Azərbaycanın bütün səyləri sülhün, sabitliyin təmin olunmasına yönəlib
Siyasət

Azərbaycanın bütün səyləri sülhün, sabitliyin təmin olunmasına yönəlib

2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamaqla təslim olduğunu bəyan edən Ermənistan hökuməti iki ildir ki, hələ də xalqını heç bir mahiyyət kəsb etməyən boş vədlərlə aldadır. İşğalçı dövlət mütəmadi olaraq təxtibatlar törətməklə imzaladığı təslimolma aktının müddəalarını pozur, regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasına imkan vermir. Bu istiqamətdə atdığı hər addımda layiq olduğu cavabı almasına baxmayaraq, nə Aprel, nə Tovuz döyüşləri, nə də Vətən müharibəsi yarandığı gündən yalnız işğalçılıq siyasəti yürüdən Ermənistana dərs olmayıb.

Vətən müharibəsini ədalətlə aparan, yalnız öz ərazilərindən düşməni çıxaran Azərbaycan üçtərəfli bəyanatı imzalayarkən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Üçtərəfli Bəyanatda, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizinin Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalması, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planının müəyyən edilməsi və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulmuşdur. Azərbaycanın qısa müddət ərzində tikdiyi 32 kilometr uzunluğunda alternativ yol hazır olduqdan sonra Prezident İlham Əliyev Rusiya hökumətinə rəsmi bildiriş göndərərək avqustun 5-də sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirməsini bildirmişdir. Bundan duyuq düşən Ermənistan isə yolun 2023-cü ilin sonuna qədər inşa ediləcəyini bəyan etmişdir. Dövlət başçımız  hər zaman olduğu kimi, bu dəfə də qeyri-konstruktivlik nümayiş etdirən Ermənistana üçtərəfli Bəyanatın bu müddəasını da yerinə yetirmədiyi təqdirdə Azərbaycanın avqustun 5-də Laçın dəhlizinə girəcəyini, orada öz postlarını quracağını bəyan etməsindən sonra Qarabağda yaşayan ermənilər məskunlaşdıqları Azərbaycan torpaqlarından çıxmaq üçün vaxt istəmişlər. Bu dəfə də Azərbaycan dövləti humanistlik göstərərək onlara avqustun sonuna qədər vaxt vermişdir. Və nəhayət, bu il avqust ayının sonlarında laçınlılar Laçına qayıtmaq imkanı qazandılar. Prezident, Ali Baş Komandan İlham Əliyev avqustun 26-da "Twitter" səhifəsində paylaşım etdi: "...biz Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Məlumdur ki, 44 günlük Vətən müharibəsində cənub hissəsi işğaldan azad olunan Laçın rayonu tam olaraq Azərbaycanın nəzarətinə keçməmişdi. Azərbaycanın Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yoluna alternativ yol çəkməsindən sonra avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil olmuş və sentyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmışdır. Bu qürurverici anı ölkə başçımız belə ifadə etmişdir: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".

Laçın rayonu 1992-ci il may ayının 18-də Ermənistan tərəfindən işğal edilmiş, zəbt olunmuş digər rayonlarımız kimi 30 il erməni vandalizminə məruz qalmış, əsasən Suriya və Livandan gətirilən ermənilər burada qeyri-qanuni şəkildə məskunlaşdırılmışdır. Azərbaycanın bu dilbər guşəsinin böyük bir hissəsi dağıdılmış, bir hissəsi isə erməniləşdirilmişdir. İkinci Qarabağ müharibəsi bitdikdən sonra da dağıdıcı siyasətindən əl çəkməyən, Azərbaycanın onun ərazilərinə girdiyini uyduran ermənilər 2021-ci ildə Laçın rayonunda 1400-dən çox mina basdırmışlar. Sözsüz ki, beynəlxalq aləm, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri düşmənin bu cinayətinə də həmişə olduğu kimi, göz yummuş, Azərbaycan xalqına qarşı bu ədalətsizliyi görməzdən gəlmişdir. Lakin  Azərbaycanla sərhəd xəttində bu illər ərzində heç bir tikinti işləri aparmayan, kommunikasiyalar qurmayan Ermənistan öz əməlləri ilə özünü ifşa edərək bir daha sübut etmişdir ki, bu torpaqlar onlara məxsus deyil. Özgə torpağında isə kim qurub yaradar ki?!. Onlar çox yaxşı bilirlər ki, Azərbaycan onlara bir qarış da olsa torpaq verməyəcək, buna görə də ərazilərdə barbarlıq törədirlər.

Lakin vəhşi, vandal düşmən bununla heç bir şeyə nail ola bilmir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində 30 il işğal altında qalan Azərbaycan torpaqlarında, o cümlədən Laçın şəhərində üçrəngli bayrağımız dalğalanır. Azərbaycan gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirir. Regionda sülhün bərqərar olmasına töhfə verərək, ölkələrlə əməkdaşlıq əlaqələrinin qurulmasına, dostluq, qonşuluq münasibətlərinin möhkəmlənməsinə, daha da genişlənməsinə çalışaraq dünyadakı nüfuzunu daha da artırır. Bütün dünyada sülhsevər, tolerant, heç bir dövlətlə ədavət aparmayan ölkə kimi tanınan müstəqil Azərbaycan həm də qüdrətli, güclü orduya sahib, məqsədyönlü, müdrik siyasət yürüdən, humanist bir ölkə kimi qəbul edilir.

Davamlı olaraq sərhəddə törətdiyi təxribatlar, Azərbaycanın sülh təklifini bu günədək imzalamaması, kommunikasiyaların açılmasına razılıq verməməsi, sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasını ləngitməsi - bütün bunlar Ermənistanın sülh istəməməsi, bununla da regionda sülhü təhdid etməsinin göstəricisidir. Lakin Ermənistan bu mövqeyindən əl çəkməli, hazırkı vəziyyətini anlamalı və bunu düzgün qiymətləndirməlidir. Özü üçün də mühüm əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılmasına əngəl törətməkdən əl çəkməlidir. Çünki Azərbaycan hər zaman verdiyi hər bir vədinə əməl edib. Bu mənada, ölkə başçımız ötən il aprel ayının 20-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Zəngəzur dəhlizinin də mütləq açılacağını söyləyərək demişdir: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".

Ermənistan Azərbaycanın yaratdığı reallıqları qəbul etməli və imzaladığı üçtərəfli Bəyanatın bütün bəndlərini yerinə yetirməli, düşdüyü vəziyyətdən nəticə çıxarmalı və sülh prosesini dayandırmağın qeyri-mümkünlüyünü dərk etməlidir. Əks təqdirdə, yenə də uduzan qarşı tərəf olacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".