Azərbaycan XİN Fransaya işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi barədə məlumat verib
SİYASƏT

Azərbaycan XİN Fransaya işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi barədə məlumat verib

Oktyabrın 15-də xarici işlər naziri Ceyhun Bayramov Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) prezidenti səfir Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı və onun ağır nəticələrindən bəhs edib. Ötən il ərazilərimizin hərbi-siyasi yolla azad edildiyini qeyd edən nazir əsas diqqəti Ermənistanın ərazilərimizin məqsədyönlü şəkildə minalarla çirkləndirilməsi siyasətinə yönəldib və azad olunmuş ərazilərdə insan həyatına hədə törədən mina təhlükəsindən danışıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 faiz təşkil etdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bu günədək 167 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, onlardan 33 nəfərin həlak olduğu qeyd edilib, həlak olanlar arasında 2 nəfər jurnalistin olduğu vurğulanıb.

Nazir, həmçinin işğaldan azad olunmuş ərazilərdəki vəziyyət, burada Ermənistan tərəfindən törədilmiş urbisid, kultursid və ekosid barəsində geniş məlumat verib. Eyni zamanda, Fransa nümayəndə heyətinə Azərbaycan Hökuməti tərəfindən azad olunmuş ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlər, bu istiqamətdə əldə olunan nəticələr barədə məlumat təqdim edilib.

Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının nümayəndə heyəti qəbula görə təşəkkür edərək, fəaliyyətləri barədə məlumat veriblər. Komissiyanın Azərbaycan tərəfi ilə müvafiq sahədə əməkdaşlıq niyyəti ifadə edilib.

Görüşdə tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC