Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq inkişaf edir
İQTİSADİYYAT

Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq inkişaf edir

Bakıda Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 11-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, Yaponiyanın "Itochu" korporasiyasının vitse-prezidenti Yoşihisa Suzukinin həmsədrliyi ilə keçirilən iclasda Azərbaycan və Yaponiya tərəfindən müxtəlif sahələri təmsil edən bir çox dövlət qurumlarının və özəl sektorların nümayəndələri iştirak ediblər.

Azərbaycan tərəfdən çıxış edən həmsədr Muxtar Babayev iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu gündən bu günə qədər yüksək səviyyəli əməkdaşlığa, qarşılıqlı etimada və dostluğa əsaslanan Azərbaycan-Yaponiya əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini, gələcəkdə də bu əlaqələrin gücləndirilməsinin vacib olduğunu, eyni zamanda, Yaponiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində yaxından iştirakını diqqətə çatdırıb.

Yaponiyalı həmsədr öz çıxışında Azərbaycan və Yaponiya arasında sıx əlaqələrin və əməkdaşlığın inkişaf etdiyini, Yaponiya şirkətlərinin Azərbaycanda iş qurmasında maraqlı olduqlarını qeyd edib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək Azərbaycan və Yaponiyanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına hər zaman öz töhfələrini verdiyini, eləcə də Qarabağda aparılan yenidənqurma işlərinə Yaponiyanın dəstəyinin bölgənin tərəqqisinə xidmət edəcəyini vurğulayıb.

Daha sonra iclasda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənbərpa işləri barədə təqdimatla çıxış edib, Qarabağın iqtisadi potensialı və investisiya mühiti barədə Yaponiya tərəfinə məlumat verib.

ANAMA və Qarabağ Dirçəliş Fondu tərəfindən iştirakçılara işğaldan azad edilmiş ərazilərdə aparılan minadan təmizlənmə işləri, həmçinin Ermənistanın 30 illik işğalı dövründə torpaqlarımıza vurduğu zərərlər barədə stendlər nümayiş etdirilib.

İclasda, eyni zamanda, Azərbaycanın dövlət qurumlarının nümayəndələri tərəfindən ölkənin iqtisadi potensialı, investisiya mühiti, enerji səmərəliliyinə dair dövlət siyasəti, kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat, təhsil, ətraf mühit sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə təqdimatlar olunub, müzakirələr aparılıb.

Sonda Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.

AZƏRTAC