Azərbaycanın baş prokuroru Litvanın ölkəmizdəki səfiri ilə görüşüb
SİYASƏT

Azərbaycanın baş prokuroru Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 19-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Litvanın ölkəmizdəki səfiri Eqidius Navikas ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin prokurorluq orqanlarında həyata keçirilən islahatlar, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Litvanın hüquq-mühafizə orqanları ilə illərdir uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edilərək, Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Litvanın Xüsusi İstintaq İdarəsi ilə Azərbaycan Prokurorluğu arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin qaytarılması və əmlakın bərpası sahəsində gələcək layihələr müzakirə olunub.

Səfir Eqidius Navikas ikitərəfli münasibətlərə toxunaraq ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Diplomat ölkələrimizin hüquq-mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

AZƏRTAC