Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi çərçivəsində minatəmizləmə fəaliyyətinə dair tədbir keçirilib
Siyasət

Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi çərçivəsində minatəmizləmə fəaliyyətinə dair tədbir keçirilib

Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi çərçivəsində Avstriya Milli Müdafiə Akademiyasında "Humanitar minatəmizləmə fəaliyyəti: çağırışlar, innovativ həllər və beynəlxalq yardım" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ATƏT-in iştirakçı dövlətlərinin təşkilat yanında daimi nümayəndəliklərinin rəhbər və əməkdaşları, diplomatlar və beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli tədbirin təşkilində göstərdiyi dəstəyə görə Avstriya Milli Müdafiə Akademiyasına təşəkkür edib. Bildirilib ki, bu yaxınlarda xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycanın sədrlik dövrü üçün proqramını təqdim edib. Qeyd edib ki, yüngül və atıcı silahlar, adi silah-sursat, o cümlədən minaların törətdiyi təhlükələr Forumun əsas mövzularından biridir və buna görə Azərbaycanın sədrlik dövründə gündəmdə vacib yer tutacaq.

Səfir vurğulayıb ki, 2020-ci ildə minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular dünya miqyasında 10 mindən çox insan itkisinə səbəb olub. Hazırda 60 milyon insan partlayıcı sursat və minalarla çirklənmədən əziyyət çəkir və yardıma ehtiyac duyur. O, həmin ölkələr arasında Azərbaycanın da olduğunu vurğulayıb.

Diplomat diqqətə çatdırıb ki, minalarla bağlı problemin qlobal miqyasını nəzərə alaraq, eləcə də mövcud reallıqlar və ehtiyacları əks etdirmək məqsədilə Azərbaycan sədrliyi dövründə ayrıca tədbirin təşkilinə qərar verdi. Tədbirin hədəfi mina problemindən əziyyət çəkən ölkələrin təcrübəsi, innovativ ideyalar və həllər təklif edən şirkətlərin təcrübəsi, habelə müxtəlif səviyyələrdə minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstək verən təşkilatların fəaliyyətini işıqlandırmaqdır.

Tədbirin açılış hissəsində Avstriya Milli Müdafiə Akademiyasının rəhbəri, general-leytenant Erix Çsitkovits çıxış edərək, regionun Akademiya üçün vacibliyini və tədbirin mövzusunun Avstriya üçün əhəmiyyətini qeyd edib.

Tədbirin ekspertlər panelində ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov, Avstriyanın "Schiebel" şirkətinin regional satış direktoru Mixael Noyfinqerl-İlle, BMT-nin İnkişaf Proqramının Bərpa və əhalinin mobilliyi qrupunun baş məsləhətçisi Steynar Essen və "ITF Enhancing Human Security" qeyri-kommersiya təşkilatının direktoru Tomaş Lovrençiç çıxış ediblər.

ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və partlamamış hərbi sursatlardan çirklənmə dərəcəsi barədə məlumat verib və bu vəziyyətin ölkədə humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olan təşkilat kimi ANAMA üçün yaratdığı çətinlikləri göstərib. S.Poladov bu ərazilərin təmizlənməsi məqsədilə həyata keçirilən tədbirlər və ANAMA-nın əməliyyatları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. ANAMA rəsmisi azad olunmuş ərazilərdə aparılmış qiymətləndirmə nəticəsində müəyyən olunmuş minalardan çirklənmə səviyyəsi nəzərə alınaraq Agentliyin öz imkanlarını və təmizləmə əməliyyatlarına cəlb olunan heyətini əhəmiyyətli dərəcədə artırdığını bildirib. Bununla belə aşkarlanan mina və sursatların qeyri-ənənəvi növünü və hədsiz sayını göstərməklə bu sahədə təşkilatın üzləşdiyi çağırışları sadalayıb və beynəlxalq tərəfdaşları bu fəaliyyətə daha fəal cəlb olunmağa çağırıb.

BMT-nin İnkişaf Proqramının Ərazilərin bərpası və əhalinin mobilliyi qrupunun baş məsləhətçisi Steynar Essen mina təmizləmə əməliyyatlarına donorların dəstəyi üzrə dünyada müşahidə olunan trendlərə toxunub, Azərbaycanda BMT tərəfindən aparılan qiymətləndirmədən və özünün müşahidələrindən danışıb. O, ANAMA-nın üzləşdiyi yeni vəziyyətə uyğunlaşmaq üçün həyata keçirdiyi tədbirləri təqdir edib və bu sahədə milli standartların yeniləndiyini xüsusi vurğulayıb.

Çıxışlardan sonra məruzəçilərə suallar verilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC