​​​​​​​Azərbaycanın fəal əməkdaşlıq təşəbbüsləri regionda sülhün və sabitliyin  möhkəmləndirilməsinə xidmət edir
Siyasət

​​​​​​​Azərbaycanın fəal əməkdaşlıq təşəbbüsləri regionda sülhün və sabitliyin  möhkəmləndirilməsinə xidmət edir

Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın strateji mövqeyi qlobal güc mərkəzi olan Avropa İttifaqının ən vacib tərəfdaşlarından biri olmaqla, həm də üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri daha da inkişaf etdirməkdən ibarətdir.

Tarixi Zəfərdən sonra Ermənistan tərəfindən zəbt olunan ərazilərini işğaldan azad etməklə yeni reallıqlar yaradan Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olduğunu bir daha nümayiş etdirdi. Hətta ən çətin və mürəkkəb geosiyasi şəraitdə belə müstəqil uğurlu xarici siyasət həyata keçirdiyini, ədaləti bərpa etməyə qadir güclü, qüdrətli dövlət olduğunu təsdiq etdi. Eyni zamanda, ölkəmizin həyata keçirdiyi enerji layihələri, beynəlxalq inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində də fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir.

Son illər ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinin göstəricisidir. Qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Daim balanslı siyasət həyata keçirməsi ilə tanınan Avropa İttifaqı 44 günlük müharibə dövründə bu mövqeyini dəyişmədi. Yalnız ermənilərə açıq-aşkar tərəf tutan Fransa istisna təşkil etdi.

İyunun 2-də Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbəti Azərbaycanın regionun güc mərkəzinə çevrildiyini bir daha təsdiq edir. Avropa İttifaqı olaraq qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təmasını rəsmi Bakının regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü də adlandırmaq olar. Şarl Mişelin Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsinin pozitiv əhəmiyyəti də vurğulanmalıdır. Bu əhəmiyyətli hadisələr fonunda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın iyunun 2-də Fransaya səfərinin İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək almaq məqsədi daşıdığı artıq gün kimi aydındır. 44 günlük müharibədən nəticə çıxara bilməyən Ermənistandan fərqli olaraq postkonflikt dövrünün gerçəkliklərə uyğun olaraq Azərbaycan regiondakı və dünyadakı çəkisini artırmaq üçün mühüm həmlələr edir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil edilən Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib. Bu, pandemiya dövründə və İkinci Qarabağ müharibəsindən sonra mərkəzin keçirdiyi ilk tədbir idi. Mərkəzin siyasi, mədəni, iqtisadi və s. sahələrə dair müzakirə etdiyi məsələləri beynəlxalq ictimaiyyət üçün mesaj kimi də qiymətləndirmək olar. Bu, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün də bir tribunadır. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirə həm də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geopolitik vəziyyətin dəyərləndirilməsi baxımından da əhəmiyyətli sayıla bilər. Son zamanlar Ermənistan hakimiyyəti və onların havadarları, erməni hay-küyünü təbliğ edən informasiya vasitələri saxta iddialarla çıxış edir, Azərbaycana qarşı ənənəvi böhtan kampaniyası aparır, erməni etnik qrupun “əzabkeşliyindən” bəhs edirlər. Müzakirələrdə nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdıran cənab İlham Əliyev bildirib ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.

Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb”.

Azərbaycanı həmişə etibarlı tərəfdaş kimi qəbul edən Avropa İttifaqı ölkəmizlə əlaqələrin inkişafına dəstək verir. Şərq Tərəfdaşlığı Proqramı, ikitərəfli sazişlər və digər mühüm sənədlər bunu deməyə əsas verir. “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması da mühüm əhəmiyyət daşıyır. Belə ki, sənəddə də qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir. Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi dəstəyin əhəmiyyəti, bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu qeyd olunur. Bununla yanaşı, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa qonşuluq siyasətinə” qoşulub. 2006-cı ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, 2008-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu barədə Prezident İlham Əliyev deyir: “...Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.

2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq Prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf edərək bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə qalxıb. 2019-cu il iyulun 9-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycan Respublikasına səfəri zamanı keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq və qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik. Bu, Azərbaycanın maraqlarına xidmət edir və uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək. Bununla yanaşı, Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir və Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir: “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi”.

Bu yüksək bərabərhüquqlu əməkdaşlığın davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edib. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Dövlət başçısı Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımızın mövcud olduğunu diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb, İttifaq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür, eləcə də on beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Bununla yanaşı, ölkəmizi Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı Azərbaycandır. Bu, mühüm enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsində olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev 2018-ci ildə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədinin paraflandığını bildirərək qeyd etdi ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi öz əksini tapıb.

Prezident İlham Əliyevin çıxışları istər müharibə dövründə, istərsə də post-konflikt mərhələdə yeni informasiya strategiyası Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərk-silah edilməsində mühüm rol oynayır. Dövlət başçısı yaranmış yeni regional şəraiti dəyərləndirib və daha bir önəmli mesaj verib: “Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, biz sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq”.

Mustafa KAMAL,

“Respublika”.