Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
Digər xəbərlər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Avqustun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyət və həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.

Nazir Mövlud Çavuşoğlu Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımın göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib. Yanğınsöndürmə prosesinin gedişatı barədə məlumat verən Mövlud Çavuşoğlu Antalyada yanğınların qarşısının alındığı və zərər çəkmiş infrastrukturun bərpa olunması istiqamətində işlərin getdiyini qeyd edib. Eyni zamanda, bir sıra digər yerlərdə yanğının qarşısının alınması üzrə əməliyyatların hələ də davam etdiyini bildirib.

Öz növbəsində Ceyhun Bayramov Azərbaycan tərəfinin hər zaman qardaş Türkiyənin yanında olduğunu və ehtiyac duyulan bütün dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

AZƏRTAC