Azərbaycanın elektroenergetika sahəsi modernləşir, infrastrukturu genişlənir
İQTİSADİYYAT

Azərbaycanın elektroenergetika sahəsi modernləşir, infrastrukturu genişlənir

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti elektroenergetika sisteminin müasir qlobal çağırışlara uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib. Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 2055,4 MVt gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7516,5 MVt-a çatdırılıb. Elektroenergetika sistemində ümumi gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası, 1278,8 MVt gücündə isə su və digər bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. Reabilitasiya proqramı çərçivəsində "Azərbaycan" İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 10 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4 %-dən  10,2 %-dək, 1 kVt.st elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub. Respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 25133,5 MVA olan 110-500 kV- luq 228 yarımstansiya fəaliyyətdədir. Yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. İxrac isə on il ərzində 3 dəfə artaraq 1,5 milyard kVt.st-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 104,3 milyon kVt.st elektrik enerjisi idxal, 841,9 milyon kVt.st elektrik enerjisi ixrac edilib.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 2019-cu il 29 may tarixli "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir. Bu gün əsas məqsədimiz Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1500 MVt əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaqdır. Energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış   qiymətlərinə uyğun təkliflər   vermiş Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı icra müqavilələrinin imzalanması oldu. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən, 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların   cəlbi üçün nümunə olacaq. "Enerji alqı-satqı", "İnvestisiya", "Ötürücü Şəbəkəyə Qoşulma"  və  "Torpaq  İcarə" müqavilələri hazırlanaraq investorlara təqdim edilib və hər iki şirkətlə imzalanacaq müvafiq sənədlərin razılaşdırılması artıq yekunlaşır. "ACWA Power" və "Masdar" şirkətləri ilə müvafiq müqavilələrin imzalanmasından sonra Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə stansiyaların tikintisinə başlanacaq. Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə Pirəküşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə, təxminən, illik 1,4 milyard kVt.st elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir. Dövlət başçısının müvafiq Fərmanı ilə Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması da bu sahənin keyfiyyət və məzmunca yeni mərhələdə inkişaf etdirilməsi zərurətidir.

Dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır. Liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanmış və hazırda hökumətdə baxılmaqdadır. Beynəlxalq təcrübə göstərir ki, liberal bazar münasibətlərinə keçid üçün ilk növbədə elektrik enerjisi istehsalının iqtisadi optimallaşdırılması, tariflərin müəyyənləşdirilməsi üzrə metodologiyanın, Şəbəkə Məcəlləsinin hazırlanması, gələcək bazar subyektlərinin kommersiya uçotu sisteminin təşkili ilə bağlı tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə müvafiq işlər yerinə yetirilir. Bu prosesdə mühüm əhəmiyyət daşıyan, mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla "Elektroenergetika haqqında" qanunun yeni layihəsi hazırlanmışdır. Qanun layihəsində elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqi, özəl investisiyaların cəlbi, dövlətin maliyyə yükünün, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılması və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulmuşdur. Elektroenergetika sisteminin səmərəliliyinin artırılmasında özəl sektorun iştirakına nail olmaq da həlli vacib məsələlərdəndir. Bununla əlaqədar ilkin mərhələ kimi kiçik gücə malik bir sıra modul, su və günəş elektrik stansiyalarının nümunəsində elektrik enerjisinin istehsalı sahəsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində təkliflər hazırlanmış və hazırda baxılmaqdadır. Eyni zamanda, özəl sektor və xarici investisiya hesabına ənənəvi enerji ilə işləyən yeni güclərin yaradılması da əsas prioritetdir. Bu məqsədlə 550 MVt-lıq yeni müasir tipli, qaz-turbin elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür.

Stansiyanın özəl investisiya hesabına inşası məqsədilə xarici şirkətlərlə danışıqlar aparılıb və Energetika Nazirliyi tərəfindən hazırlanmış ilkin Texniki Göstəriciləri ehtiva edən sənəd təqdim edilib. Şirkətlərdən artıq nazirliyə layihə təklifləri daxil olub. Elektrik stansiyasının fəaliyyəti üçün zəruri köməkçi infrastrukturun mövcudluğu baxımından stansiyanın Bakıdan 40 kilometr məsafədə yerləşən "Yaşma" və 120 kilometr uzaqlıqda olan "Şirvan" ərazilərindən birində tikilməsi planlaşdırılır. Enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsi də hazırda baxılmaqdadır. Qanunun qəbulu müasir enerji səmərəliliyi alətlərinin tətbiqi ilə enerjidən səmərəli istifadə üçün hüquqi mexanizm yaradacaqdır. Bununla yanaşı, ixtisaslaşmış beynəlxalq təşkilatların dəstəyi ilə "Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. Plan energetika sektoru da daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələri və ev təsərrüfatlarında səmərəliliyin təmin edilməsinə yönəlib. "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası"nın hazırlanması da davam etdirilir. İlk dəfə olaraq hazırlanan və 2050-ci ilə qədər olan dövrü əhatə edən strategiya sənədində elektroenergetika, qaz təchizatı, istilik təchizatı, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, aşağı karbon tutumlu nəqliyyat kimi sahələr əks olunmuş və müxtəlif ssenarilər üzrə energetika sektorunun strateji inkişaf istiqamətlərinin təhlili aparılmışdır. Qanunvericilik bazasının formalaşdırılması çərçivəsində "Energetika haqqında" və "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası qanunlarının yeni layihələri də hazırlanmaqdadır. İslahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmədə dayanıqlılığı və effektivliyi təmin edən tənzimləyicinin yaradılması da mühüm yer tutur.

Ölkəmizin energetika sahəsində qlobal uğurları bundan sonra da davamlı olacaq və tarixən də, bu gün də dünyanın əsas enerji mərkəzlərindən sayılan Azərbaycanın energetikləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirir, ölkəmizin ümumi inkişafına töhfələr verirlər. Rəşadətli ordumuzun işğaldan azad etdiyi torpaqlarımızda qısa müddət ərzində normal həyatın bərpası prosesində energetiklərimiz yaxından iştirak edir. Qısa bir müddət ərzində yeni-yeni yarımstansiyaların tikintisi uğurla aparılır.

Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ölkə Prezidentinin tapşırığına uyğun olaraq "Azərenerji" tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki, Ağdam rayonunun böyüklüyü və ərazidə böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla burada 2 ədəd 110/35/10 kilovoltluq "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları tikilir. "Ağdam-1" yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, "Ağdam-2" yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilir: Ən əsası sözügedən yarımstansiyalara "Xındırıstan" yarımstansiyasından 40 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə, "Ağdam-1" yarımstansiyasının yaxınlığında "Azərenerji"nin Qarabağ Regional İdarəetmə Mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq. "Ağdam-l" yarımstansiyasında işlər sürətlə aparılır. "Ağdam-2" yarımstansiyasında isə artıq işlərin böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 kilometr məsafədə çəkilən 110 kV-luq elektrik verilişi xəttinin, о cümlədən "Ağdam-1", "Ağdam-2" yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağın Regional İdarəetmə Mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən "Füzuli" yarımstansiyasının açılışında iştirak ediblər. Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Yarımstansiya, о cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji" ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.

İşğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. İşğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən "Şükürbəyli" yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. Eyni zamanda, "Şükürbəyli" yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda "Şükürbəyli" yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik veriliş xətti çəkilir. Beləliklə, işğaldan azad olunmuş bütün ərazilər tam, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.     

 Əli SADIQOV,

 "Respublika".