Azərbaycan xalqına və onun suverenliyinə qarşı törədilmiş təcavüz aktı
Digər xəbərlər

Azərbaycan xalqına və onun suverenliyinə qarşı törədilmiş təcavüz aktı

20 Yanvar faciəsindən artıq 33 il ötür. Xalqımızın müstəqillik, azadlıq arzularını reallaşdırmağa imkan verməmək, torpaqlarımızın işğal edilməsinə qarşı etirazların qarşısını almaq məqsədilə Mərkəzi hakimiyyət tərəfindən törədilən bu qanlı cinayət müasir tariximizin unudulmaz səhifəsidir. Əsrlər, qərinələr keçsə də, qəhrəmanlıq nümunəsi olan 20 Yanvar faciəsi xalqımızın yaddaşından silinməyəcək. Dinc vətəndaşlarımıza qarşı həyata keçirilən, insanlıq adına sığmayan 20 Yanvar faciəsinin beynəlxalq cinayətlərin ən ağır növü kimi qiymətləndirilməsi, faciəyə beynəlxalq hüquq normaları çərçivəsində siyasi qiymət verilməsi üçün müxtəlif qurumlar tərəfindən bəyanatlar səsləndirilir.

Bakı Dövlət Universitetinin hüquq fakültəsində də 20 Yanvar faciəsinin beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün bəyanat verilmişdir.

Bəyanatda deyilir:

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbəri Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilərək dinc əhaliyə qarşı ağır hərbi texnikadan, müxtəlif tipli odlu silahlardan, o cümlədən beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş silah növlərindən qəddarlıqla istifadə edərək dinc əhalini məqsədli şəkildə gülləbaran etdi. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin tibb işçiləri də olmuşdur. Bu isə qüvvədə olan beynəlxalq humanitar hüquq normalarına zidd olan ciddi pozuntulardır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 20 Yanvar hadisələrinə siyasi qiymət verərkən öz çıxışlarında bu cinayətin hüquqi əsaslarını da qeyd etmişdir: "Həmin gün, yəni yanvarın 20-nə keçən gecə Azərbaycan xalqına qarşı hərbi, siyasi, mənəvi təcavüz edilib, onun sinəsinə süngü sancılıb, xalqımızı əzmək, tapdalamaq, onun mənliyini təhqir etmək üçün dəhşətli cinayətlər törədilib". Hadisədən dərhal sonra, 1990-cı ilin yanvarında Moskvanın mərkəzində ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilən bu cinayətlərdə Sovet dövlətinin başçısı Mixail Qorbaçovu birbaşa ittiham etmiş və silahlı hücumu Azərbaycan xalqına və suverenliyinə qarşı təcavüz adlandırmışdır.

 Həm beynəlxalq hüquqa, həm də Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Bu məsələyə sırf spesifik niyyət və məqsədlilik nöqteyi-nəzərindən yanaşsaq, 20 Yanvar qanlı aktı Azərbaycan xalqına qarşı soyqırımı kimi də qiymətləndirilə bilər.

Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin VII bölməsində insanlıq əleyhinə əməllərin sistemi müəyyən olunaraq sadalanan əməllərə görə məsuliyyət 105-113-cü maddələrdə nəzərdə tutulmuşdur. Qeyd olunan əməllərin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün iki şərt tələb olunur: əməl sistematik və ya geniş miqyasda törədilməlidir; əməl hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilməli və ya istiqamətləndirilməlidir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin istinad etdiyimiz normalarına əsasən 20 Yanvar hadisələri zamanı dinc əhaliyə qarşı törədilmiş cinayətlər insanlıq əleyhinə cinayətlər (Cinayət Məcəlləsinin 105-ci mad., əhalini məhv etmə), (109-cu mad., təqib), (110-cu mad., insanları zorakılıqla yoxa çıxarma), (112-ci mad., beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), (113-cü mad., işgəncə) kimi tövsif edilməlidir. Bu mövqedən yanaşılaraq bilavasitə bu cinayəti törətmiş hərbçilərin və onların törədilməsinə əmr vermiş hərbi komandanlıq üzvlərinin, həmçinin də bu cinayətkar planı işləyib hazırlamış və onun həyata keçirilməsinə göstəriş vermiş ovaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyəti məsələsi bir daha aktuallaşmalı və 20 Yanvar hadisələri zamanı xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərə hüquqi qiymət verilməli və təqsirkar şəxslər cəzalandırılmalıdır.

20 Yanvar hadisələri zamanı Azərbaycan xalqına qarşı törədilmiş əməllərin insanlıq əleyhinə cinayətlər kimi tövsifi bu əməllərə beynəlxalq cinayətlər statusunu tətbiq etməyə imkan verəcək: fiziki şəxslərin fərdi cinayət məsuliyyəti (mad. 3); universal yurisdiksiya (mad. 12.3); beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlbetmə müddətinin keçməsinin tətbiq edilməməsi (mad. 75.5); beynəlxalq cinayətlərə görə cinayət qanununun geriyə qüvvəsi (Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Konstitusiya Qanunu). Eyni zamanda 20 yanvar 1990-cı ildə Azərbaycan xalqına qarşı beynəlxalq cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilib cəzalandırılması üçün Azərbaycan Respublikasının məhkəmə və hüquq-mühafizə orqanları Nürnberq, keçmiş Yuqoslaviya, Ruanda beynəlxalq cinayət tribunallarının, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin müvafiq qərarları əsasında formalaşmış presedent hüququndan yararlana bilərlər. Məsələn, Nürnberq tribunalının Nizamnaməsində təsbit olunmuş beynəlxalq cinayətlərlə bağlı maddi cinayət hüquq normaları Sobibor ölüm düşərgəsinin keçmiş mühafizəçisi İ.Demyanukun məsuliyyətə cəlb edilməsinin hüquqi əsası kimi qəbul edilmişdir. Belə ki, İkinci Dünya müharibəsi zamanı 28 min insanın məhv edilməsində təqsirli bilinən Demyanuk Almaniya məhkəməsi tərəfindən 2011-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Yəni məhkəmə beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən normaları geriyə tətbiq etmişdir.

20 Yanvar qətliamının təşkilatçılarının və icraçılarının məsuliyyətə cəlb olunub cəzalandırılmasını həm milli məhkəmələr, həm də ixtisaslaşmış beynəlxalq cinayət ədliyyə orqanları, yaxud hibrid məhkəmə orqanları həyata keçirə bilərlər.

Beləliklə, 20 Yanvar hadisələrinin məhz beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi baza vardır.