​​​​​​​Azərbaycan yenə də Türkiyənin yanındadır
Türk dünyası

​​​​​​​Azərbaycan yenə də Türkiyənin yanındadır

Azərbaycan dövləti və xalqı hər zamankı kimi, yenə də Türkiyənin yanındadır. Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra mənəvi və maddi dəstək baxımından qardaş ölkəyə ən operativ reaksiyanı Azərbaycan göstərdi. "Əsrin fəlakəti" adlandırılan zəlzələnin episentri olan Kahramanmaraşda Azərbaycanın qeyri-hökumət təşkilatlarının dəstəyi ilə 200 konteynerdən ibarət "Azərbaycan məhəlləsi" yaradılır. Bununla yanaşı, Azərbaycan Sahibkarlar Konfederasiyası, MUSİAD Azərbaycan, Azərbaycan Türk İş Adamları Birliyi, Gənclərə Yardım Fondu, Türkiyə-Azərbaycan iş adamları və Sənayeçilər Birliyi, Kiçik və Orta Müəssisələr və Klublar Birliyi, Azərbaycan Qida və İçki İstehsalçıları Birliyi, Türk Universitetləri Məzunları Birliyi, Azərbaycan əczaçılar klubu, müasir inkişaf İttifaqı, Türk məzunları, ziyalılar və biznes nümayəndələri "Qardaş köməyi" platformasını yaratdı.

Xalqımız Türkiyənin acısına qəlbən və ruhən şərikdir. Azərbaycan xalqı könüllü şəkildə Türkiyəyə qardaş köməyi edir. Dövlət qurumları ilə bərabər, qeyri-hökumət təşkilatlarının, sadə vətəndaşlarımızın da bu yardım kampaniyasında iştirakı xalqımızın Türkiyəyə könüldən bağlı olmasının bariz nümunəsidir. Bunlarla yanaşı, hazırda dünya azərbaycanlıları zəlzələ qurbanlarına dəstək məqsədilə ayaqdadır. Xaricdəki soydaşlarımız da zəlzələdə dünyasını dəyişənlərlə əlaqədar Türkiyənin müxtəlif ölkələrdəki diplomatik korpuslarını ziyarət edir, başsağlığı verir, həmçinin yardım kampaniyaları keçirirlər. Dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsində necə ayaqda idisə, bu gün eyni fəallığı göstərirlər. Vətən müharibəsi günlərində Azərbaycana Türkiyə əsas dəstək verdiyi kimi, Azərbaycan xalqı da Türkiyə üçün qardaş dəstəyini əsirgəmir. Bu, bir millət, iki dövlətin dostluq, qardaşlıq və həmrəylik nümunəsidir.

"Əsrin fəlakəti" olaraq bilinən zəlzələlərin episentri olan Kahramanmaraşda axtarış və xilasetmə işlərində iştirak edən komandanın son hissəsi də şəhərdən təntənəli şəkildə Azərbaycana yola salındı. Kahramanmaraş və Hatayda Axtarış-Xilasetmə Xidmətinin fəaliyyəti zamanı 53 nəfərin dağıntılardan xilas edilməsi ilə yanaşı, təxminən 3 200 insana tibbi yardım göstərilib.

Sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığına töhfə verməyi müqəddəs borc hesab edirik. Biz millətimizi, iki dövlətimizi sevən vətəndaşlar olaraq həm dövlətimizin başçısı İlham Əliyevin çağırışına qoşulur, həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nə qədər böyük güc olduğunu göstəririk. Əsas məqsədimiz buradakı qardaş və bacılarımıza əlimizdən gələn dəstəyi, köməyi göstərməkdir. Biz səninləyik, əziz Türkiyə.

 Nurlan ABDALOV,

 "Respublika".