Azərbaycanda xalqına və dövlətinə bağlı yeni vətənpərvər gənc nəsil yetişib
Siyasət

Azərbaycanda xalqına və dövlətinə bağlı yeni vətənpərvər gənc nəsil yetişib

XX əsrin sonlarında dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün bir çox sahələrdə köklü islahatlar aparmaq zəruriyyəti yaranmışdı, bu baxımdan da cəmiyyətin və dövlətin əsas aparıcı qüvvəsi olan gənclərin fəaliyyətinin vahid milli ideya ətrafında birləşdirilməsi məsələsi gündəmdə idi. Xüsusi qeyd etmək lazımdır ki, dövlət müstəqilliyi uğrunda aparılan mübarizənin önündə olmuş gənclər, respublikamızın müstəqillik inkişafı prosesində də fəal rol oynadı.

Lakin müstəqilliyin ikinci dönəminin ilk illərində o vaxtkı hökumətlər tərəfindən gənclərə qarşı laqeyd münasibət, gənclərin potensial imkanlarının düzgün qiymətləndirməməsi və ümumiyyətlə, bu istiqamətdə yeridilən siyasətin kobud səhvləri gələcək mərhələlərə mənfi təsir göstərmişdir. Nəticədə, 1993-cü ilin iyun ayında ölkə vətəndaş müharibəsinin astanasında olarkən, xalqin təkidi ilə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev ölkəni bürümüş böhranı aradan qaldırmaq istiqamətində atdığı ilk və mühüm addımlardan biri Azərbaycanda düzgün gənclər siyasətinin həyata keçirilməsi olmuşdur. Məhz Ulu öndərin hakimiyyətə qayıtması ilə ölkəmizdə uşaq və yeniyetmələrin hərtərəfli inkişafını, onların problemlərin həllini və hüquqların müdafiəsini təmin edən ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Gənclərin vətənpərvərlik, dövlətçilik, sülhsevər ruhunda, doğma tarixə, mədəni irsinə, milli adət-ənənələrinə, dövlət dilimizə və atributlarına, milli-mənəvi və ümumbəşər dəyərlərinə hörmət prinsipləri əsasında tərbiyyələndirilməsi, gənclərin yaradıcılıq potensialının ölkəmizin inkişafına, ümummilli problemlərin həllinə səfərbər edilməsi və bu kimi digər mühüm məsələlər dövlət siyasətinin aparıcı istiqamətlərinə çevrildi.

Bu gün də, gənclərimizin milli ideya və ümumbəşəri dəyərlər ətrafında birləşməsi siyasəti daima dövlətimizin diqqət mərkəzindədir. Gənclərin təhsil və səhiyyə xidmətlərinin təmin edilməsində dövlət qayğısının artırılması, mədəni və elmi-texniki yaradıcılığının inkişafı, məşğulluq və sosial məsələlərinin həlli, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyyələndirilməsi, onların mənəvi dəyərlərə xüsusi diqqət yetirilməsi kimi məsələlər Prezident cənab İlham Əliyevin xüsusi ilə yanaşdığı və böyük önəm verdiyi məsələlərə daxildir.

Sentyabrın 7-si dövlət başçısı cənab İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdir ki, bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır: “Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur.

Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır.”

Hər il respublikamızın gənclərinə olan diqqət və qayğı artırılır. Ölkəmizin ictimai həyatında gənc nəslin rolunu artırmaq məqsədilə, onların dövlət quruculuğunda və respublikamızın ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək baxımından bütün şərait yaradılıb. Yeni nəslin vətənpərvərlik ruhunda tərbiyyələndirilməsi üçün bir çox tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizin və xalqımızın gələcəyi indiki gəncərdən asılıdır və buna görə dövlət, gənclərlə bağlı yaranan problemləri mümkün qədər qısa müddət ərzində həll etməlidir. Xüsusi olaraq qeyd etməliyik ki, son 10 il ərzində dövlətin düşünülmüş addımları gənclər siyasətinin əsas istiqamətlərindən olan gənclərin haqqlarının, əmək və məşğululuq sahəsində təminatların qorunması, gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün lazımi şəraitin yaradılması, gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsi, gənclərin fiziki və mənəvi inkişafını təmin edən şəraitin yaradılması, uşaq və gənclər birliklərinin fəaliyyətində dövlət dəstəyinin artırılması, gənclərimizin beynəlxalq təcrübə mübadiləsində iştirakına şəraitin yaradılması və bir çox digər məsələlərdə konkret nəticələr əldə etməyə imkan vermişdir.

Hazırda bütün dünyada qalib ölkə, qalib xalq kimi tanınan Azərbaycan xalqının bu tarixi Zəfəri əldə edilməsində gənclərin böyük rolu olmuşdur. Bu ilin yanvar ayının 14-də cənab Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyma mərasimində iştirakı zamanı vurğulamışdır: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.”

Məhz əsası ümummilli lider Heydər Əliyevin yaratdığı dövlət-gənclər siyasətinin dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslənilir və ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir, konkret işlər görülür. Bütün bunların əsas hədəfləri sağlam, yüksək intellektual potensiala, doğma Vətəninə, xalqına və dövlətinə bağlı nəslin yetişdirilməsidir. Bütün bunlara nail olmaq üçün, gənclərin tərbiyyələndirilməsinə, xalqımızın mental dəyərlərinə və ümumbəşəri dəyərlərə zidd olan ideoloji təsirlərdən qorunmasına böyük önəm verilməlidir. Bununla əlaqədar Prezident cənab İlham Əliyev qeyd edir: “Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür.”

İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bütün dünyada, həm də informasiya müharibəsinin getdiyini nəzərə alsaq, vətəndaşlarımız, xüsusilə, gənclərimiz daha çox maarifləndirilir, onlara daim ayıq-sayıq olmaları, elmli, savadlı gənclik olaraq yetişmələri aşılanır. Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açıb. Cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılıb, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıb. Sağlam həyat tərzinin təbliği, gənclər arasında narkomaniya və alkoqolizm kimi eybəcərliklərin tamamilə aradan qaldırılmasına xüsusi diqqət ayrılır.

Son illər ölkə başçısının tapşırığı ilə istedadlı gənclərin üzə çıxarılması, gənc nəslin asudə vaxtlarının səmərəli istifadəsi sahəsində çox işlər görülüb. Dövlətimiz müstəqil gənclər təşkilatlarının proqram və layihələrin həyata keçirilməsində öz köməkliyini əsirgəmir. Bundan əlavə, gənclərimizin beynəlxalq əməkdaşlığa və öz xarici həmyaşıdları ilə təcrübə mübadiləsinin aparılması üçün konkret tədbirlər həyata keçirilir, beynəlxalq bilik olimpiadaları və bu kimi digər yarış və müsabiqələr təşkil edilir. Bu gün tam əminliklə deyə bilərik ki, gənclərə diqqət və qayğı ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas prioritetidir:

Azərbaycan bütün gücü ilə inkişaf edən ölkədir. Onun xarici görkəmini dəyişən tikintilər, günü-gündən güclənən milli ordu, möhkəm və etibarlı siyasət dövlətin gələcəyinə uğurla və inamla addım atmağa şərait yaradır. Xüsusilə son 10 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır.

Emin QASIMOV,

“Respublika”