Azərbaycanda yetişdirilmiş 1 milyon ədədə yaxın yerli tut tingi fermerlərə paylanıb
İQTİSADİYYAT

Azərbaycanda yetişdirilmiş 1 milyon ədədə yaxın yerli tut tingi fermerlərə paylanıb

Dövlətimiz aqrar sahənin mühüm qolu olan ipəkçiliyin inkişafına ciddi dəstək verir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə yerli şəraitə uyğunlaşmış tut (çəkil) tinglərinin istehsalı davam edir. Kompleks tədbirlər çərçivəsində ötən il 1 milyon ədədə yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb. Tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərdə tutulub.

Kök hissələrin zədələnməsinin qarşısını almaq məqsədilə xüsusi qablaşdırılmış tinglər Bərdə Baramaqurutma Məntəqəsinə gətirilib və buradan bölgü üzrə rayonlara paylanılıb. Bölgü prosesinə həsr olunmuş tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi bitkiçiliyin inkişafı və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi nəzərdə tutulub.

Çəkil bağlarının salınmasında xüsusi aqrotexniki qaydalara riayət olunmasının vacibliyini vurğulayan şöbə müdiri bu məqsədlə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən yerlərdə təlimlərın keçirildiyini, tinglərin əkini və onlara qulluq qaydaları haqqında məlumatlandırma işlərinin aparıldığını bildirib.

Daha sonra tədbir iştirakçıları tərəfindən Bərdə rayonunun Zümürxan kəndində tinglik sahələrinə baxış keçirilib. Yetişdirilmiş tinglərin mexanikləşdirilmiş qaydada torpaqdan çıxarılması, qablaşdırılması, ting əkiləcək sahələrdə əkinqabağı hazırlıq işlərinin aparılması, cərgələrin hazırlanması, tut tinglərinin basdırılması və budanması qaydaları fermerlərə əyani şəkildə nümayiş olunub.

Qeyd edək ki, 40-dək rayonda yerli şəraitdə istehsal olunmuş tinglər əsasında çəkil bağlarının salınması prosesi ötən ilin sonuna kimi yekunlaşıb.

Nəriman CAVADOV,

"Respublika".