Azərbaycanın gəmiqayırma sənayesinin zəfərlə yüksəlişi
Siyasət

Azərbaycanın gəmiqayırma sənayesinin zəfərlə yüksəlişi

İndi ən müasir gəmilərin istehsalı ölkəmizin iqtisadi gücünün real nümayişidir

Xəzərin sərvətləri Azərbaycanın milli gəlirinin, xalqımızın firavanlığının çox mühüm mənbəyidir. Dünyanın ən böyük gölü olsa da, dəniz adlandırılan bu su hövzəsi dibindəki “qara qızıl”ı, qoynundakı kürüsü, balığı ilə yanaşı, həm nəqliyyat-logistika imkanları ilə dövlətimizin iqtisadi gücünün artırılmasına sanballı töhfələr verir. Xəzərin sularında ölkəmizə məxsus çoxsaylı yük və sərnişin gəmiləri üzür, buradan cənub-şimal, şərq-qərb nəqliyyat dəhlizləri keçir. Göyərtəsində üçrəngli dövlət bayrağımızın dalğalandığı daha bir dəniz nəqliyyatı vasitəsi ötən həftə Xəzərdəki yük donanmasının tərkibinə qoşuldu... 

Prezident İlham Əliyevin iştirakı ilə  Bakı Gəmiqayırma Zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsini ölkəmizin iqtisadi həyatının mühüm hadisəsi saymaq olar. Əvvəla qeyd edək ki, “Qarabağ Azərbaycandır!” həqiqətinin rəmzləşdirilməsinin növbəti təzahürü kimi, adı hələ inşasına başlanarkən dövlətimizin başçısının təşəbbüsü ilə müəyyənləşdirilən tanker Azərbaycanın öz istehsalıdır... Beynəlxalq əməkdaşlıq əsasında, strateji sahə olan gəmiqayırma ilə məşğul olan yerli müəssisənin yaradılması tarixən formalaşmış su nəqliyyatı şəbəkəsinə malik ölkəmiz üçün çox vacib idi.  Dövlətimizin başçısı Bakı Gəmiqayırma Zavodunun düz səkkiz il əvvəl  (2013-cü il sentyabrın 20-də) keçirilən açılış mərasimindəki çıxışında  onun tikintisini tarixi hadisə adlandırıb.  Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmadığını, su nəqliyyatı vasitələrinin xaricdən alınmasına böyük vəsait ayrıldığını vurğulayaraq,  bundan sonra ölkəmizin bütün növ gəmiləri özü istehsal edəcəyini bildirib. Ən müasir texnologiyaların, ən yüksək standartların tətbiq olunduğu zavodda 1250 yeni iş yerinin açılması müəssisənin nə qədər böyük iş həcmini yerinə yetirəcəyini göstərirdi. Hələ o zaman yaxın illərdə Azərbaycan Dövlət Neft Şirkətinin 130, Xəzər Dəniz Gəmiçiliyinin, təxminən, 20 gəmi əldə edəcəyi və bunların hamısının Bakıda istehsal olunacağı diqqətə çatdırılmışdı.

Zavodun istehsal etdiyi, unikal dizaynı ilə seçilən və geniş texniki  imkanları olan ilk tanker - “Laçın” iki il əvvəl istismara verilib. Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyəti (“Royal Institution of Naval Architects”, RINA) “Laçın”ı 2019-cu ildə dünyada istehsal edilən 50 ən yaxşı mülki gəmidən biri hesab edir. Uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü 6 metr, yükgötürmə qabiliyyəti 7,8 ton  olan və 15 nəfərlik heyətlə idarə edilən “Kəlbəcər” isə zavodda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə müəssisədə daha iki ədəd eyni tipli gəminin tikinti işləri də qrafikə uyğun davam etdirildiyi bildirilir.

Prezident İlham Əliyev bu ilin əvvəlində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin etdiyi Rəşad Nəbiyevi videoformatda qəbul edərkən deyib: “Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə istismara verilmiş Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər istehsal olunur və biz bu istehsalı hər il artırırıq. Hazırda zavodda tankerlər, Ro-Ro gəmiləri və yük gəmiləri istehsal olunur. Biz bu sahədə xaricdən asılılığı aradan qaldırmışıq, minlərlə iş yeri açmışıq və neft-qaz əməliyyatlarında iştirak edən şirkətlər üçün də imkanlar yaratmışıq. Onlar da öz sifarişlərini bu zavoda verirlər”.

Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva bu il martın 1-də zavodda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.  Onu da bildirək ki,  “Ro-Pax” tipli gəmilərin uzunluğu təxminən 155 metr, eni 18 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Bunlar, yükgötürmə qabiliyyətinə görə, Xəzərdəki  ən böyük gəmi-bərələrdir: 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına məxsus olan gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirində mühüm həlqədirlər. Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirən, ölkəmizin coğrafi mövqeyindən və tranzit potensialından daha səmərəli istifadəyə imkan yaradan belə su nəqliyyatı vasitələrinin yerli müəssisədə istehsal edilməsi mühüm nailiyyətdir. ASCO-nun çoxşaxəli fəaliyyətindən əldə olunan  mənfəəti yerli bazara yönəltməsi səhmləri dövlətə məxsus bu qurumun ölkəmizdə gəmiqayırma sənayesinin inkişafına və yeni iş yerlərinin yaranmasına sanballı töhfəsidir.

Əlbəttə, Azərbaycan gəmiçiliyinin inkişafı, o cümlədən gəmiqayırma sənayesinin formalaşması zəngin tarixi irsə və ənənələrə əsaslanır. Hələ XIX əsrin ortalarından başlayaraq, Bakının iri neft sənayesi mərkəzinə çevrilməsi, dünyada ilk neftdaşıyan barjın, ilk daxiliyanma mühərrikli və ilk reversivli iki mühərriklə çalışan gəmilərin Xəzərdə istismara verilməsi, ilk tankerin Xəzərdə səfərlər etməsi Azərbaycanda gəmiçilik fəaliyyətinin yaddaqalan səhifələridir. Prezident İlham Əliyevin üç il əvvəl ASCO-nun 160 illiyi münasibətilə təbrikində qeyd olunduğu kimi, tarixi boyu hər bir mərhələdə milli iqtisadiyyatın inkişafına qüvvətli təsir göstərmiş gəmiçilik ölkəmizdə ötən müddət ərzində mühüm hadisələrlə zəngin şərəfli bir yol keçmişdir. Ölkəmizdə nəqliyyat sistemi, o cümlədən su nəqliyyatı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrlərdə daim diqqətdə saxlanılıb. Müstəqil dövlətçiliyimizin banisi və qurucusu dənizçilərin fədakar əməyini həmişə layiqincə qiymətləndirib və milli gəmiçiliyin müasirləşməsində müstəsna xidmətlər göstərib. Azərbaycanda bir neçə gəmi təmiri müəssisəsi olub ki, bunlar da gəmiqayırma sənayesinin formalaşması üçün zəmin rolunu oynayıb.

Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə dəniz gəmiçiliyi ənənələrinin qorunmasında, bu mühüm və gəlirli iqtisadi fəaliyyət sahəsinə dair tarixi irsin öyrənilməsi, təbliği məqsədilə  yaradılan “Suraxanı” tanker muzeyi də bu il istifadəyə verilib.  Bu, dünyada ilk dəfə Azərbaycanda yaradılıb. Vaxtilə ən iri və müasir tankerlərdən olan “Suraxanı” artıq altı aydır ki, paytaxtımızın böyük ziyarətçi marağı çəkən muzeylərindən birinə çevrilib. Muzeyə gələnləri kapitan və baş köməkçi qarşılayaraq, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub.

Bakı Gəmiqayırma Zavodu özünün yüksək istehsal potensialı ilə ölkəmizin sosial-iqtisadi inkişafına töhfələrini yaxın illərdə daha da atıracaqdır. Hazırda zavodda daha 2 neft tankeri ilə yanaşı, “Ro-Pax” tipli bir gəmi-bərənin inşası davam etdirilir.

Dünyada yaşı min illərlə ölçülən gəmiqayırmanın və gəmiçiliyin ölkəmizdə inkişafının yeni mərhələsi uğurla davam edir. Erməni faşizmi üzərində möhtəşəm qələbə nəticəsində Cənubi Qafqazda yeni yaranan reallıqlar – nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi, xüsusən, Zəngəzur dəhlizinin açılması Xəzərdə gəmiçiliyin yükünü artıracaqdır. Bu amil və qalib dövlətimizin iqtisadi qüdrəti gəmiqayırma sənayesinin inkişafına daha güclü təkan verəcəkdir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.