Azərbaycanda ilk dəfə beynəlxalq “Milli Şəhərsalma Forumu
Mədəniyyət

Azərbaycanda ilk dəfə beynəlxalq “Milli Şəhərsalma Forumu" keçiriləcək

Ölkəmizin  ev sahibliyi edəcəyi  ilk beynəlxalq şəhərsalma tədbiri  BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində baş tutacaq.

Qeyd etmək lazımdır ki, milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir.

Bu barədə verilən məlumata görə, belə beynəlxalq platformanın yaradılması məqsədilə Azərbaycanda ilk dəfə keçirilən "Milli Şəhərsalma Forumu" 2 gün davam edəcək. Forum 5-6 oktyabr tarixlərində Ağdam və Bakı şəhərlərində baş tutacaq. Forum BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçiriləcək. Postkonflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konfliktsonrası bərpanın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan “Milli Şəhərsalma Forumu”nda (NUFA) diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldiləcək.

İlk “Milli Şəhərsalma Forumu”nda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetiriləcək. Azərbaycan “Milli Şəhərsalma Forumu” şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.

Məlumat üçün bildirək ki, İlk Azərbaycan “Milli Şəhərsalma Forumu” onlayn olaraq rəsmi internet səhifəsi üzərindən də canlı yayımlanacaq. Azərbaycan “Milli Şəhərsalma Forumu” 2022-ci ilin oktyabr ayı üzrə Şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlər çərçivəsində keçirilir. Qeyd edək ki, 2022-ci ildə Şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlərə 3 oktyabr tarixində Ümumdünya İnsan Məskənləri Günü (ÜİMG) ilə start verilib. 2021-ci ildə Ümumdünya İnsan Məskənləri Günü üçün müəyyən edilmiş "Karbonsuz dünya üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi" adlı mövzuya əsaslanaraq 2022-ci ildə təşkil olunan ÜİMG tədbiri şəhər və digər yaşayış məskənlərində artan bərabərsizlik və çağırışlara diqqət yetirəcək. Ətraf mühitə atılan qlobal karbon qazı emissiyalarının təqribən 70 faizinin şəhərlərin payına düşdüyünü, nəqliyyat, bina, enerji və tullantıların idarə olunması ilə bağlı fəaliyyətlərin şəhərlərdəki istixana qazı emissiyalarının əsas hissəsini təşkil etdiyini qəbul edərək NUFA Azərbaycan Respublikasında şəhərlərin yenidən qurulması və bərpasına dayanıqlı yanaşmaları tətbiq etməklə heç kimin və heç nəyin diqqətdən kənarda qalmamasına səy göstərəcək.

Bundan əlavə, Forum "Sıfıra doğru Qlobal Yarış" kampaniyasını gücləndirərək 2021-ci ilin noyabrında keçirilmiş iqlim dəyişikliyi üzrə (COP 26) beynəlxalq sammitin yekunları çərçivəsində yerli icra orqanlarını sıfır karbon emissiyası üzrə effektiv fəaliyyət planları hazırlamağa təşviq edəcək və 2022-ci ilin noyabr ayında təşkil olunacaq növbəti COP 27 sammitinə hazırlıq məqsədilə ətraf mühitin maliyyələşdirilməsi sahəsində Azərbaycanda əldə olunmuş nailiyyətləri tədqiq edəcək. NUFA hazırda ölkədə şəhərlərin bərpası istiqamətində göstərilən səylərə xüsusi diqqət yetirməklə milli, regional və yerli icra hakimiyyəti orqanlarının və təşkilatlarının, icmaların, akademik dairələrin, özəl sektorun və bütün müvafiq maraqlı tərəflərin Azərbaycan Respublikasında dayanıqlı, karbon-neytral, inklüziv şəhər və qəsəbələr yaratmaq üçün birgə töhfəsini araşdırmağa imkan yaradacaq.

Mustafa KAMAL,

“Respublika”.