Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanda rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov və Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov arasında ikitərəfli görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Respublika"ya bildirilib ki, görüşdə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı rəsmi səfərlər zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı qarşıya qoyduqları tapşırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Hər iki ölkə bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir.
Görüşdə Azərbaycanla Özbəkistan arasında hazırlanan Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ətraflı müzakirə olunub. Tərəflər əsas əməkdaşlıq istiqamətlərinin Yol Xəritəsi üzrə müəyyənləşdirilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.
Azərbaycanla Özbəkistan arasında kənd təsərrüfatının ipəkçilik, fındıqçılıq, şərabçılıq, kənd təsərrüfatı maşınqayırması və digər sahələrdə ən qısa zamanda konkret addımların atılması ilə bağlı razılıq əldə olunub.
Eyni zamanda, görüşdə sentyabrın 26-da Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci toplantısı və “Aqrobiznes forumu” tədbiri ilə bağlı məsələlər də müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.