Azərbaycan XİN: Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyil
Siyasət

Azərbaycan XİN: Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyil

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan dövlətinin başçısının mayın 27-də Zəngilan rayonunda səsləndirdiyi fikirlə bağlı növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur. İlk növbədə, qeyd etmək istərdik ki, 30 ilə yaxın beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kobudcasına pozan Ermənistanın son zamanlar, sözdə beynəlxalq hüquqa tez-tez istinadlar etməsi maraq doğurur. Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə nümayiş etdirib.

Bu sözlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın dövlət başçısının Zəngilan rayonunda çıxışı ilə bağlı açıqlamasına dair şərhində yer alıb.

"Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə, Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, Azərbaycanın dövlət başçısı məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqazidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir. Təəssüf ki, postmünaqişə mərhələsində Ermənistanda bu cür təhlükəli davranışları təşviq edən revanşist qüvvələr mövcuddur və bu qüvvələrin 30 ilə yaxın yürütdüyü təcavüzkar siyasətin Ermənistanı sürüklədiyi acınacaqlı vəziyyət göz qabağındadır. Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyil. Yalnız bölgədə yaranmış yeni reallıqların və yeni imkanların düzgün şəkildə dəyərləndirilməsi doğru nəticələrə gətirib çıxara bilər", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində qeyd olunub.

 

Ermənistanın Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız iddialarını rədd edirik

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız iddiaları əks etdirən açıqlamasını qətiyyətlə rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 2022-ci il 28 may tarixli açıqlamasına dair şərhində deyilir.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi guya ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib və yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

Hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür.

Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib.

Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır", - deyə Azərbaycan XİN-in şərhində qeyd olunub.

AZƏRTAC