Azərbaycanın daha bir beynəlxalq səviyyəli jurnalı impakt faktor alıb
Elm və təhsil

Azərbaycanın daha bir beynəlxalq səviyyəli jurnalı impakt faktor alıb

Bu gün ölkədə həyata keçirilən uzaqgörən, məqsədyönlü, milli maraqların qorunmasına və əhalinin sosial təminatının artırılmasına yönəlmiş dövlət siyasəti nəticəsində respublikada iqtisadi, siyasi, mədəni, sosial, hərbi və digər sahələrdə yüksək inkişafa nail olunub. Azərbaycanda elmin inkişafına da kifayət qədər dövlət qayğısı var. Buna baxmayaraq, yüksək reytinqli elmi nəşrlər və istinadlar sahəsində, xaricdə patentləşmiş və tətbiq olunmuş nəticələr istiqamətində ciddi çatışmazlıqlar mövcuddur. Fundamental elmin müxtəlif sahələrində çalışan alimlərin qarşısında dünya elmində gedən proseslərə daha sıx inteqrasiya olunmaq, beynəlxalq aləmdə tanınmaq kimi vacib məsələlər durur. Elmi tədqiqatlar Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni-mənəvi sahələrdəki vəzifələri ilə səsləşməli, elmi biliklərin cəmiyyətin təkamülündə rolu, yeri əsas strateji hədəfə çevrilməlidir. Azərbaycan alimləri həm də elmimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyətə üstünlük verməlidirlər. Dünyada tanınan, beynəlxalq səviyyəli, nüfuzlu jurnallarımız da məhz bu işə xidmət edir.  Ən mötəbər elmi qiymətləndirmə sistemi “Clarivate Analytics”də özünə yer alan “Applied and Computational Mathematics” jurnalı neçə illərdir ki, öz reytinqini qoruyub saxlayır, onun keyfiyyət əmsalı getdikcə artır.

2002-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis edilən “Applied and Computational Mathematics” (ACM) jurnalının nəşrinə başlayarkən ən böyük məqsəd Thomson Reuters Agentliyinin (indiki “Clarivate Analytics”) bazalarına daxil olmaq idi.

Nəşrin redaksiya heyətinə dünyanın 20-dək ölkəsini təmsil edən tanınmış alimlər cəlb olunub. İldə üç nömrəsi çap olunan jurnalda müasir nəzəri və tətbiqi riyaziyyatın aktual istiqamətlərində alınmış ən son elmi nəticələr dərc edilir.

2008-ci ildə Thomson Reutersin genişlənmiş siyahısına daxil olduqdan sonra dünyanın elmi ictimaiyyəti ilə əlaqələr genişləndi və 2010-cu ildə jurnala impakt faktor, təsir əmsalı verildi və bununla da, dünya elmi ictimaiyyətinin, alimlərin müraciətləri artdı. İndi jurnalın redaksiyası dünyanın 50 ölkəsinin 300-ə yaxın elm və təhsil müəssisəsi ilə əlaqə saxlayır. Jurnalın baş redaktorlarından biri, Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev deyir: Jurnalı dünya alimlərinin diqqətində saxlamaq, onu keyfiyyətli məqalələrlə təmin etmək üçün biz beynəlxalq səviyyədə tanınan “Control and Optimization With İndustrial Applications” konfranslar seriyasını RYTN-nin dəstəyi ilə davamlı şəkildə keçiririk. İndiyədək Bakıda, Ankarada və Sofiyada keçirilən bu konfranslar da öz növbəsində elmimizi və ümumiyyətlə, Azərbaycanı dünyada tanıtmaq kimi vacib işə öz töhfəsini verir. 2008-ci ildə Thomson Reuters Agentliyinin (indiki “Clarivate Analytics”) “Science Citation İndeks Expanded” siyahısına düşən jurnal 2010-cu ildə Azərbaycan elm tarixində ilk dəfə olaraq 0,633 təsir əmsalına layiq görüldü.

“Clarivate Analytics”in Elmi İnformasiya İnstitutunun 2015-ci il üçün açıqlanan hesabatında “Applied and Computational Mathematics”in impakt faktorunun 0,717-yə yüksəldiyi göstərilirdi. Bununla da jurnal MDB məkanında ilk üçlüyə, Şərqi Avropa regionu üzrə ilk beşliyə daxil oldu. Bu, həmin dövr üçün böyük nailiyyət idi. “Clarivate Analytics”in 2017-ci il hesabatına əsasən jurnalın təsir əmsalı 2.365, 2018-ci il hesabatına əsasən isə 3,16 olmuşdur. Bununla da jurnal MDB məkanında I, Avropada IV, dünyada isə X yerdə qərarlaşdı.

Azərbaycan elmi ictimaiyyəti bu günlərdə yayılan daha bir xəbəri də sevinclə qarşılayıb. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc olunan “Web of Science” bazasının Q1 siyahısında yer alan “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama  Riyaziyyatı) beynəlxalq jurnalının təsir əmsalı (İmpact Factor) 3.898-ə yüksəlib. Beşillik təsir əmsalı isə 2.752 olub. Bunun isə başlıca səbəblərindən biri dünyanın tanınmış universitet və elmi tədqiqat mərkəzlərində çalışan alimlərin öz əsərlərində jurnalda nəşr olunan məqalələrə istinad etmələridir. Elə jurnalın qeyd olunan reytinqinin müəyyən edilməsində də bu istinadların sayı rol oynayıb.

Jurnalın fəxri redaktoru İllinoys Universitetinin (ABŞ) professoru Tamer Başar, baş redaktorları - Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat  İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Ukrayna MEA-nın Mexaniki Problemləri İnstitutunun professoru Vladimir Larindir.

Onu da qeyd edək ki, 2009-cu ildə Almatı şəhərində keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin üçüncü konqresində “Türkic World Mathematics Society (TWMS) Journal of Pure and Applied Mathematics” (Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Təmiz” və Tətbiqi Riyaziyyat) jurnalının təsis edilməsi haqqında qərar qəbul olunmuş, onun da nəşri Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna həvalə edilmişdi. Jurnal  qısa zamanda “Clarivate Analytics”in yeni yaradılmış “Emerging Sources Citation İndex” bazasında yer almışdı. 2016-cı ildə “Web of Science” jurnalı nominasiyası üzrə mükafata layiq görülmüşdür.

Azərbaycanda bu gün 360-dan çox elmi jurnal nəşr olunur ki, onlardan yalnız 17-si “Clarivate Analytics”in texniki şərtlərini ödəyə bilir. Quruma təqdim olunan bu 17 jurnaldan isə yalnız 4-ü seçilərək genişlənmiş siyahıya daxil edilib.  Bunlar “Riyaziyyat Mexanika İnstitutunun əsərləri”, Azərbaycan Riyaziyyat Cəmiyyətinin “Azerbaijan Journal of Mathematics”, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “TWMS Journal of Pure and Applied Mathematics” jurnalı və Xəzər Universitetinin ictimai-siyasi elmlər üzrə nəşr etdiyi jurnaldır.

Onu da deyək ki, ABŞ-ın “Clarivate Analytics” Agentliyinin bu günlərdə açıqlanan 2020-ci ilin hesabatına əsasən (bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnalları, onların impakt faktorlarının (təsir əmsalı) dinamikası və s. haqqında məlumatı əks etdirir), Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda (TRETİ) nəşr olunan və “Science Citation İndex Expanded” (SCİE) bazasında yer alan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) “Təmiz” və “Tətbiqi riyaziyyat jurnalı”) jurnalı 1.892 təsir əmsalı alıb.

Beləliklə, bu nəşr Azərbaycanın “Clarivate Analytics” Agentliyinin bazasına daxil olan və impakt faktor almış ikinci elmi jurnalıdır. Bununla bağlı jurnalın baş redaktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyev bizimlə söhbətində dedi: “Ümumiyyətlə, elmi jurnallar həmin ölkədə elmin inkişaf səviyyəsini göstərir. Azərbaycan ta qədimdən elm ocağı, elm məkanı olub. Bunu dünya elminə bəxş etdiyimiz böyük şəxsiyyətlər də təsdiq edir. Azərbaycanlı alimlərin aldıqları nəticələr dünya elmi ictimaiyyəti arasında böyük əks-səda doğurub həmişə. Beynəlxalq, dünyada tanınan jurnallara da həmişə ehtiyac duyulub. Bu sahədə təcrübəmiz var. Belə ki, vaxtilə “Elmlər Akademiyasının Xəbərlər” bülleteni hələ sovetlər dönəmində Thomson Reutersin bazasına daxil olub, dünya elmi ictimaiyyəti tərəfindən tanınıb. Biz “Applied and Computational Mathematics” jurnalının nəşrinə başlayanda da hədəfimiz bu idi, dünyanın ən nüfuzlu qiymətləndirmə sistemində yer almaq. Çətin də olsa, böyük zəhmət hesabına buna nail olduq. Bu gün isə Azərbaycanda nəşr olunan ikinci bir jurnalın impakt faktor alması böyük hadisədir və bunun da arxasında redaksiya kollektivinin gərgin əməyi durur. Diqqət edin, “Applied and Computational Mathematics” jurnalı da bizim digər elmi jurnallarımızla eyni vaxtda “Clarivate Analytics”in genişlənmiş siyahısına daxil olub. Qısa zaman kəsiyində impakt faktor ala bilməsi, zənnimcə, sevindirici haldır”.

2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc olunur. Bütün məqalələr “MatReviews”, “Zentrablatt”, “VINITI” kimi nüfuzlu bazalarda referat edilir, “E-Letter”, “Na Digest” elmi saytlarında anons olunur.

Fikrət Əliyev əldə olunan nəticənin kollektiv əməyin məhsulu olduğunu xüsusi vurğulayaraq hazırda genişləndirilmiş siyahıda özünə yer alan elmi jurnallarımızdan   da danışaraq dedi: “Hər bir kollektivdə sağlam mühit mühüm şərtdir, hər kəsə əməyinə görə qiymət verilməlidir. Mən hər iki jurnalın əldə etdiyi nəticənin qazanılmasında böyük xidmətləri olan hər kəsə minnətdarlığımı bildirirəm. Bizə göstərdikləri köməyə görə Tamer Başar və Vladimir Larinə də təşəkkür edirəm.

Mən hazırda genişləndirilmiş siyahıda olan jurnallarımızdan da bunu gözləyirəm. Uğur birgə işləməkdədir. Biz bir-birimizin uğuruna sevinməliyik. Bir misal çəkim. 2010-cu ildə ACM jurnalı impakt faktor alanda Redaksiya Heyəti məşhur alimimiz Lütfi Zadədən təbrik məktubu almışdı. Məktubda o, təsir əmsalına görə kollektivi təbrik edir, uğurlar arzulayırdı.

Bəli, elmimizi dünyada  tanıdan, həmvətənlərinin ən kiçik uğuruna belə sevinən böyük ustadlardan dərs almağa dəyər. İnanıram ki, əgər sağ olsaydı, bu böyük alim ikinci jurnalımızın da təsir əmsalı almasına sevinərdi.

Bu gün doğrudan da sevinməyə dəyər, çünki hər bir elmi jurnalın beynəlxalq səviyyədə uğuru Azərbaycan elmi ictimaiyyətinin nailiyyətidir. Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Journal of Pure and Applied Mathematics”  jurnalının impakt faktor alması Türk dünyasının uğurudur.

Biz də hər iki jurnalın redaksiya kollektivini, bu işdə əməyi keçən hər kəsi təbrik edir, Azərbaycanın dünyada tanıdılması kimi şərəfli işlərində uğurlar diləyirik.

Zümrüd QURBANQIZI,

“Respublika”.