Azərbaycan və Qətər Xarici İşlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib
Digər xəbərlər

Azərbaycan və Qətər Xarici İşlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib

Oktyabrın 12-13-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev Qətərə işgüzar səfər edib. Səfər ərzində Azərbaycan Respublikası və Qətər Dövlətinin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin üçüncü raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Qətər tərəfini xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Mureyxi təmsil edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

Səfər çərçivəsində F.Rzayev Qətərin "Əl-Cəzirə" telekanalını ziyarət edib.

F.Rzayev, həmçinin Qətərin "Həməd Bin Xəlifə" və "Georgetown" universitetlərində tələbə və müəllim heyəti ilə görüşlər keçirib.

AZƏRTAC