Azərbaycanda tikinti sektorunun inkişafı üçün mühüm layihələr icra olunur
İQTİSADİYYAT

Azərbaycanda tikinti sektorunun inkişafı üçün mühüm layihələr icra olunur

Hər bir xalqın keçmişini araşdırarkən ilk növbədə o dövrlərdə inşa edilən tikililər, hətta onların qalıqları da araşdırılır. Bu tikililərin hər biri hansısa dövrün xüsusiyyətlərini təcəssüm etdirir, onu inşa edənlər haqqında təsəvvür formalaşdırır. Bu baxımdan, Azərbaycan xalqı şəhərsalma, tikinti-quruculuq işlərinə böyük əhəmiyyət vermiş, adı tarixə yazılmış memar və ustalar istər xarici dizayn baxımından, istərsə də texniki-ekoloji parametrləri ilə seçilən tikililər araya-ərsəyə gətirmişlər. İqtisadiyyatın başqa sahələri ilə yanaşı, tikinti-quruculuq işlərinin dinamik inkişafı bu gün də diqqət mərkəzindədir...

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə Azərbaycan xalqının və dövlətinin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları əks etdirir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı...  Bunlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlətimizin başçısının düşünülmüş, uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunmasıyla səciyyələnir.

Hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial-iqtisadi siyasətin başlıca məqsədlərindəndir.

Məlum olduğu kimi, bütün dünyada tikinti sektoru iqtisadi inkişafın və xüsusən də iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malikdir. Azərbaycanda XXI əsrin əvvəllərində tikinti sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində inşaat işləri geniş vüsət alıb. Belə ki, tikinti sektoru investisiyaların daha çox yatırılması baxımından neft sahəsindən sonra ikinci sırada gəlir. Eyni zamanda, mənzil fondunun genişləndirilməsi (yaşayış binalarının tikintisi) ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir.  İqtisadiyyatın digər sahələri kimi, tikinti sektoru və  daşınmaz əmlak bazarının da gücü, davamlı artımı üçün  ilkin şərtlər yaradılıb.  Bütün bunlar göstərir ki, ölkəmizdə reallaşdırılan iqtisadi siyasətdə tikinti sektoruna böyük əhəmiyyət verilir və bunun sayəsində sahə inkişaf edərək genişlənir. Demək olar ki, respublika iqtisadiyyatında yaranan hər 100 manatlıq yeni dəyərin 7 manatdan çoxunu məhz tikinti sektoru formalaşdırır.

Bu gün ölkədə tikinti sektorunun dinamik inkişafını qoruyub saxlamaq üçün dövlət tərəfindən bir sıra layihələr həyata keçirilir. Bunlardan biri də dövlət başçısı İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli fərmanı ilə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarının sadələşdirilməsi ilə bağlıdır. Fərman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti və anbar binalarının layihələrinə şamil edilir.

2019-cu ildə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən ərsəyə gətirilən layihə, ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin sahibkarlar tərəfindən vahid sistem üzərindən alınması üçün nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi Azərbaycan Respublikasında ekspertizası tələb olunmayan tikinti obyektlərinin inşasına daha münbit şərait yaradacaq və bu sahədə daha çox yatırım cəlb edilməsinə kömək edəcəkdir.  Həmçinin layihə vətəndaşların vaxta, qurumların isə resurslara qənaət etməsini təmin  etməklə yanaşı, bürokratik proseslərin aradan  qaldırılmasına da şərait yaradır. Bu məqsədlə Dövlət Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə elektron sistem hazırlanıb. Sistemin əhəmiyyəti bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazə alınması zamanı prosesin əlavə vaxt itirmədən, daha sürətli və şəffaf formada icrasına şərait yaratmaqdır. Belə ki, sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyib, 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Bu da bəzi tikinti obyektlərinin tikintisi və icrasına icazə prosesində əlverişli mühitin yaradılması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğuna hesablanıb. Həmçinin  hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.

Son illərdə həyata keçirilən kompleks islahatlar ölkəmizdə biznes mühitinin institusional əsaslarının daha da gücləndirilməsinə, xüsusilə azad rəqabət mexanizminin inkişaf etdirilməsinə, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılmasına zəmin yaradır. Bu islahatlar çərçivəsində iqtisadiyyatda multiplikativ təsiri ilə seçilən tikinti sahəsinin inkişaf etdirilməsi, tikinti prosedurlarının  təkmilləşdirilməsi və bu sahəyə özəl investisiyaların cəlb olunması, eyni zamanda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi, tikintiyə icazə alma mexanizminin “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsi  və müraciətlərə baxılma  müddətinin  qısaldılması və s. ölkədə tikinti sektorunun inkişaf dinamikasına təsirsiz qalmayacaq.

Heç təsadüfi deyildir ki, tikinti sahəsində biznes mühitinin əlverişliliyinin artırılması iqtisadi canlanmaya müsbət təsir göstərib, eləcə də bu sektor üzrə islahatları beynəlxalq təşkilatlar da yüksək qiymətləndiriblər. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşıb.

Beləliklə, dövlət tikinti sahəsini stimullaşdırmaqla, faktiki olaraq onu qeyri-neft sektorunun ön sıralarına çıxarır və iqtisadiyyata müsbət təsir göstərməklə nəinki digər sahələri inkişaf etdirir, həm də yüz minlərlə həmvətənlilərimizin həyatını yaxşılaşdırır. Əminliklə deyə bilərik ki, bu gün tikinti sahəsinin inkişafının dəstəklənməsi və stimullaşdırılması üçün atılan addımlar iqtisadiyyatın inkişafı və ölkənin daha da çiçəklənməsinə xidmət edəcək.

Nurəngiz ADİLQIZI,

“Respublika”.