AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA ƏMƏKDAŞLIQ QARŞILIQLI ETİMADA ƏSASLANIR
Siyasət

AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA ƏMƏKDAŞLIQ QARŞILIQLI ETİMADA ƏSASLANIR

Ölkə başçılarının şəxsi münasibətlərinin yüksək səviyyədə olması dövlətlərarası və xalqlararası əlaqələrə də müsbət təsir göstərir

"Rusiya Prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan və Rusiya Federasiyası arasında mövcud olan münasibətlər beynəlxalq əlaqələrin mühüm tərkib hissəsidir. İlk baxışdan belə təsəvvür yarana bilər ki, ölkələrimiz arasında əməkdaşlıq sırf regional xarakter daşıyır, lakin bu, bir qədər səthi yanaşma olardı. Heç şübhəsiz, Azərbaycan və Rusiya tərəfdaşlığı təkcə bölgə, enerji və bu kimi digər regional məsələlərin həllinə deyil, həmçinin qlobal səviyyədə hərbi-siyasi təhlükəsizliyə əhəmiyyətli təsir göstərir. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, ölkəmiz dünyada və regionda baş verən mürəkkəb, ziddiyyətli hadisələr və proseslər fonunda "əsl sabitlik adasıdır". Bu isə o deməkdir ki, bütün bu mürəkkəbliklərlə bağlı problemlərin həllində Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyəti və əməkdaşlığı xüsusi önəm daşıyır.

İki ölkə arasında münasibətlərin inkişafında və əsl strateji tərəfdaşlıq, dostluq xarakteri almasında 2001-ci ilin yanvar ayında Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Azərbaycana rəsmi səfəri, həmin səfər çərçivəsində ulu öndər Heydər Əliyevlə keçirdiyi görüşləri, danışıqları dönüş nöqtəsi olmuşdur. Mehriban və konstruktiv səciyyə daşıyan həmin danışıqlar ən yüksək səviyyədə iki qonşu dövlət arasında müntəzəm dialoqun təşəkkül tapmasında əhəmiyyətli mərhələ kimi yadda qalmışdır.

Məhz 2001-ci ildə ikitərəfli əməkdaşlığın əldə etdiyi dinamizm və səmimiyyət, münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı maraq bu gün keyfiyyətcə yeni və daha dərin məzmun almaqda davam edir. Əlbəttə, dövlət başçıları arasında səmimi münasibətlərin olması dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Prezidentliyi dövründə, daha dəqiq desək 2008-ci ilin iyul ayının 3-də iki dövlət başçıları tərəfindən Bakı şəhərində imzalanmış Dostluq və strateji əməkdaşlıq haqqında Deklarasiya bugünkü Azərbaycan-Rusiya münasibətlərinin hüquqi fundamenti, əsl dostluq və etibarlı əməkdaşlıq əlaqələrinin mühüm halqası idi. Dövlətlərimiz arasında yüzdən artıq dövlətlərarası və hökumətlərarası sazişlər bağlanmışdır. Ölkə prezidentləri arasında təmasların sıxlığı o qədər yüksəkdir ki, onların sadalanmasına zərurət də yoxdur. Əlbəttə, dövlət başçılarının görüşlərində müşahidə etdiyimiz dinamika parlamentlərarası və hökumətlərarası əməkdaşlığa da sirayət edir. Bununla yanaşı, xarici işlər, təhsil, iqtisadiyyat və digər nazirliklər arasında təmaslar da davamlı əsasda həyata keçirilir.

Azərbaycanda böyük rus icması vardır. Ölkəmizdə rus mədəniyyətinə, rus dilinə münasibət hər zaman səmimi, istəkli, mehriban olub. Təsadüfi deyil ki, 340-dan çox məktəbdə tədris məhz rus dilində aparılır və bu, rəmzi məna daşımır - məhz sosial sifarişdir. On minlərlə Azərbaycan vətəndaşı rus dilində təhsil almaq imkanından yararlanır. Məsələn, Ermənistanda bir dənə də olsun yerli ermənilərə rus dilində tədris edən nəinki ali, heç orta məktəb belə qalmayıb, halbuki, həyasız ermənilər həmişə rusları onları müdafiə etməli olduğunu iddia edib bu gün də bu iddiadan əl çəkmir.

İkitərəfli siyasi dialoq və əməkdaşlığın hazırkı vəziyyətini təhlil edərkən 27 sentyabr 2020-ci ildə Ermənistanın təhrikçi və provokativ addımları nəticəsində Azərbaycanın əks-hücum əməliyyatlarına başlaması ilə 44 gün davam etmiş Vətən müharibəsinin tarixi Zəfərimizlə başa çatmasını, bu zaman Rusiyanın beynəlxalq hüquq və prinsiplərə tam uyğun olaraq davranmasını, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpasını rəsmiləşdirmiş, üç rayonun isə bir güllə atılmadan belə yenidən ölkəmizin nəzarəti altına keçməsi ilə nəticələnmiş üçtərəfli Bəyanatın - faktiki olaraq Ermənistanın kapitulyasiya aktının imzalanmasını qeyd etməmək mümkün deyil. Bu mürəkkəb prosesdə Rusiya Prezidenti cənab V.Putinin səyləri haqqında danışan dövlət başçımız qeyd etmişdir: "Bizə müharibə lazım deyil və mən bunu hərbi əməliyyatlar dövründə dəfələrlə açıq demişəm. Bundan əlavə, hərbi əməliyyatların müxtəlif mərhələlərində biz Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə təbii ki, müntəzəm əlaqə saxlayırdıq. Hərbi əməliyyatlar başlanandan sonra bizim ilk telefon söhbətimiz oktyabrın 7-də, onun doğum günündə olub. Ənənəvi olaraq mən onu doğum günü münasibətilə təbrik edirəm. Hərbi əməliyyatlar başlayan andan artıq on gün keçmişdi və bu, bizim ilk telefon söhbətimiz idi. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə etdik. Mənim təkliflərim vardı. Vladimir Vladimiroviç öz müsahibələrinin birində bu təklifləri qismən işıqlandırıb, buna görə də çox təfərrüata varmaq istəmirəm. Lakin artıq məlumdur ki, Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi… Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür. Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər… Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: "Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?" Mən dedim: "Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq". Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi... Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi".

Azərbaycanın lideri Rusiya sülhməramlı kontingentin fəaliyyətinə toxunaraq bildirmişdir ki, hazırda ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub: "Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və deməliyəm ki, təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir. Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir."

Rusiyadan gələn sülhməramlı hərbi kontingentin fəaliyyəti ilə yanaşı bu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ərazilərimizin minalardan təmizlənməsi işində də mühüm rol oynadıqlarını qeyd etməliyik.

Belə ki, 2021-ci ilin yanvarında Rusiyanı FHN-in pirotexnikləri Azərbaycana humanitar missiya ilə gəlmişlər. 20 nəfərdən ibarət xüsusi qrup zəruri texniki avadanlığı da özü ilə Rusiyadan gətirib. Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarla birgə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində iştirak ediblər. İlk öncə Gəncəyə gəlmiş əməkdaşlar sonradan Ağdam rayonunun Quzanlı kəndində fəaliyyət göstərən Azərbaycanın FHN-nin Qarabağ Regional Mərkəzində yerləşmişlər. "Lider" mərkəzinin müdiri general-mayor Anatoli Savinin rəhbərliyi altında onlar 80 gün ərzində böyük ərazinin minalardan təmizlənməsini təmin etmişlər.

Minalardan təmizlənməsi işinin nə qədər ağır və təhlükəli olduğunu təsəvvür etmək çox da çətin deyil. Təəssüflə qeyd etmək lazımdır ki, Şuşa şəhərinin yaxınlığında erməni işğalçıları tərəfindən minalanmış yolun təmizlənməsi zamanı ötən ilin sonlarında minalardan birinin partlaması nəticəsində ağır bədən xəsarətləri almış bir rusiyalı zabit həlak olmuşdur.

Rusiyanın FHN-in əməkdaşlarının bir qrupu işğal olunmuş ərazilərdə həyata keçirilən tədbirlərdə fəal iştirak etdikləri üçün Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı və Azərbaycanın FHN-in "Əməkdaşlığa görə" döş nişanı ilə təltif edilmişdir.

Biz həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarını qurban vermiş, şəhidlik kimi ali bir zirvəyə ucalmış qəhrəman əsgər və zabitlərimiz haqqında söz deməyə borcluyuq. Azərbaycanlılarla bərabər ölkəmizdə yaşayan çoxsaylı digər millətlərin, o cümlədən də etnik rusların da Vətənimiz - hamımız üçün bütöv və bölünməz olan Azərbaycanımız uğrunda həyatlarından keçmələri nə qədər kədərli olsa da, bir o qədər də qürurvericidir. Onlar öz qanları, öz canları hesabına bütün dünyaya sübut etdilər ki, Azərbaycan onların da doğma torpağıdır, Vətənidir.

Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Dmitri Aleksandroviç Solntsev milliyyətcə rus olan 25 yaşlı şəhidimizdir. Valideynlərini erkən itirən və yeganə bacısı Yuliya ilə birgə böyüyən Dmitri Bakının Nəsimi rayonunda yaşayıb, mehriban və əməksevər bir gənc kimi yaddaşlarda qalıb. Ali məktəbi qırmızı diplomla bitirən və TƏBİB-də koronaviruslu xəstələrin müalicəsində könüllü kimi işə başlayan Dmitri Vətənin dar günündə də özünü cəbhəyə çatdırıb. "Fəxr edirəm ki, belə dayım var. O, şəhid olmağı ilə mənə və onun kimi igid oğullara bir nümunədir. O, bizim başucalığımızdır. Sevinirəm ki, qanı yerdə qalmadı… Vətən sağ olsun!", - şəhidin bacısı oğlu Anar Süleymanov şəhid Dmitrinin dəfn mərasimində bildirmişdi.

Digər şəhidimiz Denis Aleksandroviç Pronin 1989-cu il mayın 26-da Bakıda anadan olub. O da milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T.Bağırov adına 59 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qalıb.

Azərbaycan Ordusunun əsgəri olan Denis Pronin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Pronin oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Denis Pronin ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Birinci Qarabağ müharibəsində də ölkəmizin rus icmasından da çoxsaylı şəhidlərimiz olmuş, onların bəziləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Milli Qəhrəmanlarımız arasında Sergey Senyuşkinin, İqor Makeyevin, Viktor Seryoginin adlarını çəkə bilərik. Lakin o zamankı səriştəsiz rəhbərlərin, AXC-Müsavat cütlüyünün satqınlığı ucbatından bütün şəhidlərimizin qanı yerdə qalmışdır. Və ancaq Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, polad iradəsi, rəşadətli ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi sayəsində bu gün biz alnıaçıq, öz ərazi bütövlüyünü bərpa etmiş bir xalq kimi yaşayırıq.

Qəhrəmanlıq göstərərək həyatlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda itirmiş bütün əsgər və zabitlərimiz kimi, rus mənşəli azərbaycanlıların şəhidliyi də bizim üçün müqəddəsdir. Bu, iyrənc, yalançı, faşist xislətli erməni ideoloqlarına və onların uydurmalarına inananlara tutarlı cavabdır - Azərbaycan bir çox millətlərin xoşbəxt Vətənidir və bu Vətən bölünməz, şəhidlər ölməzdir! Qarabağ Azərbaycandır!

Emin QASIMOV,

"Respublika".