Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq memorandumu imzalanıb
SİYASƏT

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq memorandumu imzalanıb

Dekabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) sədri Satıbaldı Dauletalinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın, görkəmli ictimai xadim Əziz Əliyevin və Əməkdar elm xadimi, professor Tamerlan Əliyevin də xatirələri ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər qoyulub.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər düzülüb, "Əbədi məşəl" abidəsi ziyarət edilib.

Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra AHİK-də keçirilən görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən, həmçinin iki qurum arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri sosial, siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf edir. Bu əlaqələrin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin və Qazaxıstanın birinci Prezidenti - elbası Nursultan Nazarbayevin xidmətlərini xatırladan S.Möhbalıyev vurğulayıb ki, qardaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək haqq işini müdafiə edib.

Vətən müharibəsində Azərbaycanın misilsiz Qələbəsindən bəhs edən S.Möhbalıyev bu gün Şərqi Zəngəzurda və Qarabağda sürətli abadlıq-quruculuq işlərinin aparıldığını deyib.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki, ölkəmizdə ən böyük ictimai təşkilat olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

Əlavə edilib ki, bu gün həmkarlar ittifaqları Azərbaycanda əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü iş aparır.

Səmimi qəbula görə təşəkkür edən QHİF sədri Satıbaldı Dauletalin Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan və Qazaxıstanın həmkarlar ittifaqları arasında münasibətlərin davamlı şəkildə inkişaf etdiyini, qarşılıqlı səfərlər təşkil olunduğunu, təcrübə və fikir mübadilələrinin aparıldığını deyib. Bildirilib ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.

Sonra iki qurum arasında əməkdaşlığın və əlaqələrin daha da gücləndirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC