Azərbaycanın ianə etdiyi 100 min doza “Sinovac
Digər xəbərlər

Azərbaycanın ianə etdiyi 100 min doza “Sinovac" peyvəndi Burkina-Fasoya çatdırılıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə dekabrın 6-da Azərbaycanın ianə etdiyi 100 min doza "Sinovac" peyvəndi Burkina-Fasoya çatdırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi məqsədilə cari ilin sentyabr ayında irəli sürülən təşəbbüs təşkilatın sədri qismində Azərbaycan tərəfindən tam dəstəklənib və Prezident İlham Əliyevin müvafiq göstərişi əsasında yardım məqsədilə 100 min doza peyvənd təşkilatın Türkiyədə keçirilən Sammitindən bir neçə gün öncə İstanbula çatdırılıb.

Təşəbbüsə dəstək olaraq, Azərbaycanla yanaşı, Türkiyə 200 min, Özbəkistan 100 min və Macarıstan 211 min 200 doza peyvənd ianə edib. Macarıstan tərəfindən Toqoya ianə edilən peyvəndlər də daxil olmaqla, ümumilikdə 611 min 200 doza peyvənd Türkiyə tərəfinin logistik dəstəyi ilə dünən qeyd olunan Afrika dövlətlərinə təhvil verilib.

Qlobal səviyyədə COVID-19 ilə mübarizədə Azərbaycanın fəal rolu və ehtiyacı olan ölkələrə dəstəyinin nümunəsi kimi dəyərləndirilən bu töhfə xalqımızın yardımsevərlik ənənələri əsasında Prezident İlham Əliyev tərəfindən atılan növbəti humanist addımdır.

AZƏRTAC