Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu yüksək qiymətləndirilir
SİYASƏT

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu yüksək qiymətləndirilir

Davosdan mühüm mesajlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdə olub. Dövlət başçısı Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" adlı panel iclasında, "Yeni enerji reallığının istiqamətləndirilməsi" mövzusunda dəyirmi masada iştirak edib, səfər çərçivəsində keçirdiyi görüşlərdə mühüm mesajlar səsləndirib.

"Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında söyləyib. Dövlət başçısı qeyd edib ki, əlbəttə, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir: "Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq sadəcə, biznes mühiti kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır - qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə tuturam".

 Dövlət başçısı bildirib ki, Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir. Bununla yanaşı, Türkmənistan, Qazaxıstan və Azərbaycanın limanlarını, yaxşı dəmir yolu bağlantısına malik Mərkəzi Asiya ölkələrini qeyd etmək lazımdır. Beləliklə, iştirakçı dövlətlərdən - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və avropalı tərəfdaşlardan ibarət icraiyyə komitəsi və ya idarə heyəti yaradılmalıdır. Nisbətən sonra yaratdığımız və hazırda Azərbaycanı, Gürcüstanı, Türkiyəni birləşdirən və Avropaya qədər uzanan dəmir yolu bağlantısı uğurla icra etdiyimiz neft və qaz kəmərləri layihələrindən qaynaqlandı: "Hesab edirəm ki, dəhlizin bu tərəfində işlər tamamlanıb, o cümlədən nəqliyyat infrastrukturu yerindədir".

Latviya Respublikasının Prezidenti Egils Levits ilə söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirilib. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirilib, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edilib. Davosda Niderlandın "Damen Shipyards Group" şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşü zamanı "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini vurğulayaraq, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını deyib: "Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır", - deyə Prezident bildirib.

 Davosda Xorvatiya Baş naziri Andrey Plenkoviç ilə görüşdə minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malik olduğu bildirilib. Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla bağlı müxtəlif avadanlıqların alındığı vurğulanıb. Minatəmizləmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı qeyd olunub. Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb. Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırladıb və BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib. O, hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə dünya ölkələri arasında aparıcı dövlət olduğunu deyib. Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsinin dünya ölkələri üçün də maraqlı olduğunu qeyd edib.

 Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulanıb. Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edilib. BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşdə Luni uzunmüddətli strateji əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dünyada böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın qazandığı uğurların önəmini vurğulayan Bernard Luni, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işləri qeyd edib. Bernard Luni əminliklə bildirib ki, Azərbaycanda əldə olunan nailiyyətlər böyük inkişaf proseslərinin başlanğıcıdır.

"Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğu vurğulanıb, bu xüsusda əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti vurğulanıb. Qautam Adani şirkətin Hindistanda və dünyanın müxtəlif bölgələrində limanların idarə edilməsi, nəqliyyat və daşıma sahələrində geniş təcrübəyə malik olduğunu, dünyanın bir sıra ölkələrində bu sahələrdə birbaşa investisiyalarla çıxış etdiyini bildirib. Azərbaycanın birbaşa xarici investisiyalar üçün cəlbedici olması, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşündə Azərbaycanla Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub, Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyi vurğulanıb. Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib. Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğulayıb, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələrdən danışıb, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd edib.

 Dövlət başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirib. Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırılıb, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulanıb.

Mustafa KAMAL,

"Respublika".