Azərbaycandakı dini konfessiyaların rəhbərləri Avropa Parlamenti tərəfindən qəbul olunmuş anti-Azərbaycan qətnamə ilə bağlı birgə bəyanat yayıblar
Digər xəbərlər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Avropa Parlamenti tərəfindən qəbul olunmuş anti-Azərbaycan qətnamə ilə bağlı birgə bəyanat yayıblar

Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, alban-udi və yəhudi konfessiyalarının rəhbərləri 2022-ci ilin martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunmuş anti-Azərbaycan qətnamənin qəbul edilməsi ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, alban-udi və yəhudi konfessiyalarının rəhbərləri dindarlarımızın arzu və iradəsini ifadə edərək, 2022-ci il martın 10-da Avropa Parlamenti tərəfindən anti-Azərbaycan qətnamənin qəbul edilməsi ilə bağlı birgə bəyanat imzalayaraq bununla bağlı dərin narahatlığımızı bildirir, göstərilən sənədin ikili standartlara və islamofobiya meyillərinə məruz qalan və ermənipərəst siyasəti müdafiə edən mövqenin ifadəsi kimi dəyərləndiririk. Birmənalı şəkildə bildiririk ki, qətnamənin mətnində yer almış fikirlər yanlışdır, böhtan xarakteri daşıyır və tamamilə qəbuledilməzdir.

Nəinki Avropa Parlamentinin nümayəndələri, bütün dünya bilməlidir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda, onun paytaxtında və bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaş sülh və əmin-amanlıq şəraitində dinc yaşayır, Bakının mərkəzində erməni kilsəsi, onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən tarixi-dini abidə kimi qorunur. Bununla belə, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb, talan edilib, qədim Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri özününküləşdirilib, məscidlər tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün müsəlman dünyası təhqir olunub.

Biz, Azərbaycandakı müxtəlif etnik və dini icmaların nümayəndələri Qarabağ torpaqları azad edildikdən sonra həmin ərazilərə səfərlərimiz zamanı orada Ermənistan tərəfindən tarixi və mədəni abidələrə, xüsusən müsəlman məscidlərinə və mövcud olmuş infrastruktura Ermənistan tərəfindən törədilmiş vandalizmin, qədim alban xristian və pravoslav kilsələrinə qarşı qriqorianlaşdırma siyasətinin həyata keçirildiyinin canlı şahidləriyik.

Sizə yaxşı məlumdur ki, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Cenevrə Konvensiyası, Helsinki Yekun Aktının əsas müddəalarını kobud şəkildə pozaraq, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin 20 faizini hərbi işğala məruz qoyub, bir milyondan artıq azərbaycanlı Ermənistandakı və Qarabağdakı doğma ocaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün taleyini yaşamağa məcbur olublar.

Ermənistan öz ərazisindəki tarixi Azərbaycan dini abidələrini, İrəvan məscidləri olan Şah Abbas, Sərdar, Hacı Novruz Əli və digər mədəni-mənəvi irs nümunələrini, nadir memarlıq abidələrini tamamilə dağıdıb, İrəvanın mərkəzində yeganə salamat qalan Göy məscidin orada "baş verən" yanğından sonra memarlıq xüsusiyyətlərini qəsdən dəyişdirib. Azərbaycanlılara məxsus mədəni-mənəvi irsin dağıdılması ilə bərabər, Ermənistan Şuşadakı Vəftizçi Yəhya pravoslav kilsəsini, digər bölgələrdəki qədim alban kilsələrini qəsb edib, mənşəyini dəyişdirərək qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə məhv edib.

Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdikdən sonra erməni tərəfi bütün dünyaya aşılamağa çalışır ki, guya onlar Azərbaycan tərəfindən təcavüzə məruz qalıblar. Əslində isə keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi qonşu ölkənin ərazisini işğal etmək məqsədilə Ermənistan tərəfindən başlanmış və onlar bu münaqişənin müsəlman-xristian qarşıdurması olması barədə həqiqətə uyğun olmayan yalanlar yayaraq, özlərini məzlum xalq kimi təqdim edir, bununla da xristian aləminin təəssübkeşliyini qazanmağa çalışır. Təəssüf ki, öz işğalçı niyyətlərini, özgə torpaqlarına ərazi iddialarını ört-basdır etmək üçün erməni təbliğatı müxtəlif vasitələrdən, o cümlədən dini amildən də fəal surətdə istifadə etməkdədir.

Buna görə də biz Zati-Müqəddəsləri Roma Papası Fransisk, Zati-Müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirill, digər dini liderlərə və beynəlxalq təsisatlara müraciət edərək din xadimlərindən ibarət nümayəndə heyətlərini işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin dəhşətli nəticələrini öz gözləri ilə görmək məqsədilə Azərbaycana səfərə dəvət etmişik.

Erməni işğalı nəticəsində minlərlə tarix və mədəniyyət abidələri, kitabxanalar, mədəniyyət mərkəzləri, yaşayış binaları, məktəblər, muzeylər, sənət qalereyaları və teatrlar, ziyarətgahlar və qəbiristanlıqlar məhv edilib və talan olunub. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində rəsmi qeydiyyatda olmuş 67 məsciddən 64-ü tamamilə dağıdılmış, 3-ü isə acınacaqlı vəziyyətdədir. Bir vaxtlar inkişaf etmiş Azərbaycanın inzibati mərkəzləri xarabalıqlara çevrilib. Hazırda işğaldan azad olunmuş ərazilərimizə səfər edən xarici müşahidəçilər bu məntəqələri "ruhlar şəhəri" və ya "Qafqazın Xirosiması" adlandırıblar.

İşğalçı Ermənistan dövlətin vandalizm aktlarının əsas məqsədi "böyük Ermənistan" xülyası ilə azərbaycanlıların əzəli torpaqlarında həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

İndiki Ermənistan ərazisində və Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşımalı və Avropa Parlamentinin qərəzli qətnaməsində qeyd edildiyi kimi cəzalandırılmalıdır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür və Avropa Parlamenti tərəfindən qətiyyətlə pislənməlidir.

Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 günahsız insanın vəhşicəsinə qətlə yetirildiyi, o cümlədən 8 ailənin tamamilə məhv edildiyi, bu şəhərin yerlə-yeksan olduğu soyqırımına avropalı parlamentarilər hüquqi qiymət vermək haqda düşünmürlər və bu genosidin günahkarları hələ də mühakimə olunmayıb, onların bəziləri, hətta Ermənistanda rəhbər vəzifələrdə olmuş şəxslər bu dəhşətli cinayətdə iştirak etdikləri ilə qürur duyduqlarını bildirirlər. Buna görə də erməni hərbi-siyasi rəhbərliyi "Yeni torpaqlar naminə yeni müharibələr", "Qarabağ Ermənistandır" deyərək öz xalqını işğalçılığa sürükləyəndə, İkinci Dünya müharibəsi zamanı alman faşistləri ilə sıx əməkdaşlıq edən, erməni irqçi hərəkatı olan "tsexakron" ideologiyasının banisi Njde-Qareqin Ter Arutyunyanın xatirəsini əbədiləşdirərək ona İrəvanda heykəl ucaldılan zaman Avropa Parlamenti öz səsini ucaltmadı və Ermənistan rejimi öz qəsbkarlıq əməllərinə dəstək almış oldu, indi də Azərbaycana qarşı təxribatlarını davam etdirərək revanşizm şüarları ilə çıxış etməkdədir.

1982-ci ildə ABŞ Dövlət Departamentinin aylıq bülletenində ilk dəfə "erməni terrorizmi" ifadəsi rəsmi qeyd olunub. Sırf nasist-terrorçu mənəviyyatına əsaslanan Armenakan, QNÇAK, Daşnaksütyun, ASOA, ASALA və digər bu kimi erməni terror təşkilatları dünyanın müxtəlif bölgələrində, o cümlədən bir sıra Avropa ölkələrində təşkilatlanaraq Azərbaycan və Türkiyəyə qarşı öz məkrli zorakılıq siyasətlərindən əl çəkmirlər.

Mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda mövcud olan tarixi-dini abidələr bu ölkədə yaşayan xalqların milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən müqəddəs məkanlardır. Bu irs nümunələri daim Azərbaycan dövləti tərəfindən qayğı ilə qorunur, məscidlərimiz, kilsələrimiz və sinaqoqlarımız təmir edilir, yeniləri inşa olunur. Multikultural ənənələrə sadiq olan Azərbaycan dövləti bu siyasəti prioritet istiqamət kimi dəyərləndirir və nəinki Azərbaycanda, hətta dünyanın müxtəlif bölgələrində, Vatikanda "katakombaların", Fransada Roma kilsələrinin, Strasburqda qədim "vitrajların", Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr verib.

Bunun müqabilində erməni yalanına uyan beynəlxalq qurum - Avropa Parlamenti qərəzli anti-Azərbaycan qətnaməsini qəbul edir və ölkəmizi "erməni mədəni irsini məhv etməkdə" günahlandıraraq cəzalandırmağa çağırır.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri Avropa Parlamentində "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" adlı qərəzli qətnamənin lehinə səs vermiş 635 parlamentariyə narazılığımızı və bu hadisəni təəssüflə qarşıladığımızı bildiririk. Belə yanaşmalar Avropa Parlamentinin ikili standartlara əsaslanaraq birtərəfli ermənipərəst mövqeyə malik olması qənaətini yaradır. Biz, Azərbaycanda erməni qəsbkarları və terrorçuları tərəfindən yüz ildən artıq müddətdə azərbaycanlılara və burada yaşayan digər millətlərin nümayəndələrinə qarşı törədilən qətliamlara, mədəni-mənəvi irsimizin dağıdılmasına siyasi-hüquqi qiymət verməyə, həqiqəti yanlışdan seçərək ədalətin yanında olmağa və bu qərəzli qətnaməni ləğv etməyə çağırırıq.

 

Şeyxülislam Allahşükür Paşazadə,

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Arximandrit Aleksiy,

Rus Pravoslav Kilsəsinin

Bakı və Azərbaycan Yeparxiyasının katibi

 

Melih Yevdayev,

Azərbaycandakı Dağ Yəhudiləri

İcmasının rəhbəri

 

Robert Mobili,

Azərbaycandakı Alban-Udi Xristian Dini

İcmasının sədri

 

Aleksandr Şarovski,

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri.