AZƏRBAYCANIN GUAM ÖLKƏLƏRİ İLƏ ƏMƏKDAŞLIĞI REGİONDA  SABİTLİYƏ VƏ İNKİŞAFA XİDMƏT EDİR
Siyasət

AZƏRBAYCANIN GUAM ÖLKƏLƏRİ İLƏ ƏMƏKDAŞLIĞI REGİONDA  SABİTLİYƏ VƏ İNKİŞAFA XİDMƏT EDİR

10 oktyabr 1997-ci ildə Strasburq şəhərində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova prezidentlərinin görüşündə GUAM adlı siyasi məsləhətləşmə forumunun yaradılması qərarı qəbul edilmişdir. GUAM-ın başlıca vəzifələri demokratik dəyərlərin tanınması, qanunun aliliyinin və insan hüquqlarının, davamlı inkişafın təmin olunması, beynəlxalq və regional təhlükəsizlik və dayanıqlılığın möhkəmləndirilməsi, ümumi təhlükəsizlik mühitinin yaradılması üçün iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, sosial-iqtisadi, nəqliyyat, enerji, elmi, texniki və humanitar potensialın inkişaf etdirilməsidir.

Sözsüz, GUAM kimi mühüm təşkilatın formalaşdırılması və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna və xüsusi xidmətləri olmuşdur. Ulu öndər təşkilat çərçivəsində olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton, 7 iyun 2001-ci il və 20 iyul 2002-ci il tarixli Yalta Zirvə görüşlərində şəxsən iştirak etmişdir. Məhz 24 aprel 1999-cu il tarixdə Vaşinqtonda üzv dövlətlərin dövlət başçılarının sammiti zamanı GUAM-a Özbəkistan Respublikası da qoşuldu. Beləliklə, birlik genişləndirilərək 5 ölkəni əhatə etmiş və GUÖAM adlandırılmışdır. 7 iyun 2001-ci ildə isə Ukraynanın Yalta şəhərində GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü keçirilib. Bu vacib görüşdə GUÖAM-ın təşkilat kimi rəsmən qeydə alınması üçün BMT-yə müraciət qəbul olunmuşdur. Sammitdə üzv ölkələrin prezidentləri Yalta xartiyasını imzalamış və bu sənəddə təşkilatın statusu, funksional sistemi, о cümlədən sədrlik məsələsi öz həllini tapmışdır. 2003-cü ilin dekabrından təşkilat BMT-nin Baş Məclisində müşahidəçi statusuna malikdir.

2005-ci ilin mayında Özbəkistanın o vaxtkı prezidenti İ.Kərimov GUÖAM-ın həmin dövrdə sədri olmuş Moldova prezidenti V.Voroninə məktubla müraciət edərək, ölkəsinin təşkilatı tərk etmək niyyətində olduğunu bildirmişdir. O, bunun səbəbini Özbəkistanın coğrafi mövqeyinin belə bir formatda əməkdaşlığına imkan verməməsi ilə izah etmişdir.

22 may 2005-ci il tarixində GUAM-ın Kişineuda keçirilmiş Zirvə Toplantısı təşkilata üzv olan artıq dörd dövlətin hər birinin demokratik cəmiyyət qurulması, dayanıqlı iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair yekdil fikirdə olduqlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətini qeyd edərək, bunun reallaşdırılması üçün GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq tapşırıqlar vermişlər.

22-23 may 2006-cı il tarixlərində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat - GUAM təsis olunmuşdur. Kiyev Zirvə Toplantısında prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişlər. GUAM-ın Nizamnaməsinə görə demokratik dəyərlərin bərqərar olunması, davamlı sosial - iqtisadi inkişafın təmini, beynəlxalq və regional təhlükəsizliyin qorunması, üzv dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndirilməsi Təşkilatın başlıca məqsədləridir.

Həmçinin qeyd etmək yerinə düşərdi ki, GUAM keçmiş SSRİ məkanında baş verən proseslərin qiymətləndirilməsi nəticəsində iqtisadi və təhlükəsizlik məsələləri üzrə mövqeləri üst-üstə düşən dövlətlərin birliyidir. Birliyin fəaliyyətinin əsasında şəffaflıq və aşkarlıq prinsiplərinə uyğun üzv ölkələrin qarşılıqlı əməkdaşlığı durur.

Azərbaycan 2007, 2012, 2016 və 2020-ci illərdə GUAM-a sədrlik etmişdir. Həmçinin, ölkəmiz 2011-2012, 2019-2020-ci illərdə nəqliyyat üzrə, 2011-2012, 2015-2016-cı illərdə informasiya texnologiyaları üzrə, 2013-2014-cü illərdə mədəniyyət və turizm üzrə, 2011-2018-ci illərdə  energetika üzrə işçi qruplarına koordinatorluq etmişdir.

19-20 dekabr 2012-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində GUAM Parlament Assambleyasının 5-ci sessiyası keçirilmişdir, həmin iclasda təşkilatın kommünikesi qəbul edilmişdir. İclasın gedişatında GUAM üzv-dövlətlərinin Şərq Tərəfdaşlığı çərçivəsində Avrointeqrasiya prosesləri, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində çoxtərəfli parlamentlərarası əməkdaşlığın rolu, regionlararası əməkdaşlığın inkişafında regional və beynəlxalq təşkilatların rolu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində GUAM regionunun enerji potensialı və bu işdə təşkilatın üzv ölkələrinin iştirakı, habelə GUAM-a daxil olan dövlətlər arasında humanitar və elmi-texniki əməkdaşlıq müzakirə olunmuşdur.

Parlament Assambleyası təşkilatın beynəlxalq fəaliyyətinin dərinləşdirilməsi və genişləndirilməsi faktını təqdir etmiş, habelə Baltik Assambleyası, Benilüks Parlamenti, eləcə də digər beynəlxalq və regional parlamentlərarası birliklərlə qarşılıqlı faydalı münasibətlərin gələcəkdə də möhkəmləndirilməsi əhəmiyyətini qeyd etmişdir. Qəbul olunmuş kommünikedə tərəflər GUAM Parlament Assambleyasının demokratiyanın möhkəmləndirilməsi, qanunların, insanların əsas hüquq və azadlıqların aliliyinə riayət olunmasında, dövlətlərin iqtisadi inkişafının dayanıqlığında, eləcə də regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində oynadığı rolun vacibliyini xüsusilə ifadə etmişdilər. Həmçinin kommünikedə qeyd edilmişdir ki, Parlament Assambleyası Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın verdiyi töhfəni yüksək dəyərləndirir və GUAM-a daxil olan ölkələrdə həyata keçirilən enerji layihələrini dəstəkləyir.

Keçirilmiş iclasın yekunlarına əsasən “GUAM” formatında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bu təşkilatın model qanunverici aktlarının fəaliyyət göstərən dörd komitəyə işlənib hazırlanması üçün göndərilməsi tövsiyə olunmuşdur.

GUAM Parlament Assambleyasının növbəti altıncı iclası 2013-cü ilin dekabrın 2-3-də Gürcüstanda baş tutmuşdur. Bu iclasda iştirak edən tərəflər Parlament Assambleyasının 6-cı iclasının yüksək səviyyədə keçirilməsini təqdir etmiş və aparılan dialoqun effektivliyi və qəbul edilən qərarların keyfiyyəti kontekstində onun əhəmiyyəti barədə ümumi rəy ifadə olunmuşdur.

Qeyd edilmişdir ki, belə bir regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə geniş qarşılıqlı fəaliyyətin davam etdirilməsi, şübhəsiz, etimad iqliminin və regionda təhlükəsizliyin möhkəmləndirilməsinə, habelə inteqrasiya proseslərinin və münasibətlərin yaxşılaşdırılmasına böyük töhfə verəcəkdir. Kommünikedə tərəflər həmin dövrdə mövcud olmuş münaqişələrin həll edilməməsi ilə bağlı öz narahatlığını ifadə edərək bildirmişlər ki, GUAM məkanında belə münaqişələrin həll edilməməsi təhlükəsizliyin və sabitliyin təmin edilməsinə mane olur, təkcə GUAM dövlətləri üçün deyil, bütün Avropa üçün təhdid yaradır. Parlament Assambleyası dövlətlərin suverenliyi, ərazi bütövlüyü və GUAM-a daxil olan ölkələrin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin sarsılmazlığı prinsiplərinə sadiq olduğunu bir daha ifadə etmişdir. Həmçinin göstərilmişdir ki, GUAM Parlament Assambleyası xarici siyasət prioritetlərin seçilməsində dövlətlərin suveren hüquqlarını, eləcə də hər hansı xarici təsirin qəbuledilməzliyini bəyan edir.

Sözügedən təşkilatın Parlament Assambleyasının 7-ci iclası 10-11 noyabr 2014-cü il tarixdə Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmişdir.

İclasda vurğulanmışdır ki, yüksək səviyyədə keçirilən belə iclasların ənənəvi xarakter alması sevindiricidir. Qeyd edilmişdir ki, dünyada yaranmış beynəlxalq nizamın pozulması cəhdləri müşahidə olunur və belə bir şəraitdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi xüsusi önəm daşımağa başlayır. Ukraynanın ətrafında yaranmış vəziyyətlə əlaqədar tərəflər öz narahatlığını çatdırmış və Parlament Assambleyasının dünyada qəbul olunmuş norma və prinsiplərə öz sadiqliyini bir daha ifadə etmişdir. Həmçinin bildirilmişdir ki, mövcud münaqişələrin həll edilməsi yalnız dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında baş tutmalıdır.

2017-ci ilin dekabr ayının 17-18-də Tbilisidə GUAM Parlament Assambleyasının 10-cu iclası keçirilmişdir. İclasda təşkilatın yaradılmasının 20 illik yubileyi xüsusilə qeyd edilmişdir. Bu kontekstdə tərəflər bir daha əminliyini ifadə etmişlər ki, Parlament Assambleyası beynəlxalq münasibətlər sistemində ötən illər ərzində mühüm rol oynamış, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə və GUAM parlamentarilərinin həmrəyliyinin yüksəldilməsinə sadiq olmuş, qarşılıqlı etimad və dəstək əsasında ümumi maraqların qorunması istiqamətində öz səylərini əsirgəməmişdir. Həmçinin, regional və beynəlxalq parlament təşkilatlarının artan beynəlxalq gərginlik şəraitində regionlararası və beynəlxalq əməkdaşlığın inkişafındakı rolu xüsusilə vurğulanmışdır. Bildirilmişdir ki, tərəflər əsas beynəlxalq norma və prinsiplərinin pozulması ilə xarakterizə olunan hadisələrdən öz narahatlığını ifadə edir. Bu çərçivədə ölkə nümayəndələri effektiv parlament dialoqunun, eləcə də GUAM Parlament Assambleyası ilə digər regional parlament təşkilatları arasında qarşılıqlı fəaliyyətin reallaşdırılmasını regionlararası əməkdaşlığın effektiv mexanizmi kimi vacibliyini bir daha qeyd etmişdilər.

28 sentyabr 2018-ci ildə Moldovanın paytaxtı Kişineu şəhərində GUAM Parlament Assambleyasının 11-ci iclası keçirilmişdir. İclasın nəticələrinə görə qəbul tərəflərin imzaladığı kommünikedə deyilir ki, Parlament Assambleyası həmrəylik və əməkdaşlıq ruhunda keçməsini alqışlayır. Bu, regional parlamentarizm sistemində GUAM PA-nın artmaqda olan rolunu və əhəmiyyətli yerini bir daha nümayiş etdirmişdir. Həmçinin vurğulanmışdır ki, GUAM-a üzv olan dövlətlər Təşkilat qismində parlamentlərarası əməkdaşlıq üçün önəmli platforma görür və bu platforma dostluğun, qarşılıqlı köməyin və mehriban qonşuluğun möhkəmləndirilməsində əvəzsiz rol oynayır. Uğurla inkişaf etdirilən tərəfdaşlıq beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə sadiqliyi, demokratik dəyərlərin bütün tərəflərin qəbul edilməsi, strateji qarşılıqlı maraqların, ticari-iqtisadi əməkdaşlığın və qarşılıqlı siyasi fəaliyyətin önəmi üzərində qurulmuşdur. Üzv dövlətlər təmsil etdikləri Təşkilatın əsas prinsiplərini müdafiə etməklə qarşılıqlı fəaliyyətin və qarşılıqlı əməkdaşlığın templərini artırmaq və bu prosesi dərinləşdirmək əzmində olduqlarını ifadə etmişdilər. Parlamentarilər dünya çağırışlarını və innovasiya texnologiyalarının tətbiqi ilə bağlı imkanları qəbul etməklə bərabər GUAM məkanında informasiya, xüsusən də kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində səyləri bir araya gətirmək zərurətini bildirmişlər.

GUAM Parlament Assambleyasının 12-ci sessiyası 27 noyabr 2019-cu ildə Ukraynanın paytaxtında – Kiyevdə keçirilmişdir. Həmin sessiyada qonaq qismində Baltiya Assambleyasının Prezidenti də iştirak etmişdir. Sessiya zamanı dörd dövlətin parlamentləri arasında yaranmış əməkdaşlığın dayanıqlı xarakteri vurğulanmış, Təşkilat çərçivəsində dostluq, qarşılıqlı yardım və mehriban qonşuluğun möhkəmləndirilməsi üzrə qarşılıqlı fəaliyyətin ardıcıllığı və əhəmiyyəti qeyd edilmişdir. Parlamentarilər bundan sonra da üzv dövlətlərin xalqlarının siyasi-hüquqi əməkdaşlığının və humanitar təmaslarının, eləcə də qarşılıqlı faydalı ticari-iqtisadi tərəfdaşlığının gücləndirilməsi və dərinləşdirilməsinin önəmini ifadə etmişlər. Bütün tərəflərin qarşılıqlı hörmət, etimad və dəstəyinə əsaslanan strateji tərəfdaşlıqla bağlı iştirakçı ölkələr öz dəyişməz sədaqətini bildirmişlər. Həmçinin Assambleyanın parlamentarilərinin beynəlxalq arenada əldə etdikləri nailiyyətlər, fəaliyyətin və həmrəyliyin koordinasiyasında öz ifadəsini tapan dostluğun vacibliyi bir daha qeyd edilmişdir.

Göründüyü kimi, Azərbaycanın GUAM-a üzv olan digər dövlətlərlə bir çox sahələrdə, o cümlədən mütəşəkkil cinayətkarlıq, terrorizm və narkotiklərlə mübarizə, sərhəd idarəçiliyi, nəqliyyat dəhlizinin inkişafı, turizm və digər sferalarda həyata keçirdiyi layihələr regionda əməkdaşlığın daha da inkişaf olunmasına xidmət edir.

Emin QASIMOV,

“Respublika”.