Azərbaycanın İslam həmrəyliyinə böyük töhfəsi
Siyasət

Azərbaycanın İslam həmrəyliyinə böyük töhfəsi

Dövlətimizin uğurlu xarici siyasəti bu sahədə əlaqələrin inkişafına təkan verəcək

"İlk növbədə, mən Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə dəvətə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bunu dostluq və qardaşlıq əlaməti hesab edirəm. Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 1-də Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında bildirib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısına evsahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvətilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Zirvə toplantısında regiondakı vəziyyət, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi, ərəb ölkələri arasında münasibətlərin gücləndirilməsi və bu sahədə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi inkişaf dinamikası var. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi qismində üzvüdür. Hazırda Azərbaycanın Liqaya daxil olan ölkələrlə münasibətlərinin yaxşı olması bu əlaqələrin qarşılıqlı dəstək və həmrəylik çərçivəsində yaxın gələcəkdə daha da inkişaf etməsinə təkan verəcəkdir.

Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edərək bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı dəhşətli müharibə aparıb, bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Bu gün biz bu faciəni anaraq belə hadisələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini və torpaqlarımızın otuz il Ermənistanın işğalı altında qaldığını toplantı iştirakçılarının diqqətinə çatdırdı. Onu da qeyd etdi ki, Azərbaycan bütün bu işğal illəri ərzində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etmişdir. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə bu həmrəyliyə kifayət qədər töhfə vermişdir. Ölkəmizdə təşkil edilən bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun lideri olmaqla bərabər, eyni zamanda artıq dünyada söz sahibi olan ölkələrdən biridir. Dünyanın mühüm təşkilatlarından biri Qoşulmama Hərəkatının sədri olması və üzərinə düşən missiyanı uğurla yerinə yetirməsi, beynəlxalq təşkilatlarda qətiyyətli mövqe göstərməsi nəticəsində böyük dövlətlər Azərbaycanla artıq daha sıx tərəfdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyası ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu. 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səy göstərdi.

Ümumiyyətlə, ekspertlər Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakının həm ərəb ölkələri ilə gələcək xarici iqtisadi və ticari münasibətlərin gücləndirilməsi, həm də mövcud potensialın artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edirlər. Təhlillərdə bildirilir ki, son on il ərzində Azərbaycanın ərəb ölkələri ilə siyasi-diplomatik münasibətlərinin daha da yaxşılaşması investisiya və ticarət əlaqələrinin artması ilə nəticələnib. Ərəb Liqasına daxil olan ölkələrin bir hissəsi iqtisadi cəhətdən yoxsul, digər bir hissəsi varlı ölkələrdir. Hər iki amil Azərbaycanın gələcək ticarət strategiyasının həyata keçirilməsində mühüm rol oynayacaqdır. Ölkəmizin bitki və heyvan mənşəli, hazır ərzaq məhsulları iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr üçün potensial bazardır. Zəngin neft-qaz resurslarına malik olan ərəb ölkələrinin bazarında ciddi rəqabətin olması şübhə doğurmur. Sözügedən ölkələrin ərzaq məhsullarına olan tələbini nəzərə alaraq, ərəb ölkələrinə ixracı diversifikasiya etmək mümkündür. Ötən dövr ərzində bir sıra ərəb ölkələrinə neft məhsullarının ixracı da mühüm hadisədir. Belə ki, xam neftin emal edilərək müxtəlif məhsullar şəklində ixracından gəlirlərin əldə edilməsi, habelə xam neftdən xammal kimi istifadə edərək kimya sənayesi məhsullarının ərəb dövlətləri bazarına ixracı gələcək xarici ticarət dövriyyəsinin artmasına müsbət təsir edəcək.

Hazırda Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə xarici ticarət dövriyyəsi 2022-ci ilin 8 aylıq göstəricilərinə əsasən 570,8 milyon ABŞ dolları təşkil edir. Qarşılıqlı, faydalı əməkdaşlıqdan danışan Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında daha sonra demişdir: "Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk".

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində ordumuzun düşmən üzərində tarixi qələbəsi, eyni zamanda, 30 il ərzində erməni işğalına məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi ölkəmizi İslam dünyasında aparıcı və lider dövlətlərdən birinə çevirmişdir. Bu baxımdan, dövlətimizin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın İslam və ərəb dünyası ilə münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Heç şübhəsiz ki, bu müdrik siyasət müxtəlif formatlarda dövlətimizin İslam və ərəb ölkələri ilə əlaqələrinin inkişafına təkan verəcəkdir.

Zümrüd QURBANQIZI,

"Respublika".