Azərbaycan və Slovakiya arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Siyasət

Azərbaycan və Slovakiya arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Ölkəmizə səfərə gəlmiş Slovakiyanın Sənaye Mülkiyyəti İdarəsinin prezidenti Matuş Medves Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Kamran İmanovla keçirilən görüşdə qonağa Azərbaycanda əqli mülkiyyət sisteminin qurulması tarixi haqqında qısa məlumat verilib və ölkəmizdə həyata keçirilən institusional islahatlar nəticəsində 2018-ci ildə müəlliflik hüququ və sənaye mülkiyyəti sahələri üzrə səlahiyyətləri özündə birləşdirən vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradıldığı bildirilib. O, hazırda tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanası olan Agentliyin fəaliyyəti və funksiyaları barədə qonağa məlumat verib və bu yaxınlarda Prezident İlham Əliyevin Fərmanı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradıldığını qeyd edib.

Agentliyin rəhbəri Azərbaycan Prezidentinin 2021-ci il 6 yanvar tarixli Fərmanı əsasında “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradıldığını xüsusi vurğulayaraq müasir texnologiyaların əqli mülkiyyət landşaftına təsirini qeyd edib və Əqli Mülkiyyət Agentliyinin də həmin Mərkəzin fəaliyyətində yaxından iştirak etdiyini, Agentliyin İdarə Heyətinin sədr müavininin Mərkəzin Müşahidə Şurasının üzvü olduğunu diqqətə çatdırıb.

K.İmanov Agentlik tərəfindən kreativ sənayenin iqtisadiyyatdakı rolu sahəsində aparılan tədqiqatlar haqqında məlumat verərək son illər kreativ sektorun verdiyi töhfənin ölkə iqtisadiyyatında və ümumi daxili məhsulda getdikcə artdığını bildirib. K.İmanov Duqlas Nortun neoinstitusionalizm nəzəriyyəsinə əsaslanaraq, vahid qurumun yaradılmasının əməliyyat xərclərinin minimuma endirilməsinə də müsbət təsirini vurğulayıb, həmçinin Agentliyin əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və transferi sahəsində rolunu qeyd edib.

Əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsi ilə iqtisadi inkişaf səviyyəsinin qarşılıqlı təsiri haqqında qonaqla fikir mübadiləsi aparan K.İmanov onlar arasında olan korrelyasiya sahəsində Agentlik tərəfindən aparılmış araşdırma barədə danışıb, eyni zamanda, müəlliflik hüququ ilə sənaye mülkiyyəti arasında kəsişən məqamları diqqətə çatdırıb. O, bu məsələlərin cari ilin iyunun 22-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Daren Tanq ilə keçirilmiş videogörüşdə qaldırdığını və ÜƏMT çərçivəsində müzakirə olunmasını təklif etdiyini bildirib.

K.İmanov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımızın Ermənistanın işğalından azad edildiyinə toxunaraq hazırda həmin ərazilərdə innovasiya və əqli fəaliyyət nəticələrini özündə ehtiva edən “ağıllı şəhər” (smart-city) və “ağıllı kənd” (smart-village) layihələrinin həyata keçirilməsinə başlanıldığını vurğulayıb.

Slovakiyanın Sənaye Mülkiyyəti İdarəsinin prezidenti Matuş Medves regiona ilk dəfə səfər etdiyini qeyd edib, Azərbaycanın əqli mülkiyyət sahəsindəki uğurları, beynəlxalq reytinq göstəricilərində ölkəmizin nəzərəçarpacaq irəliləyişləri haqqında məlumatı olduğunu bildirib. O, hazırda Slovakiyada universitet və elmi-tədqiqat institutlarında texnologiyaların transferi və kommersiyalaşdırılması sahəsində görülən işlərdən danışıb və bu istiqamətdə ölkəmizin təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını nəzərə çatdırıb. M.Medves həmkarı K.İmanovu Slovakiyaya səfərə dəvət edib.

K.İmanov ÜƏMT ilə birgə həyata keçirilən “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün Milli Layihə”yə toxunub, ölkəmizin ali təhsil müəssisələrində Agentliyin dəstəyi ilə texnologiyaların transferi mərkəzlərinin, o cümlədən Bakı Dövlət Universitetində əqli mülkiyyət kafedrasının yaradıldığını bildirib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, birgə tədbirlərin təşkil olunması, təlim səfərlərinin həyata keçirilməsi məsələləri də müzakirə olunub.

AZƏRTAC