Azərbaycandakı bankların vergi yükünün azaldılması təklif olunur
İQTİSADİYYAT

Azərbaycandakı bankların vergi yükünün azaldılması təklif olunur

Azərbaycanda sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərdən biri bankların vergi yükünün azaldılması ilə bağlıdır.

Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, Vergi Məcəlləsinə təklif edilmiş dəyişiklik layihəsinə əsasən, Vətən müharibəsində və ondan sonrakı dövrdə sosial korporativ məsuliyyətini həyata keçirmiş banklara münasibətdə güzəştlərin təqdim olunması nəzərdə tutulur. Belə ki, dəyişikliklər paketinə əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin kreditlər üzrə ödənilməyən borclarını silən bankların vergi yükü azaldılacaq.

Məlum olduğu kimi, Vətən müharibəsində və ondan sonrakı dövrdə bir sıra müəssisələr kimi, bir sıra banklarda da sosial məsuliyyət tədbirləri çərçivəsində şəhid ailələrinin və qazilərin banklara olan borclarının silinməsi həyata keçirilib. Bununla əlaqədar Vergi Məcəlləsində dəyişiklik layihəsində banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin ödənilməyən borcları üzrə hesablanmış faizlərin silinməsinin bankların və kredit təşkilatlarının vergitutulan gəlirlərinə aid edilməməsi, habelə həmin təşkilatlar tərəfindən bu çərçivədə silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatların gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.