil olundu. Cıdır düzündə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, beynəlxalq muğam festivalı,böyük tədbirlər keçiriləcək. Bunlar Qarabağın sahibinin kim olması mesajını da ehtiva edir. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! 39 ildən sonra Şuşaya düşmənin belini qıran müzəffər, qalib Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır.

Ölkə başçısı işğaldan azad edilən hər bir rayona, hər bir şəhərə getməklə “Qarabağ Azərbaycandır və nida” şüarını bir daha təsdiq etmiş, bir daha xatırlatmış olur. Azərbaycanın mədəniyyət paytaxtına edilən bu səfər bütün aspektlərdən son dərəcə əhəmiyyətlidir.

Vətən müharibəsində ölkə başçısı Müzəffər Ali Baş Komandan kimi ordunun rəhbərliyini həyata keçirməklə yanaşı, diplomatik və media müstəvisində də ciddi addımlar atdı, Ermənistanın cinayətkar, işğalçı mahiyyətini konkret faktlarla sübut etdi. Ölkə başçısı bu gün də eyni missiyanı həyata keçirməkdədir. Ali Baş Komandan işğaldan azad edilmiş şəhərlərimizə səfər əsnasında həm erməni vəhşiliyinə diqqət çəkir, həm görülən işlərə nəzarət edir, həm də görüləcək işlər haqqında məlumat verir. Prezident Şuşa səfərində də qeyd etdi ki, ermənilər işğalda saxladıqları müddət ərzində bu şəhərdə heç nə tikməyib, heç bir abadlıq, quruculuq işi aparmayıblar. Azərbaycan isə Şuşanı erməni işğalından azad edən kimi orada bərpa işlərinə, quruculuq işlərinə start verib. Bununla bütün dünyaya mesaj verir ki, Şuşa, o cümlədən işğaldan azad edilən digər ərazilər bizim üçün sadəcə torpaq deyil. Bura bizim üçün vətəndir, tarixi yurddur və biz öz yurdumuzu, öz vətənimizi dirçəltmək, abadlaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

Avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar. Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi. Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb. Yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Qarabağın sənət inciləri sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır. Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada “Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub. Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.

Digər şəhər və rayonlarda olduğu kimi, Qarabağda da Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyevin atdığı addımlar xalqımızın və dövlətimizin gələcəyinə hesablanmış siyasət idi. Ulu öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi onun bütün fəaliyyəti dövründə özünü göstərib. Bu gün isə, onun layiqli davamçısı, Vətən müharibəsinin Müzəffər və müdrik sərkərdəsi İlham Əliyev Azərbaycanın müasir tarixini qızıl hərflərlə yazmaqdadır. Şuşanın yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı təxminən 2 min adam nəzərdə tutulub, şəhərin baş planında göstərilib. Ümumi sahəsi 46.765 kvadratmetr olacaq məhəllələrdə 25 binanın olacağı planlaşdırılır. Birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya xas memarlıq üslubu ilə tikiləcəyi deyilir. Prezident cənab İlham Əliyevə şəhərin baş planı təqdim olunub, 1-ci məhəllənin təməlini qoyub. Baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri öz əksini tapıb. Şəhərdə 17,6 kilometr yeni yolun inşası nəzərdə tutulur. Məlumata görə, şəhərdə artıq 36,2 kilometrlik yol var. Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində təmir-bərpa və yenidənqurma işlərindən sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Üzeyir Hacıbəylinin heykəlinin və ev-muzeyinin, Bülbülün ev muzeyinin və 1980-ci ildə inşa edilmiş Qarabağ hotelinin açılış mərasimlərində iştirak ediblər. Bütövlükdə səfər tarixi hadisədir, dövlət başçısının çox önəmli nitqi ilə də yadda qaldı. “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

Mustafa KAMAL,

“Respublika”.