Azərbaycanın dəyanət və mərdlik qalası
Digər xəbərlər

Azərbaycanın dəyanət və mərdlik qalası

Azərbaycanın qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Kür çayının sağında, Tərtər çayının demək olar ki mənbəyində yerləşir. Ərazi antik dövrün abidəsi kimi də əhəmiyyətlidir.

Kəlbəcər Qərbi Azərbaycanın Göyçə mahalı, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. İşğaldan öncə sahəsi 3054 kvadratkilometr olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, 145 kənd olmuşdur.

Vaxtilə Kəlbəcər rayonunun əhalisinin sayı 94,1 min nəfər olmuş, əhalinin 98 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və digər millətlərin nümayəndələri təşkil etmişdir. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üzərində qala" deməkdir. Burada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur.

Kəlbəcərin Murovdağ, Şahdağ, Göyçə, Basarkeçər, Mixtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsi dağlıq ərazidədir. Ən yüksək zirvəsi Camış dağı və Dəlidağdır. Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogen çökmə, vulkanogen-çökmə və vulkanik süxurları vardır. Ən böyük çayı Tərtər çayıdır.

Kəlbəcər meşələrinin ümumi sahəsi 32774 hektardır. Bu yerlərin faunasını qaya keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, qartal və sair zənginləşdirir.

İşğaldan öncə şəhərdə Respublika Dövlət Kənd Təsərrüfatı İstehsalat-Texniki Təminat Komitəsinin rayon şöbəsi, məişət xidmət kombinatı, sanitariya-epidemioloji stansiya, ümumtəhsil məktəbləri, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası, poliklinika, kinoteatr, doğum evi, ticarət mərkəzi, sənaye müəssisələri və sair obyektlər mövcud idi.

Azərbaycanın cənnətməkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı, ilin bütün fəsillərində qonaqlı-qaralı olan Kəlbəcər rayonu canlı muzey idi.

Rayonun ərazisində 4 mindən artıq bitki növü vardır, bunlardan 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar mövcuddur. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti, sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın al-əlvan gülü-çiçəyi aləmə bəllidir. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Areix Kəlbəcər haqqında demişdir: "Kim Tərtər çay dərəsi boyunca seyr etmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər".

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə-balneoloji təsirə malik su yataqları 30 ilə yaxın işğal altında olmuş, erməni vandalları bu ərazidə analoqu olmayan vəhşiliklər törətmişlər.

İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarında, Göyçə gölündən 300 verstlik yolda yerləşir.

Görkəmli Azərbaycan alimləri belə qənaətə gəlmişlər ki, Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərtinə görə bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir.

Kəlbəcər rayonunun igid, cəsur oğulları Böyük Vətən müharibəsinin odlu-alovlu illərində rəşadətli döyüş yolu keçmiş, odlu səngərlərdə qəhrəmancasına vuruşmuşlar.

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə faşist xislətli erməni daşnakları tərəfindən işğal olunmuş, 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 poliklinika, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min qaramal, 500 min qoyun-quzu, yüzlərlə maşın, texnika və s. talan edilmiş, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə Regional Şöbəsinin müdiri Rafiq Həsənovla söhbət edərkən o vurğuladı ki, işğal dövründə kəlbəcərlilər respublikamızın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məskunlaşmışlar.

Birinci Qarabağ savaşında Kəlbəcərin şahin oğullarından Şahlar Əvəz oğlu Şükürov, Sərdar Məlik oğlu Səfərov, Yunis İsa oğlu Nəcəfov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşlər.

Kəlbəcərin erməni quldurları tərəfindən işğalından sonra ulu öndər Heydər Əliyevin rayon ictimaiyyəti ilə görüşü olmuşdur. Ümummilli lider Heydər Əliyev həmin görüşdə demişdir: "Bu faciəni heç vaxt unutmaq olmaz, faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin - Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır".

Kəlbəcərlilər məcburi köçkün həyatı yaşasalar da, onlar tam əmin idilər ki, ermənilər heç vaxt mənfur niyyətlərini həyata keçirə bilməyəcəklər. Gec-tez azərbaycanlıların "dəmir yumruğ"u onların başına enəcək, onlara sarsıdıcı zərbələr endiriləcəkdir. Elə də oldu. 2020-ci ilin 25 noyabrında Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti sayəsində Kəlbəcər erməni vandallarından təmizləndi, burada üçrəngli Azərbaycan bayrağı dalğalandı. Artıq iki ildən çoxdur ki, işğaldan azad olunmuş digər bölgələrdə olduğu kimi, Kəlbəcərin ərazisində də irimiqyaslı abadlıq və quruculuq işləri aparılır. Yollar salınır, körpü və tunellər tikilir, energetika sistemi müasirləşdirilir.

Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyu - İstisudur. Ölkə rəhbərinin göstərişi ilə İstisu yerləşən ərazidə indi qızğın iş gedir, əsas məqsəd İstisuyun əvvəlki şöhrətini özünə qaytarmaq, müalicə üçün bu məkana üz tutanlara lazımi şərait yaratmaqdır. Min bir sərvətli Kəlbəcər bu gün hünər meydanına çevrilmişdir. Çox tezliklə bu füsunkar diyar əzəli sakinlərini isti qoynuna alacaq.

Qədir ASLAN,

"Respublika".