Azərbaycan və Serbiya Hökumətləri arasında sosial təminat haqqında Saziş imzalanıb
Sosial həyat

Azərbaycan və Serbiya Hökumətləri arasında sosial təminat haqqında Saziş imzalanıb

Sazişi Azərbaycan Respublikası Hökuməti adından əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və  Serbiya Respublikası Hökuməti adından Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç  imzalayıblar.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, videokonfrans formatında keçirilən imzalanma mərasimində S.Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

S.Babayev iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. O, xanım D.K.Tepavçeviçin ötən ilin iyul ayında Azərbaycana səfəri çərçivəsində nazirliklər arasında imzalanmış "Əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu"nun ikitərəfli əlaqələrin inkişafında  əhəmiyyətini diqqətə çatdırıb. Yeni imzalanmış Sazişin də əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.

D.K.Tepavçeviç Serbiya və Azərbaycanın dost münasibətləri əsasında əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında  daim genişlənən əlaqələrin artıq əmək, məşğulluq və sosial müdafiə sahələrini də əhatə etməyə başladığını və gələcəkdə iki nazirliyin əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini qeyd edib.

"Respublika".