Azərbaycanın Baş naziri Çolpon-Ata şəhərində qırğızıstanlı həmkarı ilə görüşüb
Siyasət

Azərbaycanın Baş naziri Çolpon-Ata şəhərində qırğızıstanlı həmkarı ilə görüşüb

Qırğız Respublikası Nazirlər Kabineti sədrinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində qırğızıstanlı həmkarı Akılbek Japarovla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

İkitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin xüsusi önəm daşıdığı bildirilib. Bu baxımdan cari ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"nin və digər sənədlərin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracağına əminlik ifadə edilib.

Görüşdə, həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri geniş müzakirə olunub.

AZƏRTAC