AZƏRBAYCANIN DÜNYA BİRLİYİNDƏ ÖNƏMİ ARTIR, MÖVQEYİ GÜCLƏNİR
Siyasət

AZƏRBAYCANIN DÜNYA BİRLİYİNDƏ ÖNƏMİ ARTIR, MÖVQEYİ GÜCLƏNİR

Ölkəmizin Avropa İttifaqının Ümumi Tərəfdaşlıq və Müdafiə Siyasətinin Şərq Tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlığı bunun əyani təcəssümüdür

Sirr deyil ki, keçmiş Sovetlər Birliyi ərazisində mövcud olmuş və bu gün də qalmaqda davam edən münaqişələrə münasibətdə beynəlxalq hüquq prinsiplərinin tətbiqində selektiv yanaşmaya yol verilir. Bu baxımdan Azərbaycan ərazisinin 20 faizinin işğal altında qalmasına çox da kəskin reaksiya verməyən, ədaləti bərpa etmək istiqamətində işğalçı Ermənistanın hərbi birləşmələrini beynəlxalq hüquq tərəfindən tanınmış əzəli Azərbaycan torpaqlarından çıxarılmasında passivlik nümayiş etdirmiş Qərb bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətindədir. Əlbəttə, Qərb ölkələri və beynəlxalq ictimaiyyət vaxtilə respublikamızın bir hissəsinin 30 ildən artıq davam etmiş işğalı ilə bağlı beynəlxalq hüququn tələb etdiyi müvafiq tədbirləri görmüş olsaydı, dünya birliyinin səmimi şəkildə ədalətli mövqedən çıxış etməsini tam əminliklə iddia etmək mümkün idi. Heç şübhəsiz, əgər Qərb ölkələri Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq niyyətindədirsə, o zaman Azərbaycana qarşı keçmişdə buraxılmış səhvlərin dərindən təhlil edilməsi və lazımi nəticələrin çıxarılmasının vacibliyini unutmamalıdır.

Fəqət, bu istiqamətdə Avropa ilə Azərbaycan arasında əməkdaşlıq örnəyi mövcuddur. Bu, ilk növbədə, enerji sahəsində aparılan uğurlu dialoq və Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində fəaliyyətdir. Eyni zamanda, bəzi qüvvələr tərəfindən insan hüquqları məsələsinə, habelə Qarabağda yaşayan erməni kökənli Azərbaycan vətəndaşlarına qarşı digər vətəndaşlarımızla müqayisədə ifrat dərəcədə, yersiz, hətta bir çox hallarda süni həssaslıq nümayiş etdirilməsi, bunun geosiyasi məqsədlər üçün istifadə olunması nə ədalətdən, nə də ki, normal dialoq əhvali-ruhiyyəsindən xəbər verir. Bu nöqteyi-nəzərdən Avropa İttifaqı institutları tərəfindən Azərbaycana qarşı vaxtaşırı atılan addımların elə Avropanın öz maraqlarının əleyhinə getdiyini görmək bir o qədər də çətin deyil.

Ancaq bütün problemlərə, eləcə də bu gün beynəlxalq müstəvidə kifayət qədər  mürəkkəb geosiyasi proseslərin davam etməsinə, yeni münaqişələrin və qarşıdurmaların alovlanmasına baxmayaraq,  Azərbaycan xoş niyyət nümayiş etdirərək, nüfuzlu beynəlxalq qurumlarla, xüsusilə  də Avropa İttifaqı ilə  münasibətlərini  getdikcə yaxşılaşdırır. Ölkəmizdə gedən uğurlu yenilənmə və hərtərəfli dərin islahatların həyata keçirilməsi prosesləri beynəlxalq aləmin diqqət mərkəzindədir.  Azərbaycan üzv olduğu beynəlxalq qurumlarla  əlaqələrin inkişafına həmişə böyük önəm verib və bu gün də eyni mövqedə qalır, lakin bu əlaqələr beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə, ölkələrin daxili işlərinə qarışmamaq, onların ərazi bütövlüyünü, iqtisadi suverenliyini tanımaq və buna önəm vermək şərtilə inkişaf edə bilər. Kiminsə diktəsini qətiyyən qəbul etməyən Azərbaycan məhz belə ədalətli, bərabərhüquqlu dialoq və əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu amillərin nəzərə alınması ilə həm beynəlxalq aləmin, həm də Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxarmaq mümkün olacaqdır. Və belə əməkdaşlıqdan Azərbaycan qədər Avropa İttifaqının özü də fayda görəcək.

Qərb nəzərə almaya bilməz ki, Azərbaycan keçmiş sovet respublikaları arasında daha sürətlə inkişaf etmiş dövlətdir. İstər yerləşdiyi həssas bölgədə, istərsə də beynəlxalq aləmdə yüksək mövqelərdə qərarlaşıb, söz sahibinə çevrilib, nüfuzlu beynəlxalq qurumların tədbirlərinə ev sahibliyi edir. Son illər respublikamızda keçirilən beynəlxalq səviyyəli tədbirlər də  Azərbaycanın  yüksək reytinq sahibi olmasının göstəricisidir. Bütün bunlardan sonra  Avropa institutlarının respublikamıza  qarşı qısqanclıq hisslərinin baş qaldırmasına seyrçi qalması, antiazərbaycan qüvvələrin təzyiq və təhdidləri qarşısında geri çəkilərək məntiqsiz davranması qətiyyən başadüşülən deyil.

Bütün bunlara baxmayaraq, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev məqsədyönlü siyasət həyata keçirir, bu xoşagəlməz halların qarşısını alır. Bununla bərabər, baş verən böhranlara, COVID-19 pandemiyası səbəbindən dünyada müşahidə olunan dərin tənəzzül proseslərinə baxmayaraq, ölkəmiz inkişaf dinamikasını qoruyub saxlayır, demokratik proseslərə öz  dəyərli töhfələrini verməkdə davam edir. Prezident cənab İlham Əliyevin müdrik siyasi kursunda Avropa İttifaqı ilə əməkdaşlıq, münasibətlərin yeni müstəvidə artım dinamika üzrə inkişaf etdirilməsi, əlaqələrin daha da geniş miqyas alması xüsusi əhəmiyyətə malikdir. 

Ədalət naminə deməliyik ki, Azərbaycanın  təşəbbüsləri  həm dünya birliyi, həm də Avropa İttifaqı tərəfindən dəstəklənir. Xüsusilə Cənub Qaz Dəhlizinin açılışına qədər baş verən proseslərdə bunu əyani surətdə müşahidə etdik. Azərbaycan ilə Avropa İttifaqı dövlətləri arasında vizasız gediş-gəliş razılığının öz həllini tapması məsələsinin gündəmdə olması və digər amillər  bir daha onu göstərir ki, cənab İlham Əliyevin ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi müstəqil, milli maraqlarımıza cavab verən, ümummilli mənafeyə söykənən siyasəti öz bəhrəsini verməkdədir. Avropa İttifaqı ilə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər bir çox aspektlərdə qurulub. Eyni zamanda,  respublikamız  üzv dövlətlərlə ikitərəfli formatda əlaqələri çox uğurla inkişaf etdirir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri  imzalayıb.  Bu, o deməkdir ki, Avropa İttifaqına daxil olan ölkələrin böyük qismi  Azərbaycanın strateji tərəfdaşıdır. Bu, nisbətən gənc respublikamız üçün əhəmiyyətli nailiyyətdir. Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini  ardıcıl olaraq  davam etdirir, demokratik dəyərlərin inkişafına, insan haqlarının qorunmasına böyük önəm verir. Bununla bərabər, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin, demək olar ki, 50 faizi üzv ölkələrin payına düşür. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu fakt özü ölkəmizin yaxşı investisiya mühitinə malik olduğunun əyani göstəricisidir. Xüsusilə 44 günlük müharibədən sonra tarixi Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa edən müstəqil və qüdrətli Azərbaycana Avropa şirkətləri iqtisadiyyatımızı dəstəkləmək, işğaldan azad edilmiş əraziləri bərpa etmək üçün daha çox maliyyə vəsaiti yatırmağa hazırdır.

Ölkəmizə bu cür münasibətin sərgilənməsinin bir neçə əsası var. əlbəttə, artıq qeyd etdiyimiz kimi, Azərbaycan sürətlə inkişaf edən, milli iqtisadiyyatı böhranlara qarşı yüksək dayanıqlıq nümayiş etdirən, heç kimdən asılı olmayan sözün əsl mənasında suveren bir dövlətdir. Ancaq, hər şeydən öncə, Azərbaycanın müdrik, müstəqil  siyasətindən, müəyyənləşdirdiyi yoldan  çəkilməyən, möhkəm siyasi iradəyə malik lideri, Müzəffər Ali Baş Komandanı var. Cənab Prezident istənilən beynəlxalq qurumlarla əlaqələri yalnız milli maraqlar, dövlətçiliyimizin qorunması, beynəlxalq hüquq normaları çərçivəsində  qurulmasını mümkün sayır. Ona görə də  Azərbaycanın maraqlarına uyğun olmayan məqamlar cənab İlham Əliyev üçün qəbuledilməzdir və bunu təklif etmək niyyətində olan təşkilatın üzvlüyündən çıxmaq məsələsi gündəmə gətirilə bilər. Təbii ki, bunu Avropa İttifaqı çox yaxşı bilir və Azərbaycan kimi etibarlı tərəfdaşla əlaqələrin kəsilməsini əsla istəməz. 

Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığına üzv olan hər ölkə arasında əməkdaşlıq bir çox formada həyata keçirilərək, sosial-iqtisadi inkişafa dair genişçeşidli layihələrin və proqramların icra olunmasını, assosiasiya proseslərinin, yəni Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığının hər bir ölkəsi arasında ayrılıqda imzalanmış  sazişlərin, yerinə yetirilməsini, viza siyasətinin liberallaşdırılması və azad ticarət zonalarının yaradılması üzrə danışıqların aparılmasını nəzərdə tutur. Avropa İttifaqının Şərq Tərəfdaşlığına dair rəsmi sənədinin layihəsində demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına hörmətlə yanaşmaya dair dəyərlər mübadiləsi, həmçinin bazar iqtisadiyyatına, dayanıqlı inkişafa və yaxşı idarəçiliyə aid prinsiplər önə çəkilir.

Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının fəal iştirakçılarındandır. Bütün bunlar bir daha  göstərir ki, hazırda Azərbaycanın dünya birliyindəki önəmi böyükdür. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ildən-ilə artır. Bu, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi xarici siyasətin məntiqi nəticəsidir.

Emin QASIMOV,

“Respublika”.