Azərbaycan xalqı Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edib
Sosial həyat

Azərbaycan xalqı Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edib

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anıb.

AZƏRTAC xəbər verir ki, Anım Günündə ən çox ziyarət olunan məkan Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın uyuduqları Şəhidlər xiyabanlarıdır. Gün ərzində dövlət və hökumət rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər, uşaqlar şəhidlərimizin xatirəsinə sonsuz ehtiramlarını ifadə etmək üçün Şəhidlər xiyabanlarına üz tutublar. Anım Günündə şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində 2900 nəfərdən çox şəhid verib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

AZƏRTAC