Azərbaycanın iqtisadiyyat naziri Gürcüstanın Baş naziri ilə görüşüb
İQTİSADİYYAT

Azərbaycanın iqtisadiyyat naziri Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 2-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Gürcüstan hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın müsbət dinamikası və ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Siyasi dialoqun daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı Gürcüstan ilə Azərbaycanın dünya və regional əhəmiyyətli müxtəlif iqtisadi, enerji və nəqliyyat layihələrini uğurla həyata keçirdiyi bildirilib, iki ölkə arasında mövcud potensialdan tam istifadə etmək məqsədilə gələcəkdə daha sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Hər iki ölkənin investisiya potensialı diqqət mərkəzində olub. Qeyd edilib ki, Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biri ölkənin tranzit funksiyasını gücləndirmək və regional logistika qovşağının formalaşdırılmasıdır.

Söhbət zamanı Bakı-Tbilisi-Qars yeni birləşdirici dəmir yolu xəttinin tikinti işlərinin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Baş nazir İrakli Qaribaşvili Azərbaycan nümayəndə heyətini bu ilin payızında Tbilisidə keçiriləcək "İpək Yolu Forumu"na dəvət edib.

Görüşdə Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Azərbaycan Tbilisidəki səfiri Faiq Quliyev və Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze iştirak ediblər.