Azərbaycanın idman şöhrəti yüksəlir
İdman

Azərbaycanın idman şöhrəti yüksəlir

"İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə beynəlxalq idman oyunlarının, turnirlərin, müxtəlif yüksək səviyyəli yarışların keçirilməsi, bu sahəyə dövlət tərəfindən xüsusi qayğı göstərilməsi, ümumi tendensiya çərçivəsində inkişafının təmin edilməsi nəticəsində idman həm də cəmiyyətimizin həyat tərzinə çevrilmişdir. Bədən tərbiyəsi və idmanın inkişafına xüsusi həssaslıqla yanaşan ulu öndər Heydər Əliyev respublikamıza ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu sahəyə münasibət kökündən dəyişmiş, müstəqil Azərbaycanın olimpiya hərəkatına qoşulması geniş vüsət almışdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılmış, respublikanın bölgələrində olimpiya idman kompleksləri tikilib istifadəyə verilmiş, xüsusilə gənclər arasında idmanla məşğulluğun daha geniş yayılması üçün ölkəmizdə mötəbər beynəlxalq səviyyəli idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilmiş və bu yarışlarda Azərbaycan idmançıları müvəffəqiyyətlər qazanaraq böyük uğurlara imza atmışlar.

Ölkəmizin davamlı inkişaf strategiyasının əsasını təşkil edən gənclər siyasətində idman xüsusi yer tutur. İstər infrastrukturun yaradılması, istərsə də idman yarışlarının yüksək səviyyədə təşkili ölkəmizdə idmanın inkişafında və gənc idmançı nəslinin yetişməsində böyük rol oynayır. Bunun nəticəsidir ki, ötən illərlə müqayisədə beynəlxalq arenalarda keçirilən idman yarışlarında ölkəmizin qazandığı nailiyyətlər xeyli dərəcədə artmışdır. Belə ki, 2022-ci ildə idmançılarımız idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda ümumilikdə 800-dən çox medal qazanmışlar ki, bunlardan 300-ə yaxını qızıl medal olmuşdur. Belə yüksək nəticələrin əldə olunması sözsüz ki, ölkəmizdə idmanın kütləviliyinin təmin olunmasının göstəricisidir. O cümlədən bölgələrimizdə 50-yə yaxın Olimpiya İdman Kompleksinin yaradılması, paytaxt Bakının ən mötəbər idman yarışlarına evsahibliyi etməsi, ölkəmizdə həm dünya, həm Avropa çempionatlarının, Yay Olimpiya Oyunlarının keçirilməsinin nəzərdə tutulması bunu bir daha təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin əsasında geniş dünyagörüşlü, vətəninə, dövlətinə bağlı gənc nəslin yetişdirilməsi dayanır. Yüksək təhsilli, elmi biliklərə yiyələnmiş gənc kadrlarla bərabər, fiziki gücü, qabiliyyəti ilə fərqlənən gənclərimizin də beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil etmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. Bu səbəbdən də müstəqil dövlətimizin bu sahədə əldə etdiyi nailiyyətlər ilbəil artır. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edir, dövlət himnimizi səsləndirir, bayrağımızı dalğalandırırlar.

Ötən il də idmançılarımız dünya, Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil etmiş, böyük qələbələr qazanmışlar. 2022-ci ilin mart ayında Bolqarıstanda keçirilmiş 23 yaşadək güləşçilərin Avropa çempionatında idmançılarımız 7-si qızıl olmaqla 16 medal qazanmış, ardınca aprel ayında Budapeştdə keçirilmiş böyüklərin Avropa çempionatında güləşçilərimiz 3 qızıl, 6 gümüş və 7 bürünc, ümumilikdə 16 medal qazanaraq Azərbaycanın idman şöhrətini bir daha yüksəklərə qaldırmışlar. Avropada birincilik qazanan güləşçilərimizin uğurunu avqust ayında idmançılarımız Türkiyənin Konya şəhərində 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görülməklə davam etdirmişlər.

Dünya çempionatında dünya kubokunda da idmançılarımız uğurla iştirak etmişlər.

"Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır. Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcək", - deyən ölkə başçımız İlham Əliyevin idmana və idmançılarımıza göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür ki, Azərbaycan bu sahədə böyük qələbələrə imza atır, yetişən gənc idmançılar ölkəmizin idman şöhrətini gündən-günə daha da yüksəldirlər.

Vətənpərvərlik ruhunda tərbiyə alan, milli dəyərlərin önəm verildiyi mühitdə böyüyən hər bir gənc öz əməyi ilə ölkəsini qüdrətləndirir. Bu gün Azərbaycanın dünyada böyük nüfuz qazanmasında ölkə gənclərinin, o cümlədən idmançılarımızın böyük payı var. Dünyanın hər yerində ölkəmizi ləyaqətlə təmsil edən, üçrəngli bayrağımızı ən yüksək idman arenalarında dalğalandırıb, möhtəşəm himnimizi səsləndirən idmançılarımız ölkəmizin idman tarixini öz qələbələri ilə zənginləşdirirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".