AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA DİPLOMATİK MÜNASİBƏTLƏRİN YARADILMASININ 30 İLİ TAMAM OLUR
Siyasət

AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA DİPLOMATİK MÜNASİBƏTLƏRİN YARADILMASININ 30 İLİ TAMAM OLUR

Bu münasibətlə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri M.N.Boçarnikov mətbuat konfransı keçirib

Tədbiri giriş sözü ilə açan səfir qeyd etmişdir ki, ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyi çox əlamətdar hadisədir. Tarixən bir-birinə yaxın olan xalqlarımız mehriban qonşuluq münasibətlərinə daim dəyər vermiş, iqtisadi və mədəni əlaqələri genişləndirməyə can atmışlar. Ölkələrimiz Qafqaz və Xəzəryanı regionda sülhün və əmin-amanlığın yaradılması, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsi nöqteyi-nəzərdən ortaq mövqeləri bölüşür. Rusiya və Azərbaycan "3+3" formatında əməkdaşlığın həyata keçirilməsinə böyük önəm verir. Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlardan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması yolunda əsas tərəfdaşdır.

Daha sonra səfir M.N.Boçarnikov media nümayəndələrinin, o cümlədən də "Respublika" qəzetinin suallarını cavablandırıb.

–Cənab səfir, məlum olduğu kimi, aprelin 4-də Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin yaradılmasından 30 il ötür. Necə düşünürsünüz, həmin dövrə nəzər saldıqda əməkdaşlığın hansı istiqamətlərinin daha dinamik inkişaf etdiyini söyləmək mümkündür?

- Bilirsiniz, hər şeydən əvvəl, ötən otuz il ərzində ölkələrimiz arasında məhz siyasi, iqtisadi-ticarət və regionlararası sferada əldə etdiyimiz inkişaf qeyd olunmalıdır. Bu baxımdan kifayət qədər çox nümunə gətirə bilərik. Biz həmişə bu haqda danışmışıq. Dövlət başçılarımızın siyasi təmasları icra hakimiyyətinin bütün digər qollarına da lazımi istiqamət verir. İqtisadi əlaqələrə gəlincə, burada da biz uğurlu inkişafın şahidi oluruq, iqtisadi-ticari əlaqələrimiz daim yüksələn dinamika nümayiş etdirir. Regional münasibətlərimiz də həmçinin. Rusiya Federasiyasının xeyli regionları Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında və inkişaf etdirilməsində maraqlıdır. Humanitar sferada da keçən otuz il ərzində əməkdaşlığın inkişafda olduğunu deməliyik. Eyni zamanda bugünkü günə mövcud olan potensialdan, ehtiyatlardan danışsaq, qeyd etmək yerinə düşərdi ki, humanitar sahədə bunun üçün böyük imkanlar vardır. İlk növbədə koronavirus pandemiyası səbəbindən ölkələrimiz arasında mədəniyyət sferasında təmaslarda müəyyən fasilələr yaranmışdır. Buna yalnız təəssüflənmək olar. Çünki tam əminliklə deyə bilərik ki, təkcə 2019-cu ildə sözügedən sahədə əlaqələr son dərəcə sürətlə inkişaf etmişdi. Rusiyanın çoxlu sayda teatrları, konsert kollektivləri Azərbaycanda çıxış etmiş və rəğbətlə qarşılanmışdır. Bununla yanaşı, Rusiyada Azərbaycanla bağlı müxtəlif yönümlü mədəni tədbirlər keçirilirdi. İndi isə COVID-19 pandemiyası ilə bağlı məlum səbəblər üzündən bütün bunlar donduruldu. Lakin hazırda qarşımızda qeyd etdiyim təmasların, qarşılıqlı səfərlərin bərpası məsələsi dayanır. Ümid edirəm ki, iki dövlət arasında diplomatik əlaqələrin 30 illiyi ilə bağlı Rusiyada artıq elan edilmiş Azərbaycanın mədəniyyət günləri baş tutacaq. Bunu həm də təmasların bərpasında ilk qaranquş adlandıra bilərik.

Eyni zamanda, təhsil sahəsində qarşılıqlı əlaqələrimizin dinamizminin artırılmasına zərurət görürük. Hər il dövlət kvotasına uyğun olaraq, Rusiya Federasiyasının ali məktəblərində təhsil almaq məqsədilə xeyli sayda Azərbaycan tələbələri ölkəmizə yollanır. Ancaq öz təşəbbüsü ilə, fərdi qaydada Rusiyada təhsil alanların sayı daha çoxdur.

Məlum olduğu kimi, Azərbaycanda uğurla fəaliyyət göstərən Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına 1-ci Tibb İnstitutunun filiallarından başqa, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun xətti ilə əlaqələr son dövrdə çox aktivdir. Azərbaycanın tələbat duyduğu başqa istiqamətlər də mövcuddur. Biz təhsil sferasında Azərbaycanla birbaşa təmasdayıq və yaxşı bilirik ki, Azərbaycanın xalq təsərrüfatının tələbatını ödəyən ixtisaslar üzrə gənclərinizin Rusiya Federasiyasının ali məktəblərində təhsil alaraq ixtisaslarını artırması olduqca aktualdır və mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Azərbaycan məktəbləri rus dilinin tədrisində keyfiyyət göstəricilərinin yüksəldilməsində, rus dili müəllimlərinin ixtisas hazırlığının artırılmasında maraqlıdır.

Hesab edirəm ki, qarşılıqlı əməkdaşlıq nöqteyi-nəzərdən irəli çəkilməli olan sferalardan biri də elm sahəsidir. Bunun üçün də böyük potensialın olduğunu qeyd etməliyəm. Eyni zamanda, gənclərin əməkdaşlığı da diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, bu yaxınlarda pandemiyadan sonra ilk dəfə gənclərin təşəbbüsü ilə bağlı forum Qusarda, Şahdağda çox uğurla keçirilmişdir.

–Mixail Nikolayeviç, son dövrdə Azərbaycan bir çox, o cümlədən də informasiya texnologiyaları sahəsində əhəmiyyətli uğurlara nail olmuşdur. Ölkəmiz artıq 10 ilə yaxındır ki, dünya kosmik klubunun üzvüdür, respublikamızda bir çox sahələrdə yüksək texnologiyaların tətbiqini müşahidə edə bilərik. Qeyd edilmiş istiqamətdə ölkələrimizin mütəxəssisləri arasında daha sıx əməkdaşlığın həyata keçirilməsi mümkündürmü?

- Sualınıza görə çox sağ olun, bu olduqca aktual bir məsələdir. Həqiqətən, Azərbaycan tərəfi müxtəlif sferalarda qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üçün çox əlverişli mühit yaratmışdır. Burada, siz qeyd etdiyiniz kimi, informasiya texnologiyalarının inkişaf etdirilməsinə xüsusi önəm verilir. "Azpromo" tərəfindən Azərbaycan iqtisadiyyatının səkkiz prioritet istiqaməti müəyyənləşdirilmişdir ki, onlardan biri də məhz rəqəmsal iqtisadiyyatın formalaşdırılması, rəqəmsal texnologiyaların inkişaf etdirilməsidir. Bu gözəl fürsətdən Rusiyanın şirkətləri yararlanmağa hazırdır. Biz sözügedən istiqamətdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivliyini aydın görürük. Bildiyiniz kimi, 2020-ci ildə ölkələrimiz arasında rəqəmsal iqtisadiyyatın innovativ inkişafı ilə bağlı Yol Xəritəsi imzalanmışdır. Burada informasiya texnologiyalarının və rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ilə əlaqədar ekspert-işçi qrupunun yaradılması nəzərdə tutulmuşdur. Biz innovativ elmi-texniki mərkəzin və birgə fyuçers fondunun yaradılması imkanlarını nəzərdən keçirmişik. Bütün bunlar haqqında danışdığımız istiqamətdə imzalanmış sənədlərdə öz əksini tapmışdır.

İnformasiya texnologiyaları sahəsində Rusiyada işlənib hazırlanan məhsullar və yeniliklər Azərbaycan bazarı üçün məlumdur, həmin məhsullara sizin bazarınızda tələbat kifayət qədər böyükdür. Bizim mütəxəssislər azərbaycanlı həmkarlarına bir çox şeylər təklif edə bilər. Və bunların sırasında neft və qazın hasili üçün informasiya texnologiyaları həlləri, analitik platformalar, texnoloji proseslərin idarə olunması və nəzarəti sistemləri də yer alır. Həmçinin, səhiyyə sahəsində intellektual sistemləri, rəqəmsal platformaları, şəhər sistemlərinin idarə olunması platformalarını da qeyd etmək yerinə düşərdi. Bu istiqamətdə ən son təmaslara gəlincə isə, mən Moskva və Bakı arasında şəhər sistemlərinin rəqəmsal idarə olunması sistemləri ilə bağlı əməkdaşlığı qeyd edərdim. Məlum olduğu kimi, Moskva bu sahədə böyük nailiyyətlər əldə etmişdir. Təsadüfi deyil ki, Azərbaycan tərəfi Rusiyanın topladığı təcrübənin öyrənilməsində çox maraqlıdır.

Daha bir məsələ üzərində dayanmaq istərdim. Bu, elmi-texnoloji əməkdaşlıqdır. Burada Rusiyanın və Azərbaycanın alimləri arasında əlaqələrdə kifayət qədər aktivlik müşahidə olunur. Ölkələrimizin alimlərini elm və yüksək texnologiyalar sahəsində maraqlandıran məsələlər və mövzular müəyyən edilib. O cümlədən, tərəfimizdən "Rosatom" və "Roskosmos" dövlət korporasiyaları bu işdə aktiv fəaliyyət göstərir. Yəni üzərində çalışdığımız məsələlər həm Azərbaycan, həm də Rusiya üçün ümumdövlət əhəmiyyəti kəsb edir.

Hazırladı:

Emin QASIMOV,

"Respublika".