Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada işgüzar səfərdə olub
Siyasət

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada işgüzar səfərdə olub

Azərbaycanın və Ukraynanın prokurorluq orqanları arasında əməkdaşlıq haqqında Saziş imzalanıb

Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevdə işgüzar səfərdə olub.

AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad edib.

Sonra Azərbaycanın və Ukraynanın Baş prokurorluqları arasında geniş tərkibdə görüş keçirilib.

Qonaqları salamlayan Ukrayna Baş prokuroru İrina Venediktova noyabrın 30-da ölkəmizdə baş vermiş helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

İrina Venediktova bildirib ki, Ukraynanın Azərbaycanın Baş Prokurorluğu ilə kifayət qədər sıx əməkdaşlığı var. O, ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən hüquq-mühafizə orqanları ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Səmimi qəbula görə ukraynalı həmkarına təşəkkürünü bildirən Azərbaycanın Baş prokuroru Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə köklü hüquqi islahatlar aparılıb və bu istiqamətdə işlər davam etdirilir. İki ölkə arasında bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də əlaqələrin inkişaf etdiyini deyən Kamran Əliyev vurğulayıb ki, Azərbaycanın və Ukraynanın prokurorluq orqanları mütəşəkkil cinayətkarlığa qarşı birgə effektiv mübarizə aparır.

Görüşün sonunda Azərbaycanın və Ukraynanın Baş prokurorları Kamran Əliyev və İrina Venediktova iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq haqqında Sazişi imzalayıblar.

Sənədə əsasən, tərəflər cinayətkarlığa, xüsusən də onun mütəşəkkil formalarına, o cümlədən ekstremizm, terrorizm, cinayət əməlləri nəticəsində əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması), korrupsiya, mənimsəmə və dələduzluqla mübarizədə qarşılıqlı əməkdaşlıq edəcəklər. Həmçinin hər iki ölkənin prokurorluq orqanları iqtisadiyyat və yüksək texnologiyalar, insan alveri, qeyri-qanuni miqrasiya və digər cinayət növləri sahəsində cinayətlərə qarşı mübarizə aparacaq. Saziş, həmçinin Azərbaycan və Ukrayna prokurorluqlarının fəaliyyəti, o cümlədən cinayət tendensiyaları, cinayətlərin açılması və qarşısının alınması üzrə təcrübə və məlumat mübadiləsini nəzərdə tutur.

Səfərin ikinci günü Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukraynanın prokurorluq orqanlarının yaranması ilə bağlı keçirilən bayram tədbirində iştirak edib. Tədbirdə, həmçinin Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk, Baş nazir Denis Şmıqal, deputatlar, Kiyevdə səfərdə olan xarici ölkələrin prokurorları iştirak ediblər.

Daha sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev Kiyevdə keçirilən "Kleptokratiya və qeyri-qanuni maliyyə axınları" mövzusunda beynəlxalq forumunun açılış mərasimində çıxış edib. Baş prokuror çıxışında bildirib ki, qanuni vəsaitləri qeyri-qanuni istiqamətlərə yönəltməklə, kleptokratiya və qeyri-qanuni maliyyə axınları ölkələrin sosial-iqtisadi rifahını təhdid edir. Milli iqtisadiyyatların artan qarşılıqlı əlaqə səviyyəsini nəzərə alaraq yüksək texnologiyaların sürətli inkişafı bu problemi daha da çətinləşdirir, onu transmilli təhlükəyə çevirir.

Kamran Əliyev çıxışında kleptokratiya və qeyri-qanuni maliyyə axınlarının yaratdığı təhlükələrdən danışıb, habelə vurğulayıb ki, Azərbaycan onlara qarşı səmərəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirib, qanunvericilik, institusional və əməli tədbirlər həyata keçirib. Bununla bağlı Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq müqavilələri ratifikasiya edib. Bundan əlavə, Azərbaycan son illərdə maliyyə sisteminin şəffaflığının artırılması və dövlət idarəçiliyində hesabatlılığın artırılması məqsədilə bir sıra dövlət proqramları və sənədlər qəbul edib, qanunvericiliyə dəyişikliklər olunub, struktur islahatları aparılıb.

AZƏRTAC