Azərbaycanı beynəlxalq hüququn müstəqil subyektinə çevirən lider
Siyasət

Azərbaycanı beynəlxalq hüququn müstəqil subyektinə çevirən lider

Ümummilli lider Heydər Əliyevin keçdiyi yola və Azərbaycan üçün gördüyü işlərə nəzər yetirərkən çoxşaxəli fəaliyyətinin diqqətəlayiq istiqamətlərindən biri kimi yürütdüyü xarici siyasət xüsusilə diqqəti cəlb edir. Belə ki, ulu öndər Heydər Əliyevin məhz xarici siyasətdə, beynəlxalq münasibətlərdə uğurlu taktiki və strateji fəaliyyətinin nəticəsi kimi, Azərbaycanın suveren dövlət olaraq siyasi, hüquqi, iqtisadi və digər sahələrdə milli maraqları əsas götürülməklə beynəlxalq birliyə uğurlu inteqrasiyasına nail olundu.

Odur ki, bu gün biz müstəqil Azərbaycanın siyasi, iqtisadi, hərbi uğurlarından, Cənubi Qafqazın ən inkişaf etmiş dövləti, beynəlxalq birlikdə güvənilən strateji tərəfdaş kimi yüksək statusundan danışarkən Heydər Əliyevin uzaqgörən və düşünülmüş xarici siyasət kursuna, Azərbaycan Respublikasının beynəlxalq hüququn müstəqil subyekti kimi tanınmasına istiqamətlənmiş fəaliyyətinə qısaca da olsa nəzər salmağı vacib hesab edirik. Təbii ki, həyata keçirilən işləri bir məqalə çərçivəsində əhatə etmək qeyri-mümkündür, lakin bir sıra mühüm aspektlərə toxunmaq istərdik.

Ölkə tarixinin keşməkeşli, çətin dönəmində Azərbaycan xalqının israrlı tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderin zəngin bilik və bacarığı, yüksək dövlət idarəçiliyi və uzaqgörənlik qabiliyyəti sayəsində formalaşdırdığı dövlət siyasəti ölkəmizin ildən-ilə müasir dünyada imicinin və mövqeyinin güclənməsinə zəmin yaratdı.

Ulu öndər: "Müstəqil Azərbaycanda hüquqi-demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir", - söyləməklə beynəlxalq birliyə daxil olmaq üçün prioritetləri müəyyən etdi.

Azərbaycanın daimi müstəqilliyinin təminatı üçün demokratik dəyərlərin üstünlüyünü, hüquqi dövlət quruculuğunun əsas prinsiplərini qəbul edən, insan hüquq və azadlıqlarının reallaşdırılmasına şərait yaradan Əsas Qanunun - Konstitusiyanın qəbulunun zəruriliyini nəzərə alaraq məhz Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya layihəsini hazırlayan Komissiya təşkil edildi. Komissiyanın sədri isə ulu öndər Heydər Əliyev seçildi. Çox qısa bir müddətdə layihə hazırlanaraq ictimai müzakirəyə təqdim olundu və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.

Konstitusiyanın milli hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də ölkə tarixində ilk dəfə olaraq konstitusiya nəzarəti institutunun yaradılması olmuşdur.

Əsas Qanunun qəbulu ilə ölkədə həyata keçirilən demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu, iqtisadi, sosial, məhkəmə-hüquq islahatlarına paralel, Azərbaycanın dövlət suverenliyinə beynəlxalq təminatın yaradılması məqsədilə mühüm işlərə başlanıldı.

1996-cı il iyunun 28-dən etibarən Azərbaycan Respublikasının Avropa Şurasında "xüsusi qonaq statusu"nda iştirakı təmin olundu.

Ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların tez bir zamanda həyata keçirilməsinə imkan verdi.

Avropa Şurasına üzvlüklə bağlı öhdəliklərdən biri humanizm prinsipi baxımından qəbuledilməz hesab olunan ölüm hökmünün ləğvi ilə bağlı olmuşdur.

Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində insanın təbii hüquqlarından olan yaşamaq hüququnun toxunulmazlığı, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş və bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Qanunverici orqan da ölüm hökmünün ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə belə bir tarixi qərar qəbul edilmişdir.

1995-ci ildən ölkəmizdə əfv və amnistiya təsisatlarının bərpa edilməsi sayəsində isə on minlərlə insan yenidən azadlığa qovuşmuşdur.

Ümummilli lider Heydər Əliyevin insan hüquq və azadlıqlarına verdiyi yüksək dəyərin daha bir göstəricisi isə 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi sahəsindəki tədbirlər haqqında" imzaladığı Fərman olmuşdur. Həmin Fərmandan sonra 1998-ci il 18 iyun tarixində qanunvericilik və institusional islahatların həyata keçirilməsinin nəzərdə tutulduğu "İnsan haqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilmişdir.

Rəsmi Bakı tərəfindən Avropa Şurasına üzvlüklə əlaqədar təşkilatın demokratik inkişafa yönəlmiş təklif və tövsiyələrinin realizəsi istiqamətində atılan addımlardan biri də 28 dekabr 2001-ci il tarixində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, 2002-ci ildə Ombudsman institutunun fəaliyyətə başlaması üçün maddi-texniki bazanın təşkili olmuşdur.

26-28 iyun 2000-ci ildə Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvü qəbul edilməsinə dair müsbət rəy verilmiş, 17 yanvar 2001-ci ildə isə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Ölkəmizin bu təşkilata üzv qəbul edilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur.

 2001-ci il dekabrın 25-də Milli Məclis "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik dəyərlərə, insan hüquq və əsas azadlıqlarının təminatına yüksək sadiqlik nümayiş etdirmişdir. 15 aprel 2002-ci il tarixində ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olunmuş, bununla da, ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı yaranmışdır.

Ulu öndər dünyanın ən böyük təşkilatı sayılan BMT-nin tribunasında və digər beynəlxalq tədbirlərdə daim əsaslandırılmış çıxışları ilə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməli olduğu fikrini israrla səsləndirirdi.

Xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən təxirəsalınmadan aparılan işlərin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlum qətnamələr qəbul edildi. Bu qətnamələr, xüsusilə 853 saylı qətnamə ilə ermənilər münaqişədə iştirak edən işğalçı tərəf kimi təqdim edilir, həmin işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. 853 saylı qətnamənin 9-cu və 10-cu bəndlərində səslənən fikirlər Ermənistanın artıq BMT tərəfindən işğalçı dövlət kimi qəbul edildiyinin göstəricisi idi.

Belə ki, 853 saylı qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq ordusunu işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı. Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğu faktını qəbul etdiyini göstərmiş olurdu.

Ulu öndərin beynəlxalq münasibətlərdə həyata keçirdiyi siyasət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edilməlidir ki, Azərbaycan torpaqlarının işğal altında olduğu müddət ərzində qəbul edilmiş və ölkəmizin ərazi bütövlüyünü tanıyan beynəlxalq aktlar 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq tərəfi olmasını, hərbi əməliyyatların əzəli torpaqların işğaldan azad edilməsinə, ölkənin beynəlxalq müstəvidə tanınan sərhədlərinin bərpasına yönəldiyini təsdiqləyən hüquqi sənədlər qismində çıxış etdi.

Ümummilli liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasıdır. Bu müqavilə ölkə iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun inkişafına şərait yaratmaqla, Azərbaycanın iqtisadi suverenliyinin bərqərar olmasına, beynəlxalq hüququn müstəqil subyekti kimi mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək dünya birliyinə sıx inteqrasiyasını təmin etdi.

Bu layihə barədə danışarkən dövlət başçısı İlham Əliyev qeyd edib ki, bu müqavilənin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. Kontraktın imzalanması böyük siyasi cəsarət tələb edirdi və yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə buna nail olunmuşdur.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir.

Sərəncamda "Müstəqil Azərbaycanın ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti, bu müqəddəs mirası qoruyub saxlamağın isə hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğu" qeyd olunmuşdur.

Hesab edirik ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur Ordumuzun şücaət və qəhrəmanlığı sayəsində qalib xalq kimi tariximizin ən şanlı dönəmində bu ölkənin vətəndaşı olaraq bizlər də gələcək nəsillərin azad, müstəqil, firavan Azərbaycanda yaşamaları üçün gördüyümüz işlərdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmalı, bu yolda əməyimizi əsirgəməməliyik.

Rəna ABBASOVA,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Aparatının

Cinayət və inzibati hüquq şöbəsinin

müdiri vəzifəsini icra edən.