Azərbaycanın energetika, enerji-tranzit potensialı və yeni imkanlar
İQTİSADİYYAT

Azərbaycanın energetika, enerji-tranzit potensialı və yeni imkanlar

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib. Energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə yeni modelə keçilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəflərindəndir.


Dövlət başçısının “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında”, “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamları, eləcə də Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verir. Əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti tərəfindən Energetika Nazirliyinin qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1500 MVt əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 30 faizə çatdırmaqdır.

Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücünü xeyli artırıb. Reabilitasiya proqramı çərçivəsində “Azərbaycan” İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib.

Yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. Qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. 2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15 faiz artımı proqnozlaşdırılır. Enerji sektorunda aparılan genişmiqyaslı layihələr çərçivəsində qısa müddət ərzində Güləbird Su Elektrik Stansiyası, “Qarasu”, “Hövsan”, “Maştağa” yarımstansiyaları artıq istismara verilib. Yeni tikilən “Qobu” yarımstansiyasından “Yaşma” yarımstansiyasına yüksəkgərginlikli elektrik xətti çəkilməklə mühüm əhəmiyyətli layihə gerçəkləşdirilib. Yaxın gələcəkdə tikiləcək generasiya gücü 120 meqavat olan “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyaları böyük potensiala malik olacaqdır. Yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ 27 il bundan əvvəl — 1994-cü il sentyabrın 20-də rəsmi Bakı tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanmasına nail olub. “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin karbohidrogen resurslarının istifadə üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım idi. Bununla da ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıldı. Ölkəmiz hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən dövlətlərdən biri olub. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Ölkəmizin “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki dövlətin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən dənizin 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşən bu yataq Azərbaycan neftçiləri tərəfindən kəşf olunmuşdu. Amma uzun illər istismarı mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Nəhayət, dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlərin nəticəsi əvvəlki fikir ayrılıqlarına son qoyub və iki dost ölkə arasında bütün məsələlərin qarşılıqlı maraqlar əsasında həlli üçün etibarlı zəmin yaradıb. 2021-ci il 21 yanvar tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Prezident İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun videoformatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar. Memorandumla yatağın adı dəyişdirilərək “Dostluq” adlandırılıb. “Dostluq” yatağı Azərbaycanın neft hasilatını artırmasına imkan yaradacaq. Mütəxəssislər yataqda təqribən 50 milyon tondan çox neft ehtiyatı və 30 milyard kubmetrdən çox təbii qaz ehtiyatının olduğunu proqnozlaşdırırlar.

“Dostluq” yatağına dair memorandumun imzalanması neft hasilatının nisbətən stabil saxlanılması, lakin təbii qaz istehsalının maksimum artırılması planları ilə üst-üstə düşməklə Azərbaycanın bugünkü strategiyasında əsas prioritet istiqamət kimi müəyyənləşdirilir. Belə ki, ölkəmizdəki neft yataqlarının əksəriyyəti uzun illərdir istismar olunur. Təbii olaraq həmin yataqların neftverimliliyi aşağı düşür. “Azəri-Çıraq-Günəşli” yataqlarında da hazırda hasilatın təbii yolla müəyyən qədər azalması müşahidə edilir. Bu baxımdan “Dostluq” yatağı Azərbaycanın neft hasilatını stabil saxlamasına və bir qədər artırmasına imkan yaradacaq. Yataqda Türkmənistanın payına düşəcək neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılması imkanı yaranır. Bu da BTC-nin rentabelliyinin artması, Azərbaycana əlavə tranzit gəlirlərinin daxil olması deməkdir. Yatağın qaz resursları nəzərə alındıqda isə burada hasil olunacaq təbii qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqlinə imkan yarana bilər ki, bu da öz növbəsində, Azərbaycanın təbii qaz gəlirlərinin artmasına, layihənin effektivliyinə öz töhfəsini verəcək. Digər tərəfdən Azərbaycan və Türkmənistan arasında imzalanan bu memorandum gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün də əhəmiyyətlidir. Türkmənistan dünyada ən çox təbii qaz resurslarına malik dördüncü ölkədir. Gələcəkdə türkmən qazının da Cənub Qaz Dəhlizi şəbəkəsinə daxil olması bu istiqamətdə həm Türkmənistana əlavə gəlirlər qazandıra, təbii qaz ixracının artmasına imkan yarada, həm də Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini artıra, Azərbaycanın bu istiqamətdə gəlirlərinin daha da çoxalmasına təkan verə bilər.

Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni səhifəsi açılıb. Sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Bu layihənin həm də çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Memorandumun imzalanması göstərir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır. Eyni zamanda, razılaşmanın əldə olunması, Xəzərdə əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. Memorandumun imzalanması bu il Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı ərəfəsində Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.