Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəliblər
Siyasət

Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəliblər

Aprelin 12-də Ankarada "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə "Azərbaycan Hava Yolları" QSC və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən strategiya ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələbləri birgə həyata keçirməyə imkan yaradacaq.

Bu əməkdaşlıq iki qardaş ölkənin uçuşların təhlükəsizliyinin və hava daşımalarının müntəzəmliyinin təmin olunması, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi v sahəsində bir-birinə qarşılıqlı köməyinin bariz nümunəsidir.

 Türkiyə Azərbaycanın həmçinin, mülki aviasiya sahəsində də strateji tərəfdaşıdır. Belə ki, Azərbaycan və Türkiyənin hava məkanı Avropa və Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm rol oynayır. Bu hava dəhlizi həmçinin, "Bir kəmər bir yol" qlobal nəqliyyat layihəsinin davamıdır.

Son onillik ərzində Azərbaycanın inkişaf etmiş yerüstü və hava nəqliyyatına malik olan tranzit dövlət kimi rolu xeyli artmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və müdrik siyasəti nəticəsində mümkün olmuş və uğurla həyata keçirilmişdir. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə beynəlxalq hava limanının açılışı iki qardaş ölkə arasında hava nəqliyyatının və hava hərəkətinin inkişafının əhəmiyyətini və vacibliyini göstərən daha bir parlaq sübutdur.

 Xatırladaq ki, 2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olmuşdur. Həmin marşrutla həmsərhəd dövlətlərin hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılmışdır. Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq reyslərin həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişləndirilməsi işinə əhəmiyyətli töhfədir.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti.