Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Şuşada səfərdə olublar
Region

Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Şuşada səfərdə olublar

Sentyabrın 10-da Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə reallaşdırdığı səfər çərçivəsində 30 gənclər təşkilatının 50-də çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələrimiz, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən və qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.

Gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrini dərin ehtiramla yad ediblər.

Səfərin iştirakçıları Prezident İlham Əliyevin Cıdır düzündə xalqa müraciəti zamanı söylədiyi “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq” sözlərini xatırlayaraq, ölkə gənclərinin hər zaman dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsi üçün Azərbaycanın hər bir gəncinin səfərbər olduğunu vurğulayıblar.

Şuşa səfəri zamanı 44 günlük Vətən müharibəsi dövründə gənclər təşkilatlarının fəaliyyəti və Qarabağa qayıdışla bağlı qarşıdakı fəaliyyət planları müzakirə olunub.

Xatırladaq ki, bundan əvvəl gənclər təşkilatlarının nümayəndələri Gənclər Fondunun təşkilatçılığı ilə Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC