Azərbaycanın himayəsi ilə İstanbulda XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir
İQTİSADİYYAT

Azərbaycanın himayəsi ilə İstanbulda XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir

Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən İstanbulda XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. “Bəşəriyyət daha yaxşısına layiqdir” devizi ilə keçirilən XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı yeni növ koronavirus (COVİD-19) pandemiyasından sonra dünyanın yeni düzənini müzakirə etməyi qarşısına məqsəd qoyub.

AZƏRTAC xəbər verir ki, COVİD-19 pandemiyası riskinə görə, iştirakçıların bir hissəsinin onlayn qatıldığı toplantıda siyasi və dövlət xadimləri, nazirlər, beynəlxalq təşkilat rəhbərləri, sabiq dövlət və hökumət başçıları iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, vətənlərimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin Dövlət Himni səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin toplantıya ünvanlandığı məktubu energetika naziri Pərviz Şahbazov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu isə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım oxuyub.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ənənəvi Avrasiya İqtisadi Zirvə Toplantısının qarşıya qoyduğu vəzifələr, o cümlədən toplantının məram və məqsədlərindən danışıb. O diqqətə çatdırıb ki, böhranlardan çıxış yolu, ölkələrin inkişafı, insanların rifahının və xalqların dostluğunun təmin olunmasından asılıdır. Bunun üçün insan cəmiyyəti layiq olduğu həyata doğru irəliləməlidir.

Daha sonra Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, İstanbul valisi Ali Yerlikaya, İstanbulun Avcılar Rayon Bələdiyyəsinin sədri Turan Hançerli, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Comanescu, QDİƏT Parlament Məclisinin Baş katibi, akademik Asəf Hacıyev, Türkiyə İxracatçılar Məclisinin rəhbəri İsmail Gülle, Professor İoanna Kuçuradi, İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin (İHKİB) sədr müavini  Urfi Akbalık, o cümlədən xarici qonaqların çıxışlarında toplantının işini uğurlar arzulayıb, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini yüksək dəyərləndiriblər.

Rəsmi açılışdan sonra İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin təqdimatı olub.

Toplantıda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver və Özbəkistanın Strateji İnkişaf Mərkəzinin icraçı direktoru Eldar Tulyakov iki qurum arasında əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.

Bugünkü ikinci panel isə Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasına (AİZ) həsr olunub. Ələt Azad İqtisadi Zonasını XXIV Avrasiya İqtisadi Zirvə Toplantısında AİZ-in səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov təmsil ediblər.

AZƏRTAC