Azərbaycanda  bir  milyon hektardan artıq sahədə payızlıq taxıl əkilib
İQTİSADİYYAT

Azərbaycanda  bir  milyon hektardan artıq sahədə payızlıq taxıl əkilib

Əhalinin  ərzaq   təminatında  taxılçılıq   müstəsna  rol   oynayır. Azərbaycanda  isə bu  sahənin  inkişafı   xüsusilə  vacibdir. Çünki  bizdə  bir  nəfərin  adambaşına  illik  istehlak   norması  185    kiloqramdır. Amma   təəssüf  ki,  biz  yerli  istehsal   hesabına bu   tələbatın   yalnız  65   faizini   ödəyə   bilirik. Tələbatın  qalan   hissəsi  isə   idxal   hesabına   ödənilir.

Ona   görə  də dövlət   başçısı  cənab   İlham  Əliyevin “Ərzaqlıq   buğda  ilə  özünü  təminetmə  səviyyəsinin  yüksəldilnəsinə  dair  bir  sıra  tədbirlər   haqında”  19  iyul 1922-ci   il   tarixli  Fərmanı  bu  sahənin   inkişafında  müstəsna  rol  oynayır. Əlaqədar   təşkilatlar  fərmandan  irəli  gələn  vəzifələrin  icrasına  dərhal  başlamışlar. Kənd  Təsərrüfatı  Nazirliyinin  mətbuat   xidməti  xəbər   verir   ki,   ölkədə buğda əkinlərinin sahəsi ötən   ilin   payızında  7,8 faiz  artıb. Belə   ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat  ilində 1 milyon 44 min 660 hektar sahədə   payızlıq taxıl əkini  aparılıb. Dən üçün payızlıq   əkinlərin   sahəsi 2021/2022-ci təsərrüfat  ili  ilə müqayisədə 2,8 faiz çoxdur.

Payızlıq  taxıl əkinlərinin 649,2 min hektarını  buğda, 395,3 min hektarını arpa, 160 hektarını isə çovdar sahələri  təşkil  edir. Bundan   əlavə, ölkədə 14 min hektar sahədə   xəsil  və yaşıl yem  üçün  əkinlər   aparılıb.

2021/2022-ci təsərrüfat   ili  ilə   müqayisədə   ölkədə    buğda    əkinlərinin    sahəsi 7,8% artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır. Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə     yaxınını   təşkil   edir.

Qeyd  edək    ki, yazlıq    dənli    və    dənli-paxlalı   bitkilərin    əkininə   isə mart ayından start veriləcək.

Nəriman  CAVADOV,

“Respublika”.