Azərbaycanın inkişafında misilsiz xidmətlər
Siyasət

Azərbaycanın inkişafında misilsiz xidmətlər

Ulu öndər Heydər Əliyev hələ respublikamıza rəhbərliyinin birinci dönəmində minlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ən məşhur ali məktəblərinə oxumağa göndərmiş, onlar isə 4-5 ildən sonra yüksəkixtisaslı mütəxəssis kimi doğma Vətənimizdə işləməyə qayıtmışlar. Onlardan biri də Tərtərdən Ədalət Məmmədovdur və onun xatirələrini təqdim edirik.

Taleyinə iki dəfə ulu öndərlə görüşmək qismət olmuş Tərtər Statistika İdarəsinin rəisi Ədalət Məmmədovla maraqlı həmsöhbət olduq. Müsahibim bildirdi ki, Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasəti və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə ikinci dəfə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur.

Ulu öndərin gərgin əməyi nəticəsində Azərbaycan onun hakimiyyətinin birinci mərhələsində - 1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub. Bu, Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. Çünki 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən iqtisadi və sosial siyasətdə respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi.

1972-1988-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəyə lazım olan yüksəkixtisaslı mütəxəssis kadrlar yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni fakültələr açılır, hər il 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi. Mən də həmin gənclərdən biri olmuşam. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra eksperiment yolu ilə Xarkov Aviasiya İnstitutuna daxil olmuşam. O vaxt ümummilli liderimizlə bizim Lenin adına sarayda (indi Heydər Əliyev sarayı) görüşümüz olub. Görüşdə valideynlərimiz də iştirak edirdi. Əvvəlcə sarayın foyesində böyük ziyafət təşkil edilmişdi. Sonra isə təntənəli mərasim oldu. Ulu öndər bizi təbrik etdi, hamımıza qiymətli hədiyyələr verdi, avqust ayı üçün hər birimizə tələbə təqaüdü verdi və hər birimizin təyyarə ilə pulsuz təhsil alacağımız şəhərlərə çatdırılmasını təmin etdi. Getdiyimiz şəhərdə təyyarə limanında bizi qarşıladılar və təhsil alacağımız ali məktəblərə apardılar. Bizi müvəqqəti qeydiyyata alıb institutun tələbə yataqxanasında yerləşdirdilər.

Təhsil aldığımız illərdə də biz ulu öndərin diqqətindən kənarda qalmadıq. Xalqımızın xilaskarı Moskva şəhərində yaşayanda və SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda da bizə - azərbaycanlı tələbələrə diqqət və qayğısını əsirgəmirdi. Azərbaycanla bağlı bayramlarda ulu öndər azərbaycanlı tələbələrə bayram təbrikləri göndərirdi. Təhsil aldığımız ali məktəbin rəhbərləri azərbaycanlı tələbələri institutun iclas zalına yığır, bu teleqramları oxuyur və Heydər Əliyevin təbrikini bizə çatdırırdılar. Biz tələbələr bununla fəxr edirdik.

Bir azərbaycanlı tələbə yoldaşım vardı, maddi cəhətdən vəziyyəti yaxşı deyildi. O, Heydər Əliyevə ərizə yazaraq kömək istəmişdi. Həmin ərizəsini Təhsil Nazirliyinə göndərmişdilər. Azərbaycandan ona aylıq təqaüd təyin olunmuşdu, həmin təqaüdlə də o öz təhsilini başa vurdu.

Ümummilli liderimizlə ikinci görüşüm 1998-ci ildə Bakı şəhərində oldu. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən 70-80-ci illərdə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış tələbələri Respublika sarayına yenidən yığdı. Orada geniş toplantı keçirdi. Heydər Əliyev həmin toplantıda giriş nitqi söylədi. Dedi ki, mən sizi Azərbaycanın bu günü üçün yetişdirmişəm. Azərbaycan müstəqil dövlətdir. Siz də Azərbaycanın yüksəkixtisaslı kadrlarısınız. Sizinlə birlikdə işləyəcək, ölkəmizi inkişaf etmiş dövlətlər sırasına çıxaracağıq və bütün dünyaya tanıdacağıq. Sizlərdən hansınız hazırda işləmirsə, onları işlə təmin edəcəyik. Həmin görüşdə biz ölkə rəhbərinin diqqət və qayğısını bir daha yaxından hiss etdik.

Bu kadrlar peşəkar mütəxəssislər sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. Onlar sənaye, maliyyə-iqtisadi, ictimai-siyasi, elmi-tədqiqat bölmələrində qabaqcıl kadr kimi çalışmağa başladılar.

Onu da qeyd etmək istərdik ki, həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı. Nəzərə almaq lazımdır ki, ölkəmizin hüdudlarından kənarda diaspor hərəkatının yaranmasında həmin kadrların da xüsusi rolu olmuşdur.

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizdə ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı yerləşdiyi bölgədə və dünyada etibarlı tərəfdaşa və bir çox sahələrdə lider ölkəyə çevirib. Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, nüfuzlu tədbirlərə evsahibliyi edir, inkişafın bütün istiqamətləri üzrə öz milli modellərini ortaya qoyur. Bütün bunlara isə yalnız və yalnız ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam və inkişaf etdirilməsi nəticəsində nail olunub. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir".

Bu gün reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, XXI əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi XX əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır.

Dahi rəhbərin ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən yollardır. Heydər Əliyevin bütün həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunub. Nə qədər ki, qədirbilən Azərbaycan xalqı var, Heydər Əliyev də daim bizimlə birlikdə, sevilərək yaşayacaq, onun ideyaları isə doğma xalqımızı daha böyük inkişafa, yüksəlişə, qələbələrə qovuşduracaq.

Vəli VƏLİYEV,

"Respublika".