Azərbaycanın Baş prokuroru peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib
Sosial həyat

Azərbaycanın Baş prokuroru peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanlarının yaranmasının 103 illiyi, habelə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə prokurorluğun əməkdaşlarına müraciət ünvanlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 103 illiyi münasibətilə əməkdaşları, təqaüddə olan veteranları, onların ailə üzvlərini təbrik edən Kamran Əliyev onlara sağlam və xoşbəxt həyat arzulayıb.

Müraciətdə bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olunub, ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Tarix yazan Sərkərdə İlham Əliyevin yenilməz iradəsi və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində düşmən üzərində qazanılmış misilsiz Zəfər Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə ölkəmizin növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaradıb. Dövlətimizin başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng tikinti-quruculuq, abadlıq işləri əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış"ın əsasını qoyub.

Kamran Əliyev bir əsrdən artıq zəngin və şərəfli tarixə malik Azərbaycan Prokurorluğunun bu gün fəaliyyətini cəmiyyətdə formalaşan yeni çağırışlara, çağdaş dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla, dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutduğunu, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində xidmət göstərdiyini xüsusi vurğulayıb.

Baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik ideyalarına sadiqliyi ilə seçilən Azərbaycan Prokurorluğunun kollektivinin bundan sonra da öz fəaliyyətini dövlətimizin başçısı İlham Əliyevin müasir tələbləri səviyyəsində quraraq, bütün səylərini dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə sərf edəcəyinə əminliyini bildirib.

AZƏRTAC